"Ölümsüzlər"dən yeniçərilərə: Tarixin ən mahir döyüşçüləri

 "Ölümsüzlər"dən yeniçərilərə:  Tarixin ən mahir döyüşçüləri
  12 Oktyabr 2022    Oxunub:10042
Tarix boyunca yaşadıqları dövrdə və coğrafiyada şöhrət qazanan, düşmənlərinin kabusu olan döyüşçü qrupları olub. Onlar xüsusi təlim keçib və ən kritik anlarda savaş meydanlarında peyda olublar. Bu döyüşçülərin bəziləri imperiyalarının böyüməsində fəal rol oynayıb, bəziləri isə hökmdarları qoruyublar.
Sizə tarixin ən qorxunc 10 döyüşçü qrupundan söz açacağıq.

1. Fars "ölümsüzlər"i

Əhəmənilər İmperiyası dövründə fars ordusunun “Ölümsüzlər” adlı xüsusi bölümü vardı. E.ə. VI əsrə aid olan bu döyüşçülərin sayı heç vaxt azalmırdı. Onlar 10.000 nəfərdən ibarət idilər. İçlərindən müəyyən sayda əsgər əksik olduğu zaman onların yerinə yeniləri gələrdi. Beləliklə, 10.000 rəqəmi heç vaxt dəyişmirdi.

Onlar Əhəməni İmperiyasının torpaqlarında keçirilən xüsusi yarışlar nəticəsində seçilirdilər. Döyüşçülər müəyyən fiziki standartlara cavab vermək məcburiyyətində idilər. 2 il ərzində özəl qida ilə bəslənən yeni əsgərlərdən ibarət komanda qılınc ustalarından xüsusi dərs alırdı. Lakin bu, kifayət deyildi. Əlavə olaraq gələcəyin döyüçşüləri 2-3 il ərzində uzaq bölgələrdə döyüşə qatılıb, peşəkar döyüşçü kimi qayıdaraq, “Ölümsüzlər”in sırasına qoşula bilərdilər.


Ümumilikdə “ölümsüzlər” döyüşlərə qoşulmurdular. Onlar sadəcə xüsusi hallarda hərəkətə keçirdilər. Məsələn, spartalılar 30-40 nəfərdən ibarət Əhəməni qüvvələrini bir zərbə ilə öldürəndə "Ölümsüzlər" onları mühasirəyə alaraq, müharibəyə son qoymuşdular. Herodotun yazdıqlarına görə, yunanların farslara hücumu zamanı da mühüm rol oynayan "Ölümsüzlər" Fermopil döyüşünün əsas fiqurları olublar.

2. Spartalılar

Tarixin ən mahir və qorxunc döyüşçüləri bu adı asanlıqla əldə etməyiblər. E.ə. VII əsrə möhürlərini vurmuş spartalılar təlimlərə uşaqlıqdan başlayırdılar. Oğlan uşaqları doğulduqdan sonra xüsusi Şura tərəfindən fiziki qüsurlarının olub-olmaması yoxlanılırdı. Yoxlanışdan keçə bilməyən uşaqlar ölümə məhkum idilər. Ömürlərini yalnız döyüşçü kimi keçirən spartalılar istehsal və əkinçilik işlərini aşağı təbəqənin və yadelli qulların öhdəsinə buraxmışdılar.


Spartalı qadınlar 20 yaşlarında, kişilər isə təhsilini bitirib 30 yaşına çatdığı zaman ailə qururdular. Qadınların vəzifəsi oğlan uşağı dünyaya gətirib, əsgər böyütmək idi. Əsgərlik müddəti 60 yaşa qədər davam edirdi. Herodotun verdiyi məlumata görə, 300 spartalı Fermopil müharibəsi zamanı 2.600.000 nəfərlik Əhəməni ordusunun qarşısını 7 gün müddətində kəsə bilmişdi.

3.Roma senturionları

Roma senturionları tarixin ilk peşəkar əsgərləridirlər. Onların yaranma tarixi e.ə. 107-ci ildən başlayır və Bizans İmperiyasına qədər uzanır. Roma ordusu 3 hissədən ibarət idi: 1) Yuli Sezarın cangüdənləri, 2) Legionerlər, 3) Qeyri-Roma vətəndaşlarında ibarət qoşunlar.
Senturionlar legionerlər hissəsinə aid idilər. Onlar ordunun içərisindən xüsusi seçilir və yüksək maaş alırdılar. Hər bir senturion 100 nəfərdən ibarət olan "senturia" adlanan bölmələrin başında dayanırdı.


6000 nəfərdən ibarət olan bu xüsusi bölmədə 60 senturiya, yəni 60 legion var idi. Hər bir senturion bu bölmələrin başında veteran olaraq dayanırdı. Adi bir əsgər ildə 200-300 dinar aldığı halda, senturionlar 5.000 dinar alırdılar. Onların arasından seçilən ilk 5 nəfərə ildə 10.000 dinar verilirdi. Rəhbərləri isə ildə 20.000 dinar alırdı.
Onlar daim yüksəlmək şansı olan döyüşçülər idilər və ən çətin vuruşlara göndərilirdilər. Yaxşı təchiz olunmuş döyüşçülər Roma İmperiyasının 3 qitədə genişlənməsində mühüm rol oynayıblar.

4. Vikinqlər

VII əsrdən bəri Avropanın qorxulu yuxusuna çevrilən Vikinq döyüşcülərinin nəhəng görünüşləri var idi. Onlar baltaya bənzər silahlardan istifadə edirdilər. 865-ci ildə Danimarka və İsveçdən yola çıxan Böyük Vikinq Ordusu İngiltərəni işğal edib. Onların əsas üsulu "vur-qaç" şəklində idi. Girdikləri yeri qarət edib gedirdilər.


