Ev dustağı olan məşhur FTX generalı ilə İrəvanı nə bağlayır? |
Məqalədə qeyd edilir ki, artıq insanlar supermarketlərdə alış-veriş etməkdən də çəkinirlər.
- Qiymət etiketlərinə baxıram, qanımda şəkər qalxır. Maaşlar, pensiyalar əvvəlki kimi qalıb, amma ərzaq qiymətləri o qədər qalxıb ki, az qalırsan ac qalasan. Satış üçün xəmir məhsulları bişirirəm və bu səbəbdən də tez-tez şəkər tozu alıram. Bu məhsul isə bir həftə ərzində 50 dram bahalaşıb,- Sona adlı erməni alıcı qiymətlərlə bağlı reportaj hazırlayan jurnalistə deyib.
O həmçinin gileylənərək qeyd eidb ki, pulu olsaydı şəkər tozunu kiloqramla deyil, torbalarda alardı ki, qiymətlər növbəti dəfə qalxanda büdcəsinə az zərər dəysin.
Digər müştəri Lusine də gileylənib. O deyib ki, bu günlərdə bitki yağı və makaron ehtiyatı yığıb. Lakin şəkər tozunu belə çoxlu çəkidə almağa hazırlaşmır. Çünki bu məhsuldan sadəcə çay içəndə istifadə edirlər.
- Əvvəllər bir aylıq ərzaq üçün 20 min dram bəs edirdi. Bu gün bu pulla bir həftəni çətinliklə idarə edə bilərsən. Hər şey o qədər bahalaşıb... Deyəsən, artıq çayı şəkərsiz, qəndsiz içməli olacağıq, - Lusine deyib.
Erməni ekspertlər isə əhalinin narazılığını təbii sayıblar. “Hayatsk” Analitik Mərkəzinin eksperti, iqtisadçı Liliya Əmirxanyan məsələni şərh edərkən deyib ki, zəruri malların bahalaşması proqnozlaşdırılan hal idi. İlk növbədə bu, Rusiya-Ukrayna münaqişəsi ilə bağlıdır.
- Məsələ burasındadır ki, ticarətimizin böyük hissəsi Rusiya ilə qurulur. Məsələn, şəkər əsasən Rusiya Federasiyasından idxal olunur. Bu baxımdan, Əmirxanyanın fikrincə, inflyasiya qaçılmaz idi.
O, "Ölkəmizdə də dolların məzənnəsi yüksəlir, ona görə də istehlak bazarında baş verənlər proqnozlaşdırıla bilən idi. Bundan başqa, ötən ildən şəkər bazarında qiymət artımı müşahidə olunur. 2022-ci ilin fevral ayında keçən ilin analoji dövrü ilə müqayisədə şəkər məhsullarının qiymətində 18% bahalaşma olub” deyib. Onun sözlərinə görə, Ermənistanın mal idxal etdiyi bazarlarda qiymət artımı riski kifayət qədər yüksəkdir. Lakin Əmirxanyan bunun fonunda ədalətsiz rəqabət təzahürlərinin baş verə biləcəyini də istisna etmir. Məsələ burasındadır ki, Ermənistanda hələ də “ucuz” vaxtı alınmış şəkərin müəyyən ehtiyatları var və bu halda iqtisadi rəqabət komissiyası operativ şəkildə araşdırmalı və qiymət artımının hazırda əsaslı olub-olmadığını öyrənməlidir.
İqtisadçı xəbərdarlıq edir ki, Rusiyanın ərzaq təhlükəsizliyini əsas götürərək vacib mallara kvota tətbiq etməsi mümkündür. Müvafiq olaraq, bazar tənzimləyiciləri mümkün qədər cəlb edilməlidir.
Yeni idxal mənbələrinin axtarışına gəlincə, Əmirxanyan qeyd edir ki, bazarın şaxələndirilməsi məsələsi çox mühümdür və hazırda aktuallıqdan da artıqdır, - məqalədə yazılıb.
Xatırladaq ki, bir müddət öncə Ermənistanda bitki yağı bazarında qiymətlərin və tələbatın kəskin artması ilə bağlı da məlumat yayılmışdı. Qeyd edilirdi ki, son 10 gündə Ermənistanda bitki yağı 10% bahalaşıb.
Tural Tağıyev
AzVision.az