`Nəsimi`nin KADRARXASI: `Heydər Əliyevin qorxusundan məmurlar gəlib deyirdi ki...`

`Nəsimi`nin KADRARXASI: `Heydər Əliyevin qorxusundan məmurlar gəlib deyirdi ki...`
  02 May 2014    Oxunub:20512
AzVision.az-ın “KADRARXASI” rubrikasında filimlərimizin necə çəkildiyindən danışırıq. Həmin səhnələrə çəkilərkən aktyorların başına gələn kadrarxası hadisələr, qarşılaşdıqları çətinliklər, qəzalar, xatirələr, onların yaranma tarixçəsi barədə söz açacağıq.

Rubrikamızın növbəti filmi “Nəsimi ”dir.

Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunub. "Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmidir.

Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilib. Kinematoqrafçılar da Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə "Nəsimi" bədii filmini çəkiblər. Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət ediblər. Film İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilib.

Kinolentə tarixi mövzuda ən yaxşı filmə görə mükafat verilib. Ən Yaxşı Kişi Rolunun İfasına görə aktyor Rasim Balayev də mükafata layiq görülüb.

Filmin ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissor Həsən Seyidbəylidir. Musiqilərin müəllifi bəstəkar Tofiq Quliyevdir. Rollarda Rasim Balayev, Xalidə Quliyeva, Kamal Xudaverdiyev, Tofiq Mirzəyev, Almaz Əsgərova, Səməndər Rzayev, Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev, Muxtar Manıyev, Tarıyel Qasımov, Əbdül Mahmudov və b. çəkiliblər.

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.




“Nəsimi” obrazını yaradan Rasim Balayev filmin kadrarxası məqamları barədə danışır:

- Bu filmə çəkiləcəyim heç ağlıma da gəlməzdi, belə bir şeyi düşünməzdim. O zaman çox gənc idim. 25-26 yaşım olardı. “Nəsimi” roluna məni ilk təklif edən rejissor Həsən Seyidbəyli olub. Həsən müəllim məni televiziyada şer deyəndə görüb, xoşuna gəlmişəm, bu obrazda məhz məni görüb. Ona görə də sınaqdan keçirmək üçün yanına dəvət etdi. Haradasa bir ay onun kabinetində filmin əsas epizodlarını məşq etdik. Məhz bu məşqlərdən sonra o, qəti qərara gəldi ki, “Nəsimi”yə məni çəkəcək.

Amma həmin vaxtlar mənim xəbərim olmasa da, sonradan öyrəndim ki, rejissorun bu təklifinə etiraz edənlərdən biri Fərhad Xəlilovun atası Qurban Xəlilov olub. O zaman o, Nəsiminin yubleyinin keçirilməsi ilə bağlı yaradılmış dövlət yubiley komissiyasının sədri Heydər Əliyevin müavini idi. Biləndə ki, Həsən müəllim filmə yeni, təcrübəsi olmayan cavan kadrı çəkmək istəyir, çox hirslənib. Deyib ki, indi elə bir məqamdır ki, risk etmək olmaz. Tanınmış aktyorlardan birini çəkmək lazımdır.

Ancaq Həsən müəllim çox israr, xahiş edir ki, icazə versin məni bu rola çəkməyə. Bildirir ki, məndən başqa Nəsimi rolunu oynayacaq aktyor görmür. Bu xahişin qarşılığında da Qurban Xəlilov “məsuliyyət o zaman sənin boyunda qalcaq” deyib, narazı şəkildə icazə verir. Amma film uğurlu alınandan sonra Qurban müəllim tədbirlərin birində hətta buna görə məndən üzr də istədi ki, `oğlum, mən sənin bu rola çəkilməyinə qəti şəkildə etiraz edirdim. Qorxurdum ki, gəncsən, birdən bacarmazsan`.

Hətta filmi, obrazımı Heydər Əliyev də çox bəyənmişdi.

