"Əliyev Soçidə hər kəsə öz yerini göstərdi" - Erməni analitik

   "Əliyev Soçidə hər kəsə öz yerini göstərdi" -    Erməni analitik
  01 Noyabr 2022    Oxunub:1401
Xəbər verdiyimiz kimi dünən Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları ilə bağlı Soçi Bəyanatı qəbul olunub ki, burada da Qarabağla bağlı heç bir müddəa yer almayıb.
Üçtərəfli görüşdən əvvəl isə Prezident İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüş keçirib. Onun "Qarabağ münaqişəsi iki il əvvəl həll edilib və buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatıdır" deməsi diqqət çəkdi. O hətta xüsusi olaraq vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb: "Bugünkü görüş regional məsələlərə həsr olunub. Bir daha Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə minnətdarlığımı bildirmək istəyirəm".

Maraqlıdır ki, Soçi bəyanatı, ümumilikdə üçtərəfli görüşlə bağlı erməni cəmiyyətində məyusluq his olunur. Ermənistan KİV-i yenə də Azərbaycanın İrəvandan bir addım öndə irəlilədiyinizi yazıb. Məsələn, "Mamul"a açıqlama verən erməni siyasi analitik Argişti Kiviryan qeyd edib ki, Soçi görüşündən sonra Azərbaycan lideri İlham Əliyev hər iki ölkəyə öz istəyini yeridə bildi.

- Birgə bəyanatın mətnindən məlum oldu ki, Əliyev həm Putini, həm də Nikolu öz yerində oturtdu. Top rusların qapısına vuruldu. Moskva isə Ukrayna meydanındakı uğursuzluqlar, məğlubiyyətləri ilə məşğul olacaq, başı bu cəbhəyə qarışacaq. Yəni bu problemlərinə qlobal miqyasda yanaşacaq. Mənə elə gəlir ki, ruslar Qafqazdakı proseslərlə bağlı da bir sıra addımlar ata bilsələr, o zaman vəziyyət düzələcək, - erməni analitik qeyd edib.

Ermənistanın "Respublika" Partiyasının sədr müavini, parlamentin "Şərəfim var" fraksiyasının üzvü Armen Aşotyan da rəsmi Bakının istəyinə nail olmasından gileylənib.

O da "Mamul"a açıqlama verərək qeyd edib ki, "Soçidəki "matç"ın nəticəsi məyusedicidir.

Soçidə liderlərin üçtərəfli görüşü olub - YENİLƏNİB
- Görüşdən əvvəl siyasi kuluarlarda və informasiya məkanında Dağlıq Qarabağın xeyrinə müəyyən fikirlər intensiv şəkildə dolaşsa da, sonda bəyanatın mətnində Qarabağdan bəhs edilmədi. Hətta Rusiya sülhməramlılarının missiyasına aid olan hissədə belə "Artsax"la bağlı (Ermənilərin Qarabağa verdikləri qondarma ad-red.) coğrafi baxımdan belə qeydlər aparılmayıb. Rusiya prezidenti bəyanatın bəzi hissələrinin çıxarıldığına eyham vurdu. Təbii ki, mətnin ilkin variantını görmək maraqlı olardı. Lakin görünür, Azərbaycan mətndən Dağlıq Qarabağa aid müddəaları çıxara bilib.

Ümumiyyətlə isə belə bir sənəddə 1991-ci il Alma-Ata Bəyannaməsinin qeyd edilməsi anlaşılmazdır. Biz bu bəyannamə haqqında dəfələrlə danışmışıq və yenə də danışacağıq. Dəfələrlə bəyan etmişik ki, ermənilərin öz müqəddəratını təyinetmə hüququnun perspektivinə və imkanlarına mane olmayacaq nizamlama variantının tərəfdarı olacağıq, - Aşotyan azsaylı ermənilərin müqəddərat nağıllarından da danışıb.

Araşdırmaçı jurnalist Nairi Hoxikyan da diqqət çəkən fikirlər səsləndirib. O, erməni xalqının yeni bəyanatda Qarabağ məsələsi ilə bağlı aydın müddəaların olacağına ümid etdiyi halda pərişan qalmalarından söz açıb.

- Soçi bəyannaməsində Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etməsinə dair bir kəlmə də yoxdur. Əslində, heç bunu gözləməyə də dəyməzdi. Çünki həmin danışıqlarda iştirak edənlərdən heç biri öz müqəddəratını təyin etmək istəyən bu bölgəyə (Xankəndini nəzərdə tutur-red.) də getməmişdi. Soçi Bəyannaməsi ümumiyyətlə anti-erməni xarakterlidir və o özündə bizim üçün heç bir müsbət fikirlər ehtiva etmir. Azərbaycan üçün isə əksinə, ərazi bütövlüyü xüsusi olaraq qeyd olunur. Xalqların öz müqəddəratını təyinetmə prinsipinə məhəl qoyulmur. Bu, Ermənistan tərəfindən uğurlu işin olmamasının nəticəsidir. Amma diqqətlə nəzər salsaq görərik ki, Rusiya mətnə elə fikirlər salıb ki, onlar Moskvanın maraqlarını irəli sürmək üçün hazırlansa da, bizə müəyyən imkanlar yaradır. Bunlardan biri Rusiya sülhməramlı qüvvələrinin bölgədəki roluna aiddir. Azərbaycan da etiraf edir ki, sülhməramlılar Qarabağda mühüm rol oynayırlar, ona görə də onlar burada qalacaqlar. Əminəm ki, ruslar bölgədə onilliklər olmasa da, uzun müddət mövcud olacaqlar, - Hoxikyan yazıb.

Siyasi şərhçi, "ARAR" fondunun həmtəsisçisi Avetik Çalabyan da İrəvanın öz sözünü deyə bilməməsindən gileylənib.

- Çoxunuz Soçidə keçirilən üçtərəfli danışıqların yekun bəyanatının mətnini artıq oxumusunuz və bunun bizim üçün nə demək olduğunu təhlil etməyə çalışırsınız. Eyni zamanda qeyd edim ki, hələlik bütün detallar da məlum deyil. Lakin qeyd etmək lazımdır ki, danışıqlar bizim üçün istənilən nəticəni vermədi. Nikol Paşinyanın danışıqlardan əvvəl bəyan etdiyi bəzi məqamlar yekun bəyanatda öz əksini tapmadı. Bu da Paşinyanın danışıqlardakı mövqeyinin zəifliyindən deyil, Putinin sülhlə bağlı öz modelini tətbiq edə bilməməsindən xəbər verir. Rusiyanın ümumi konteksdə zəifləməsini və Ukraynada davam edən uğursuz müharibəni nəzərə alsaq, bu, həm də qismən proqnozlaşdırılan idi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Azərbaycan   Ermənistan   Qarabağ   Bəyanat   Soçi  





Xəbər lenti