"Mandela effekti": Kütləvi “feyk xatirələr” necə yaranır?

// Minlərlə insan eyni vaxtda yanıla bilərmi?! Bəli!

    "Mandela effekti":    Kütləvi “feyk xatirələr” necə yaranır?
  26 Aprel 2022    Oxunub:10544
Son onilliklərdə məlumatın təhrif olunmuş qavrayışı ilə bağlı bir çox fenomenlər ortaya çıxıb. Onlardan biri də “Mandela effekti”dir. Mandela effekti - çox sayda insanın həqiqətdə baş verməyən hər hansı hadisənin baş verdiyinə inanmasıdır.
Bu termini 2009-cu ildə tədqiqatçı Fiona Brum irəli sürüb. O, iştirak etdiyi bir konfransda müxtəlif insanlarla ünsiyyətdə olub. Söhbətlərdən birində aparteid rejiminin həbsdə saxladığı cənubi afrikalı insan haqları müdafiəçisi Nelson Mandela haqqında danışıblar. 27 illik həbsdən sonra azadlığa çıxan Mandela Cənubi Afrikanın prezidenti olmuşdu. Lakin qəribədir ki, həm Brumun özü, həm də həmsöhbətləri Mandelanın 1980-ci illərdə həbsxanada öldüyünə əmin idilər. Hətta çoxlarına elə gəlirdi ki, onun həyat yoldaşının dəfn mərasimindəki çıxışını xəbərlərdə görüblər. Əslində isə Nelson Mandela 2013-cü ildə ailə üzvlərinin əhatəsində həyatdan köçüb.


“Mandela effekti”nə bir çox başqa nümunələr də var. Məsələn, 1999-cu il dekabrın 31-də Rusiya prezidenti Boris Yeltsin xalqa Yeni İl müraciətində vəzifəsindən getdiyini, Vladimir Putini prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin etdiyini bildirib. Çoxlarına elə gəlir ki, onun son sözləri “mən yoruldum, gedirəm” ifadəsi olub. Amma bu doğru deyil. Əslində o, belə demişdi: “Mən gedirəm. Əlimdən gələn hər şeyi etdim ”.
Veneranın elçiləri: Kosmik qonşumuza 3 missiya hazırlanır

Məşhur “Monopoliya” oyun seriyasının üz qabığını xatırlayın. Orada sanki sovet karikaturaçısının çəkdiyi bığlı, əsalı, başında silindr olan kapitalist təsviri var. O, monokl taxıbmı? *
(Yaddaşınızı sınayandan sonra doğru cavab üçün materialın sonuna baxın)

“Mandela effekti” niyə yaranır?

Kollektiv “feyk xatirələr”in necə meydana gəlməsini izah edən çoxlu nəzəriyyə var.

• Paralel dünyalar?!

Fenomenin ən qeyri-adi izahatlarından biri qarşılıqlı əlaqədə olan çoxlu paralel dünyanın varlığı fərziyyəsindən irəli gəlir. Fərziyyə çərçivəsində ehtimal olunur ki, insanlar hipotetik olaraq bir reallıqdan digərinə keçə bilərlər. Bu zaman onlar müxtəlif dünyalardan qalan xatirələrini saxlayırlar.


Məsələn, A12 saylı dünyada Nelson Mandela 1980-ci illərdə həbsxanada, B34 dünyasında isə 2013-cü ildə evində ölüb. Eyni zamanda həm A12-də yaşayan, həm də indi B34-də olan insanlar A12-də baş verən versiyaya sadiq qalacaqlar. Bu səbəbdən onların B34-də yalan sayılan xatirələri olacaq.

Bu versiya elmi fantastikaya daha çox bənzəyir. Həqiqətən də, hələ ki elm adamları çox sayda dünyaların varlığına dair dəlil tapmayıblar.

• Yaddaşdakı boşluqlar

Harvard Universitetinin professoru, psixoloq Daniel Şakter vurğulayır ki, xatirələr emosional reaksiyaların, vizual və eşitmə qavrayışının psixoloji kombinasiyasıdır. Onlar yalnız baş verənlərə münasibətimizi əks etdirir, yaşananları etibarlı şəkildə qeydə ala bilmirlər. Beynin hadisə ilə bağlı bütün məlumatlara malik olmaması səbəbindən yaddaşlarda “boz ləkə”lər əmələ gəldikdə o, assosiasiyalara və mövcud təcrübəyə əsaslanaraq, müstəqil şəkildə çatışmayan fraqmentlər uydurur. Bu proses konfabulyasiya adlanır. İnsanlar qeyri-müəyyənliyi sevmirlər, çünki o, qorxu və stress yaradır.

• İnformasiya xaosu

“Mandela effekti” kompüter və internetin gündəlik həyatın bir hissəsinə çevrildiyi rəqəmsal əsrdə məşhurlaşıb. İnformasiyanın yayılması xeyli asanlaşıb ki, bu da müxtəlif saxta məlumatların populyarlığını artırıb. Alimlər “Twitter”də 100 min xəbərin altındakı müzakirələri təhlil edərək, belə nəticəyə gəliblər: feyklər və şayiələr həqiqəti 70% üstələyir. Bu cür informasiya xaosu “Mandela effekti”nin güclənməsinə kömək edə bilər.

“Mandela effekti”nə qarşı nə etməli

Özündəki yalançı yaddaşı tanımaq son dərəcə çətindir. Bunun üzə çıxmasını yalnız faktdan sonra öyrənmək mümkün olacaq. Özünüzü onun baş verməsindən qorumağın yeganə mümkün yolu istənilən faktı, xüsusən də şübhəli görünənləri həmişə iki dəfə yoxlamaq və tənqidi düşünmək, daxil olan məlumatlara və inanclarınıza şübhəylə yanaşmaqdır.


Xatirələrinizin həqiqi olub-olmadığını başqa bir insanın köməyi ilə yoxlamaq qərarına gəlsəniz, sualı necə qoyduğunuza diqqət yetirin. İnsanlar onlara deyilənləri çox vaxt tərəddüdsüz qəbul etməyə meyllidirlər, ona görə də “Mandelanın həbsxanada öldüyü doğrudurmu?” soruşsanız, müsbət cavab eşitmək şansınız yüksəkdir. Həmsöhbətin daha düşüncəli cavab verməsini təmin etmək üçün yaxşı olar ki, açıq sual verəsiniz: "Mandela necə öldü?"

Bəs sizcə Azərbaycanda “Mandela effektinə” – kütləvi yaddaşın yanılmasına nəyi misal gətirmək olar?! Fikirləriniz maraqlıdır.

* Əgər suala “bəli” cavabını verdinizsə, o zaman “Mandela effekti”nə düşmüsünüz. Əslində, adı “cənab Monopoliya” olan maskot əla görmə qabiliyyətinə malikdir.

Nadir Quliyev
AzVision.az


Teqlər:   Psixologiya   Mandela-Effekti   Elm  





Xəbər lenti