İsa Hüseynovun peşəkarlığını, işə çox can yandırmasını həmin filmdə gördüm. Çəkiliş qrupu ilə bir yerdə hər gün avtobusa minib çəkilişə gəlirdi. Məsləhətlər verirdi. Hərdən rejissor zarafatla deyirdi: “A kişi, yazmısan, qoy çəkək də”.

Nəiminin ölüm səhnəsində İsa Hüseynov məsləhət gördü ki, “Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır” qəzəlini desəm, çox gözəl alınacaq. Rejissor bunu bəyənmədi, amma sonda razılığa gəldilər.

Filmin məsləhətçisi Əli Fəhmi misraları bizə izah edirdi ki, obrazın xarakterini, səhnələrdəki şeir parçalarının deyilmə tərzini tam mənimsəyək.

Ey müsəlmanlar, mədəd, ol, yari-pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.


Çətin idi, çünki havalar çox isti keçirdi. Həmçinin təcrübəsiz idim, kinoda ilk işim idi. Çalışırdım ki, geridə qalmayım. Ətrafımda çox yaxşı, təcrübəli aktyorlar var idi. Bir sözlə, məsuliyyətli iş idi. O zamanlar camaat da kinoda işləyənlərə çox hörmət-izzətlə yanaşırdı. Hər kəs kömək etmək istəyirdi. Biz həddindən çox işləyirdik. Amma heç kim də şikayət etmirdi. Yəni dediyim odur ki, xüsusi bir məhəbbət var idi, çox həvəslə işləyirdik. Çəkilişə baxmağa gələnlərin birinin əlində qarpız , birinin əlində yemiş, qatıq olurdı. Heç yadımdan çıxmaz, əllərim iplə bağlı idi. Susadım, ikinci rejissora dedim ki, `mənə su gətir`. Bəlkə də 20 adam öz köməyin göstərmək istədi. Gözlərim doldu ki, gör insanlar necə hörmət göstərir.

Nəsiminin dərisinin soyulması səhnəsi çəkilən zaman İsa Hüseynov dedi ki, bəlkə əlinə ağrı verəsən, mıxla sıxasan. Mən də sıxdım, əlim deşildi, parçalandı. Amma bu, mənə kömək etmədi. Çünki həm ağrıyasan, həm də dözəsən - bu iki psixoloji amili canlandırmaq asan deyildi.



Harada isti yer var, orada biz işləyirdik. Çəkilişlər Qobustanda , Naxçıvanda, Hələbdə, Xivədə aparılıb. Filmdə heç bir dekorasiyadan istifadə edilməyib. Hamısı tarixi yerlərin fonunda çəkilib. Mənim üçün ölüm-dirim məsələsi idi. Ya onu yaxşı oynamalı, ya da ki, bu sənətdə olmamalı idim”.

Üzünü məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!


Filmdə Fəzlullah Nəiminin qızı Fatma rolunda oynayan aktrisa Xalidə Quliyeva da çox maraqlı məqamları bizimlə bölüşdü:

- Həsən müəllimlə ilk dəfə Kino İttifaqında görüşdüm. O zaman ittifaqın sədri idi. Əvəllər onu heç görməmişdim, tanışlığım da yox idi. İnstitutun ikinci kursunda oxuyurdum, 20 yaşım var idi. Kabinetə girdim, orta boylu, gülərüzlü bir adam məni elə səmimiyyətlə qarşıladı ki, elə bil, onun doğmasıydım. O zamanlar qaraqabaq, çox utancaq birisi idim. Dedi ki, “Xalidə, mən Nəsimi haqqında film çəkirəm. İstəyirəm səni də çəkəm. Əvvəlcə sən apar ssenarini oxu. Sabah gəl mənə denən, hansı rolu istəyirsən”.



