Gəncəli vunderkindlərin sirri: Bütün sinif necə qəbul olunub?

 Gəncəli vunderkindlərin sirri:  Bütün sinif necə qəbul olunub?
  13 Sentyabr 2021    Oxunub:1973
Xəbər vediyimiz kimi, Gəncə şəhəri İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin 11a sinfinin bütün şagirdləri 100% göstərici ilə ali məktəblərə qəbul olunublar. 31 şagirddən 7 nəfəri 600-dən yuxarı, 6 nəfər isə 500 baldan yuxarı bal toplayıb.
Məktəbin direktoru Kəmalə İsgəndərova Azvision.az -a açıqlamasında bildirib ki, həmin şagirdlər 5-ci sinifdən etibarən xüsusi istedadlı uşaqlardan təşkil olunmuş lisey siniflərdə tədris alıblar:

“Bu siniflər respublikanın 8 regionunda yaradılıb. Gəncə şəhəri üzrə şagirdlər 4-cü sinifdən 5-ci sinifə keçərkən imtahan veriblər və xüsusi istedadı ilə seçilənlər bir sinifdə komplektləşdirilib. 2017-ci ildən etibarən ardıcıl olaraq həmin siniflərimizin məzunları 100 faizlik nəticə ilə ali məktəbə qəbul olunurlar. Xüsusi siniflərdə tədris planı da adi siniflərdən fərqlənib. Onlarda keçirilən dərs saatlarının miqdarı digər siniflərdən çox olub, hətta əlavə dərs kimi məntiq, nitq mədəniyyəti keçilib".

Təmayül sinfin məzunlarından 1 nəfər Seyidli Azər Mehman oğlu "Gümüş nişan" ilə təltif olunub, 11 nəfər isə tam orta təhsil haqqında "Fərqlənmə attestatı"na layiq görülüb. Buraxılış imtahanında Gəncə şəhəri üzrə ən yüksək nəticəni - 294 balı da həmin sinfin şagirdi göstərib. II ixtsas qrupuna qəbulda 674 balla ən yüksək nəticə göstərən və ilk onluqda olan şagird İsmayıl Əsədov da bu sinfdə təhsil alıb.

Direktor məktəbin göstəricilərinin yüksək olduğunu və bu il 74 məzundan 25-nin "Fərqlənmə attestatı" ilə məktəbi bitirdiyini qeyd edib:

“Onların içərisində 18 nəfər 600-dən yuxarı, 13 nəfər isə 500-dən yuxarı bal toplayıb. 74 məzumuzdan 64-ü Azərbaycan ali məktəblərə qəbul olunub, 3 nəfər isə FLEX proqramı ilə hazırda ABŞ-da ali təhsil alır. Bunların da 2-si Azərbaycanda ali məktəbə qəbul olmuşdu, lakin sonradan təhsillərini dondurub ABŞ-a getdilər.

Məktəbimizin bir şagirdi Rəsul Əliyev “Sabahın alimləri” müsabiqəsində iştirak edib, xüsusi mükafata layiq görülüb. Oun hazırladığı “Polad Həşimov” adlı kəşfiyyat robotu Müdafiə Sənayesi Nazirliyindədir və istifadə ediləcək. Rəsul Türkiyədə imtahan verərərk OSTİM Texniki Universitetinin “Mühəndislik” fakültəsinə qəbul olub və hazırda orada oxuyur”.



Aytən Zəhra
Azvision.az





Teqlər: Gəncə   Məktəb  





Xəbər lenti