Xankəndidən İrəvana gizli yol ola bilərmi?

// Ekspertlərə görə ola bilər, amma...

    Xankəndidən İrəvana gizli yol ola bilərmi?
  18 Yanvar 2023    Oxunub:1528
Son günlər Xankəndidən İrəvana işlək vəziyyətdə olan hansısa alternativ yolun olması barədə məlumatlar yayılıb. Hətta Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş veteranlar belə iddialar səsləndirirlər ki, Xankəndidən Ermənistana çıxış əldə etmək üçün aksiyaların keçirildiyi dəhlizdən yan keçən gizli yollar da var.
Məsələni AzVision.az -a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsindən seçilən deputat Elman Məmmədov indiki halda iddiaların real görünmədiyini deyib.

- Müharibədən əvvəl, əmin-amanlıq dövründə belə yollar mövcud idi. Bunlar dağlarda olan, el dili ilə desək, elat yolları, köç yolları sayılırdı. Belə cığırlar xeyli ərazilərdən keçib. Əvvəllər köç edənlər Kəlbəcər-Laçın dağlarına, oradan Ermənistan ərazisinə belə çətin yollarla gedirdilər. Mən də sizin kimi son günlər bu haqda deyilənləri diqqətlə izləyirəm. Amma məsələ burasındadır ki, bu gün Azərbaycanla Ermənistan arasında olan və hələlik tam dəqiqləşməmiş sərhəd zonasında peşəkar hərbçilərimiz xidmət aparırlar. Sərhəd rayonlarının hamısı sanki onların ayaqlarının altındadır və gecə-gündüz geniş əraziləri müşahidə edə bilirlər. Kim haradansa keçmək, gizli şəkildə Azərbaycana və ya əks istiqamətə getmək istəsə, Azərbaycan Ordusu ilə qarşılaşmalı olacaq, - deputat qeyd edib.


Elman Məmmədovun sözlərinə görə, haqqında danışdığı məhdud yolların 99 faizi nəqliyyat üçün nəzərdə tutulmayıb və sırf köç yolu sayılır. Bölgədə İrəvana apara biləcək nəqliyyat yolları həddindən artıq azdır. Onların da hamısı dağlıq ərazilərdən keçir. O ərazilərdə qışda hava şəraiti heç də ideala yaxın deyil. Elə ərazilər var ki, bir metrdən çox qar yağıb. Bu yollarla sərbəst hərəkət etmək indi qeyri-mümkündür. Amma mümkün olsa belə, Ordumuz buna heç vaxt imkan verməz.


Hərbi ekspert, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Şair Ramaldanov da səsləndirilən fikirlərin hələlik real görünmədiyini söyləyib:
Xankəndidən İrəvana gizli yol varmı?
- İddia edilən o gizli yol indi nə dərəcədə işlək, normal vəziyyətdədir ki, hansısa formada istifadə edə bilsinlər? Əgər sərhəd Azərbaycan Ordusunun nəzarəti altındadırsa və sadəcə cəmi 5 kilometrlik dəhlizə rus sülhməramlı qüvvələri baxırsa, o zaman gizli yol həmin məhdud əraziyə çıxmalıdır. Çünki qalan bütün ərazilərə, yollara hərbçilərimiz hər mənada müşahidə və nəzarət edə bilirlər. Əgər separatçılar sərbəst şəkildə silah daşıya bilirlərsə, demək, onlara sülhməramlılar şərait yaradıblar. Rus hərbçilər şərait yaradıblarsa, onda heç başqa gizli yollara da ehtiyac qalmır. Qısası, əlavə çətin yolların tapılmasında hələlik məntiq görmürəm.

Ramaldanov da vurğulayır ki, bölgədə nəzarətsiz cığırlar, araba, at yolları ola bilər, amma qış fəslində istənilən alternativ yol keçilməz olacaq. Orada qışda bəzən təmizlənməmiş, normal yollardan istifadə etmək olmur, o ki qalsın gizli dağ yollarından. Ən əsası isə, əgər real olaraq belə yol qalıbsa, ordumuz və müvafiq güc strukturlarımız onu diqqətdə saxlayarlar. Ermənistana gedən heç bir yol ordumuzun nəzarətindən kənarda qala bilməz. Həmin yollar mütləq hərbi xəritələrdə qeyd edilib.

"Artıq 2 ildən çoxdur ki, hərbi hissələrimizin xüsusi bölmələri bölgəni ələk-vələk ediblər. Onlar regionu ovuclarının içi kimi tanıyırlar. Bir sözlə bu məsələyə ciddi yanaşmıram",- ekspert fikirlərini yekunlaşdırıb.

Tural Tağıyev
AzVision.az






Teqlər:   Ermənistan   Xankəndi   Yol   Qarabağ  





Xəbər lenti