Əjdaha formasında olan gəmiləri və qırmızı baltaları ilə olduqca qorxulu görünürdülər. Vikinqlərin “dəli” adlandırdıqları döyüşçüləri də var idi ki, xüsusi kimyəvi maddədən istifadə edərək özlərini aqressiv döyüş əhvalına salırdılar.

5. Monqol aüvariləri


Monqol Ordusu tarixin ən qorxulu ordularından biri idi. Xüsusilə monqol süvariləri çox yaxşı təchiz olunmuşdular. At üstündə oxdan rahatlıqla istifadə edə bilən süvarilər bir yerdə olduqları zaman yenilməz olurdular. Çox döyüşlərdə iştirak etdikləri üçün taktikaları geniş inkişaf etmişdi. Girdikləri yeri bir anda zəbt edib gedərdilər. 200 il müddətində dünyaya qorxu salmışdılar. XIII və XIV cü əsrlərdə öz sərhədlərini 33 milyon km2-ə qədər genişlədən monqollar 100 milyon nəfəri öz hökmləri altına almışdılar.

6.Samuraylar

Kökləri XI əsrə bağlı olan samuraylar zadəganların arasından seçilirdi. Onların təlimləri uzun illər davam edirdi. Bu döyüşçülər üçün qılıncları müqəddəs bir gücə sahib olmaqla, qürur və şərəf rəmzi idi.


Müəlliminin ölümü, döyüşdə məğlubiyyəti və cəmiyyətdə xoş qarşılanmayan səhvləri samurayın harakiri (seppuku) etməsilə nəticələnirdi. Onlar müşahidəçilərin qarşısında xüsusi rituallar ilə intihar edirdilər. "Harakiri" kəlməsinin mənası “qarnını yarmaq” mənasını verir.

Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən Edo dövründə yalnız samuraylar qılınc daşıya bilərdilər. Üzərində qılınc daşıyan kəndlilər ölümə məhkum edilirdilər. Qılınc ilk dəfə hazırlanarkən onun kəskinliyini yoxlamaq məqsədilə məhkumların törətdikləri cinayətin dərəcəsinə görə ya qolunu, ya ayağını, ya da boynunu vururdular.
Samuray düşmənilə döyüşdüyü zaman ilk olaraq ox, nizə, sonda isə Katana qılıncından istifadə edirdi. Katanaya əl atmaq düşmənə “səni öldürmək istəyirəm” demək idi.

7.Ninzalar


Kökləri XV əsrə aid olan ninzalar casusluq, təxribat və sui-qəsd kimi missiyaları həyata keçirən muzdlu döyüşçülər idi. Ninzalar əsasən öz ağalarını tərk edən, yaxud qovulan və harakiri etməkdən boyun qaçıran samuraylardır. Ninzaların əsas düşmənləri sadiq samuraylardır. Ninzalar düşmənlərindən daha bacarıqlı olmağa məcbur idilər. Onlar özlərinə məxsus qılınctutma və döyüş taktikaları yaradıb, inkişaf etdiriblər. Buna "nincitsu" da deyilir. Ninza lazım olduğu zaman bir taxta ilə də insanı öldürmə gücünə malikdir.

8. Zande döyüşçüləri


XVI əsrə aid olan Zande Mərkəzi Afrikanın məşhur amansız döyüşçü cəmmiyyəti idi. Düşmənlərini qorxutmaq üçün dişlərini itiləyən bu döyüşçülər coğrafi kəşflər zamanı yeni ərzilər tutmağa çalışan Avropa koloniyalarının qorxulu yuxusuna çevrilmişdilər. Zande döyüşçüləri hələ də var orta əsrlərdə olduğu kimi dəmir dövründən qalma silahlardan istifadə edirlər. Konqo Respublikası və Sudan torpaqlarında yaşayan Zande döyüşçüləri torpaqlarınının və irqlərinin əsarətə alınmaması uğrunda mübarizə aparırlar.

9. "Yaquar döyüşçüləri"


Yaquar döyüşçüləri Astek ordusunun xüsusi hissəsi idi. XIV əsrə aid olan bu zümrə Yaquar motivli geyimlər geyinib, döyüşün ön sıralarında yer alırdı. Onlar üzərində vulkanik şüşə kəsikləri olan taxta qılınclardan istifadə edirdilər. Əsir aldıqları düşmənlərini öldürüb, ibadət etdikləri Gecə Səması Tanrısına qurban edirdilər. Döyüşçülərin yaquara bənzəyən geyimə üstünlük vermələrinin əsas səbəbi yaquar motivinin Gecə Səması Tanrısı Tetskatlipokanı təmsil etməsi və bu geyimin onlara güc verməsinə inanmaları idi. "Yaquar"lara qoşulmaq üçün bir döyüşçü ard-arda 2 döyüşdə 12 nəfəri əsir götürməli idi.

10. Yeniçərlər


Osmanlı imperiyasında ordu islahatlarının nəticəsində meydana çıxan Yeniçərlər dünya tarixində yaranan ilk sistemli və müasir ordudur. XV əsrdə yaranan və bir çox döyüşlərdə qalib olan bu hərbi hissə həm də dövrünün ən təsirli hərbi qüvvəsi sayılırdı. Onların gəliri "ulufe" adlı məvacibdən, ildə bir dəfə verilən hərbi geyimdən, sultan tərəfindən paylanan külüs pulundan ibarət idi.

Şəms Şahinli
AzVision.az


Teqlər: Hərb-tarixi  





Xəbər lenti