30 il əvvəlin Şuşa şəhidi: Hamilə xanımını tək qoyub getmişdi... - FOTOLAR+ VİDEO

  30 il əvvəlin Şuşa şəhidi:  Hamilə xanımını tək qoyub getmişdi... -  FOTOLAR+ VİDEO
  07 Noyabr 2021    Oxunub:8401
Ötən ilin bu günləri Şuşa uğrunda qızğın döyüşlər gedirdi. Xalqımız böyük həyəcan içində Prezidentin qələbə xəbərini elan etməsini gözləyirdi. Bu il isə Zəfər bayramına hazırlaşırıq, Şuşanın azadlığını qeyd edəcəyik.
Belə bir gündə Birinci Qarabağ Müharibəsində Şuşa uğrunda döyüşən və şəhərin işğalı günü şəhid olan Vaqif Mehbalıyev haqda danışacağıq.

Mehbalıyev Vaqif Nasir oğlu 1960-cı ildə Bakıda anadan olub. 162 saylı məktəbi bitirib. Heydər Əliyev Adına Dərin Özüllər zavodunda qaynaqçı işləyib. 1991-ci il iyunun 16-da ailə qurub. Elə həmin ilin noyabr ayında cəbhəyə gedib. Daşaltı, Kərkicahan və Şuşa şəhərində gedən qanlı döyüşlərdə iştirak edib. 1992-ci il mayın 8-də Şuşada şəhid olub. Nəşi Bakıya gətirilərək, mayın 10-da Şəhidlər Xiyabanında torpağa tapşırılıb.



Həmsöhbətlərimiz şəhidin xanımı Dürdanə Mehbalıyeva və atasının adını daşıyan oğlu Vaqif Mehbalıyevdir.

- Yoldaşım Bakıda doğulub, böyüyüb. Uşaqlığı burada keçib. Məni isə Masallıdan gəlin gətiriblər. Biz bir il evli olmuşuq, ancaq bu müddətdə xoşbəxt yaşamışıq. Sanki uzun illərin ailəsi idik. O, həyatda olmasa da, həmişə mənim ürəyimdədir.

Vaqif hədsiz vətənpərvər oğlan idi. 20 Yanvar qırğını günü evə gəlmədi, çöllərdə insanlarla birgə idi. Xocalı faciəsi günü isə başını bir gün qaldırmadı, bütün gecəni ağladı. Deyirdim, niyə ağlayırsan, axı sən heç o yerləri tanımırsan, orada olmamısan. Cavab verirdi ki, Xocalıda hamı qırılıb, faciənin qurbanlarının kim olmasından asılı olmayaraq onun həmvətənləridir.

1991-ci ilin noyabr ayında çağırışla cəbhəyə getdi. O zaman hamilə idim. Dedim, məni qoyub getmə, təkəm, yaxın vaxtlarda uşağımız olacaq. Mənə cavabında dedi, bəs Vətən necə olsun? Nə qədər desək də yolundan dönmədi.



Oğlumuz doğulanda özü xəstəxanaya gəlib bizi evə apardı. Yerbəyer edəndən sonra vidalaşıb yenidən cəbhəyə yollandı. Vaqifi sonuncu dəfə aprelin 13-də gördüm. Məni tək qoyub getdiyi üçün küsmüşdüm, onu danışdırmadım...

Ölümündən bir həftə öncə Laçından zəng edib dedi ki, Şuşaya yollanırlar. Mayın 8-i televiziyadan Şuşanın işğal olunduğunu eşitdim. Həmin günü səhərə kimi yatmadım. Vaqifin taleyinin necə olduğunu bilmirdim. Səhəri günü onun meyitini evimizə gətirdilər. Yer ayağımın altından qaçdı. Təsəvvür edin, sən evdə narahat oturmusan və qəfildən həyat yoldaşının özü ilə deyil, tabuta qoyulmuş meyiti ilə qarşılaşırsan. Həmin gün dünya başıma uçdu... Huşumu itirib, yıxıldım. O vaxtdan mənim onurğam zədələndi, indiyə qədər də müalicə alıram. Neçə illər sürünə-sürünə yaşadım, ömrümün yarısı xəstəxanalarda keçdi. Biz yoldaşımı mayın 10-u Şəhidlər Xiyabanında dəfn etdik.



Şəhidin oğlu - Atam sonuncu dəfə evə Daşaltı əməliyyatından sonra gəlibmiş. Evdə danışırmış ki, o əməliyyata girənlərdən biri də sağ çıxmayıb. Tankçı idi, Albertin dəstəsində döyüşürdü. Şuşada güllələri bitib. Bu zaman atam üstündə gəzdirdiyi iri əl bıçağını götürüb dumanlı havada ermənilərlə əlbəyaxa döyüşüb... Qolundan, ayağından, sonda isə başından vurulub.

İndi o günləri yada salmaq, danışmaq şəhid xanımına çox ağırdır. O, Vaqifdən sonra çox əziyyət çəkib. Həyatda övladından və Allahdan başqa heç kimi olmayıb.

Şuşaya gedəndə maaşını almışdı. Qol saatını və maaşını Nazim adlı döyüş yoldaşına verib və deyib ki, bunları həyat yoldaşıma çatdırarsan. Onu mənə gətirib verdilər, o pulu uzun müddət saxladım. Heç kim Vaqifi yolundan döndərə bilmədi. "Vətən" deyib getdi.



Şəhid xanımı işğal olunmuş rayonlarımızın bir gün geri alınacağına heç vaxt ümidini üzmədiyini deyir.

- İçimdə o hisslər var idi ki, Vaqifimin uğrunda canından keçdiyi Şuşa yenə bizim olacaq. Prezident Şuşanın işğaldan azad edildiyini elan edəndə hönkürtü ilə ağladım. Dedim, İlahi, bu gününüə şükür! Vaqifin qanı yerdə qalmadı. Şuşanın azadlığı mənim ailəmin yarasına məlhəm oldu

Şəhidin oğlu - Mən bu həyatda atanın nə olduğunu bilməmişəm. Ancaq xəyallarda hiss etmişəm ki, belə bir şey var. Atanı hiss etməyəndə o həyat adama çox çətin olur. Demək olar ki, məzarlıqda böyümüşəm. Hər gün amala gəlib onun məzarını ziyarət edirdik. Noyabrın 8-i də bura gəldim. Atama söz verdim ki, Şuşaya gedəcəm və oradan bir ovuc torpağı gətirib onun məzarına səpəcəyəm. Qoy 30 ildən sonra ruhu rahatlıq tapsın.











Şahanə Rəhimli
FOTO: Anar Bayramlı
VİDEO: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov



Teqlər:





Xəbər lenti