Ballı yarmarkadan FOTO+VİDEO REPORTAJ

 Ballı yarmarkadan  FOTO+VİDEO REPORTAJ
  20 Oktyabr 2021    Oxunub :1278
Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada 40 iqtisadi rayondan 250 arıçı 120 ton məhsul satışa çıxarıb.
Yarmarkada satılan arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb.



Kənd Təsərrüfatı Naziriyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyir ki, vətəndaşlar yarmarkadan ürək rahatlığı ilə keyfiyyətli bal ala bilər:
“Arıçıların məhsulları 10 gün əvvəl Bakıya gətirilərək xüsusi anbarlara yığılıb və laborator analizlər götürülüb. Bu gün yarmarkaya ən keyfiyyətli məhsullar çıxarılıb. Balın qiymətini isə sahibkarlar müəyyən edir".



- Kənd Təsərrüfatı Nazirliyi yalnız yarmarkanın təşkili və burada sahibkarın iştirakına şərait yaratmaqla məşğuldur. Biz qiymət təyin etmirik. Sahibkarlar gətirdikləri balın keyfiyyətinə görə qiymət müəyyən edir və satış həyata keçirir. Hazırda yarmarkada satışa çıxarılan balın qiyməti 15 manatdan 50 manata qədərdir. Təbii ki bu qiymət balın keyfiyyətinə görədir. Hər balın öz qiyməti var. Dağ balı, may balı, çəmən balı, meşə balı və sair. Yarmarkaya 100-dən artıq çeşiddə bal çıxarılıb. Sahibkar çeşidə görə qiymət müəyyənləşdirir və alıcı da seçim edir".



Yarmarkada ölkənin 4 bir yanından arıçı iştirak edir. Burada alıcılar Quba, Qusar, Xaçmaz, İsmayıllı, Zaqatala, Şamaxı, Ağsu, Astara, Biləsuvar və digər bölgələrin ballarını ala bilərlər. Hər bir alıcıya ballarını daddızdıran satıcılar məhsullarının keyfiyyətli olmasını sidqi ürəkdən dilə gətirirlər. “əvvəlcə dadına bax, sonra müsahibə verərik”. Bunu demək olar ki, danışdırmağa çalışdığımız hər bir arıçıdan eşidirdik.



Əvvəlki illərdən fərqli olaraq bu il yarmarkada Kəlbəcər balı da satılır. Sahibkar Sabir Mustafayev satışa 200 kiloqram məhsul çıxarıb:
“Kəlbəcərdən 2 ton bal topladıq. Yarmarkaya hazırda 200 kiloqram Kəlbəcər yaylaq balı, 200 kiloqram isə Ağsu-İsmayıllı balı çıxarmışıq. Kəlbəcər balının 1 kiloqramını 30-40 manata, Ağsu-İsmayıllı balını isə 20-30 manata satırıq. Kəlbəcərdən gətirdiyimiz çərçivə balı 40 manat, süzmə bal isə 30 manatdır".


S. Mustafayev deyib ki, bu il əldə etdiyi balın 20 faizini şəhid ailələrinə pulsuz verib.
Hər il bal yarmarkasına gələn İntizar Tağıyeva satılan məhsulların keyfiyyətindən razıdır. O, şabalıd balı almaq niyyətindədir.



Bal yarmarkası yerli vətəndaşlarla yanaşı, ölkəmizdə olan əcnəbilərin də diqqətindən yayınmayıb. Yaponiyadan olan Atsuko Matsumoto da təbii və keyfiyyətli bal axtarışındadır. Hələki yarmarkadakı məhsulları dadan qonaq bəyəndiyi balı ölkəsinə ixrac edəcək.
Qeyd edək ki, bal yarmarkası noyabrın 7-ə qədər davam edəcək. Vətəndaşlar hər gün saat 09:00-dan axşam 7-yə qədək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.













Aytən Zəhra
Foto: Anar Bayramlı
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.11 Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Qalereya


Teqlər: Bal   Yarmarka  







Xəbər lenti