Nəsimi haqqında bilirdim, tanıyırdım, amma bu qədər məlumatım yox idi. O dövrdə bizim dərsliklərdə də onun haqqında geniş məlumat yox idi. Ssenarini oxuyandan sonra şairi tam şəkildə tanıdım ki, kim olub, əqidəsi nə olub, tam daxili azadlığa malik bir insan olub... Nəsimini qəbul etdim, mənə yaxın oldu. Onun edam olunma səhnəsini artıq oxuya bilmədim. Çünki ağlamaq tutmuşdu ki, nəyə görə bu cür adamı hamının gözü qarşısında edam edirlər, insanlar heç bir təşəbbüs göstərib cəlladın əlindən almırlar. Faciəvi ölümü çox pis təsir etdi. O deyirdi, “allah mənəm, allah məndədir”. Demək istəyir ki, insan allaha, tanrıya qədər ucalmalıdır. Budur həyatda insanın yaranmağının məqsədi. Bu, mənə çox toxundu. Səhərə kimi ağladım. Səhər dərsə deyil, birbaşa Kino İttifaqına getdim. Dedim, əlbəttət ki, Fatiməni oynamaq istəyirəm. Dedi, “mən o rolu sənin üçün nəzərdə tutmuşdum. Sadəcə, fikrini bilmək istəyirdim”.

- Vəsf elə məni şair...
- Vəsf zamanı deyil, afət...
- Ölümə gedirəm...
- Səni bu hüsnü-camal, bu kamal ilə görüb,
Qorxdular `həqq` deməyə, döndülər `insan` dedilər...


Ekstremal hadisələr çox olurdu. Məsələn, Qobustandakı çəkilişimizdə rejissor asisientini ilan sancdı. Və ya kütlə ilə at çapan yerdə mən az qaldım yıxılam. Ondan sonra məni o səhnədə at çapmağa qoymadılar, “krupnuy” planla tək götürdülər.



Daha sonra Qobustanda Fatiməni atasının edamına getməyə qoymadıqları səhnəni çəkirdik. Orada dırmaşıram, yıxılıram, istəyirəm atamın yanına gedim, sağlığında görüm. Yuxarı çıxmağa çalışanda qəfildən əlimə isti bir şey dəydi. Düzdür, mexaniki olaraq əlimin üstündən tulladım, düşdü.Çəkiliş gedirdi deyə fikir vermədim, təzədən sürüşüb aşağı gəldim. “Burax məni, burax, mən atamı görmək istəyirəm” səhnəsini çəkdik qurtardıq. Çəkiliş bitəndə hamı üstümə gəldi ki, Xalidə, nə oldu sənə? Deyirəm heç nə, nə olacaq ki? Hamı əlimə baxır ki, bir şey olmadı, sancıb eləmədi ki? Sən demə, əqrəb imiş, əlimdən yapışıb, çəkiliş prosesində hiss etməmişəm, tullamışam. Hamı da qorxub ki, `qız getdi`. Sancmadı. Təsir əks təsirə bərabərdir. O qədər həyacanlı olmuşam ki, o, məndən qorxub düşüb əlimdən qaçıb.


Uzun hörüklərim var idi. Qrimçi dedi ki, “Həsən müəllim saçını kəsdirəcək”. Təsəvvür edin, mən də saç sevənəm. Hətta institutda da hörüklə, ağ bantla gəzirdim. “Kəsmək” sözünü eşidəndə üzümdə elə bir ifadə alındı ki, Həsən müəllim bir mənə, bir qrim edənə baxdı. Dedi ki, “onun bir tükünə də əl vurmazsan. Nə edirsiniz edin, saçını kəsməyin”. Saçımı özbək qızlarının saçı kimi hördülər. Yayın cırhacırında həmin hörüyü bəlkə də 100 sancaqla başıma doladılar. Üstündən başıma parik qoydular.

Hava isti idi, paltarlar da insanın nəfəsin kəsirdi. Ayağımızda yun corablar, çarıqlar... elə çətin idi ki. Kino, doğrudan da, qəliz məsələdir. Səhər 7-də durquzurlar, çəkilişə gəlirsən, saat 1-də başlayırlar. O vaxta kimi sən öz ritmini saxlamalısan. Sonra birdən çəkilişlər olur, birdən deyirlər ki, aparat xarab olub... Kino çox çətin məsələdir. Film 3 aya çəkildi. Nəsimin edamı səhnəsi Xivədə oldu.



Çəkilişlərə getməmişdən öncə nahar edirdik. Naxçıvanda böyük bir yeməkxanamız var idi. Yeməkxanaya gələndə, əhənglənmiş divardakı stendimizdə hər gün etdiyimiz çəklişlərin fotosu vurulurdu. Hər gün bu stend təzələnirdi. Təsəvvür edirsiniz, çəkilişdən gələndən sonra fotoqraflar onu işləməli, səhərə hazırlayıb, asmalı idi. Bir sözlə, hər bir iş ağır idi”.

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.


Dərviş rolunda olan Əbdül Mahmudov :

- Nazirlər Soveti, Mədəniyyət Nazirliyinin çox yüksək rütbəli adamları filmin ərsəyə gəlməsində əlaqəçi kimi təyin olunmuşdular. Kinostudiyanın rəhbəri hər dəfə o adamlarla əlaqə yarada bilirdilər. Çünki filmə çox böyük kömək lazım idi. Dövlət səviyyəsində bu işlər gedirdi.



Amma o zamanlar Mərkəzi Komitənin çox yüksək rütbəli işçiləri, nazirlər, idarə rəhbərləri bilmirdilər ki, Nəsimi kimdir. Heydər Əliyevin qorxusundan onlar xəlvətdə gəlib bizdən xahiş edirdilər ki , “Sən Allah, de görək, Nəsimi kimdir? Bizə bu haqda məlumat verin, Heydər Əliyev soruşanda pis vəziyyətdə olmayaq”.
Film çəkilən müdətdə - 70-ci illərdə Azərbaycanda Nəsimiyə qayıdış , tanıtım prosesi başladı.



Teymurləngi oynayan aktyor Yusif Vəliyevin sözləri yadında qalmırdı. Yadınıza gəlirsə, Teymurləng filmdə gəlir, Miranşahı yerə yıxır, cəzalandırır. Miranşahı oynayan yazıq Muxtar Manıyev arxası üstə yıxılan yerdə onun replikalarını tez deyirdi. Yusif eşitdiyi replikanı elə oynayırdı ki, adam dəhşətə gəlirdi. Sonra Miranşah kadrarxasında qalır, mən dərviş obrazında kadra daxil oluram. Sözümü deyəndən sonra ustalıqla arxa tərəfə keçib, Yusif Vəliyevin qulağına onun tekstini pıçıldayırdım. Daha sonra İsa Muğanna samanın altında gizlənib, Teymurləng saray əyanlarına yaxınlaşana kimi onun replikalarını pıçıldayırdı. Beləcə, çəkilişlər gedirdi.

Sufilər, bilirsiniz ki, keçədən paltar geyinirlər. Keçə də keçi yunundan toxunur. Üzümə yapışdırılan saqqalı, bığı da əlavə etsəm vəziyyətin necə ağır olduğunu anlayarsınız. Adicə yapışqanı üzə sürtəndə gör, insan nə günə qalır. Naxçıvanın, Qobustanın 50 dərəcə istisi də bir yandan vurdu, üzümü yara basdı. “Nəsimi”dən sonra bir neçə filmə çəkilməkdən imtina etdim. Soruşdum ki, əgər orada saqqal olacaqsa, mən çəkilməyəcəm. Çünki saqqalı yapışdırmaq mənim üçün baha başa gəlirdi.

Şahanə RƏHİMLİ
AzVision.az



Teqlər:  





Xəbər lenti