Apitonyan müharibə anonsu verdi: "Təhlükəli oyunlar oynayırıq!"

 Apitonyan müharibə anonsu verdi:    "Təhlükəli oyunlar oynayırıq!"
  01 Mart 2023    Oxunub:1708
Son günlər Rusiya rəsmilərinin İrəvanın Qərbə doğru açıq şəkildə istiqamətlənməsini tənqid edən açıqlamaları çoxalıb. Dünən Bakıda olan Xarici işlər naziri Sergey Lavrov da Ermənistanın avropalıları "mülki missiya" qismində regiona daşımasını qınadı.
Bu gün isə "Sputnik"də Xarici işlər nazirinin keçmiş müavini Artak Apitonyanın qərbyönümlü siyasətlə bağlı maraqlı müsahibəsi dərc edilib. O, belə hesab edir ki, İrəvan hazırda Rusiya ilə Avropa İttifaqı arasında yaranmış ziddiyyətlər üzərində oynayır. Bu isə ölkə maraqları üçün təhlükəlidir.

Keçmiş diplomat Avropa monitorinq missiyasının regiona gəlişi və erməni siyasətçilərin rusiyalı tərəfdaşları ilə arzuolunmaz polemikalarının sonunu yaxşı görməyib. Ermənistan Qərb və Rusiya vektorlarını birləşdirməyə deyil, əksinə, onlara qarşı durmağa çalışaraq təhlükəli yola qədəm qoyub.

"Vaxtilə biz komplementarizmə sadiq qaldıq. Anladıq ki, qlobal güc mərkəzlərinin regionda öz maraqları var. Ermənistan bir tərəfdən Rusiya ilə müttəfiqlik münasibətlərini inkişaf etdirdi, digər tərəfdən Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirdi, müqavilə, razılaşmalar və s. də imzaladı. Biz onların antaqonizmi deyil, bu maraqların birləşməsi üzərində işləmişik. İlk növbədə regiondakı ölkələr böyük aktorların maraqlarının toqquşmasından əziyyət çəkirlər”, - Apitonyan qeyd edib.

İndi isə problem ondadır ki, erməni tərəfi Moskva ilə Qərb paytaxtları arasındakı ziddiyyətlərdən istifadə etməyə çalışır. Bu isə heç İrəvann özünə də xeyir gətirmir. Yəni eks-diplomat ziddiyyətlərin Ermənistanın özünə qarşı işləməyə başladığını iddia edib. O xəbərdarlıq edib ki, heç bir halda böyük aktorların ziddiyyətlərini "özünə çəkmək", cəlb etmək olmaz.

"Moskvadan lazımsız xəstə davranışlar gəlir" - Simonyan
Apitonyan onu da vurğulayıb ki, ölkəsi heç vaxt Rusiya ilə müttəfiqlik münasibətlərinin bütün potensialından tam istifadə etməyib. O, xəyali xarici siyasət balansını saxlamaq üçün bəzən öz maraqlarını qurban verən Ermənistanı qorxaq siyasət yürütməkdə ittiham edib. Keçmiş xarici işlər nazirinin müavininin fikrincə, İrəvanın xarici siyasətində iddialılıq və cəsarət olmayıb: "Əgər tərəfdaşlar bizə güvənir, rəğbət bəsləyirlərsə, o zaman biz bu lütfdən mövqelərimizi artırmaq üçün istifadə etməliyik və əlimizdə olanlarla məhdudlaşmamalıyıq. Biz proqnozlaşdırıla bilən, eyni zamanda qətiyyətli olmalıyıq".

Təcrübəsinə əsaslanan eks-diplomatın qənayətincə bu gün Ermənistanın ətrafında təhlükəsizlik mühitinin yaxşılaşdırılması təkcə mahir diplomatiya və yumşaq güc deyil, həm də sərt güc tələb edir.

- Daxili təşkilatlanma lazımdır və Ermənistanda cəmiyyət ölkənin müharibə vəziyyətində olduğunu hiss etməli, hər bir proses bu məntiqə tabe olmalıdır. Biz növbəti müharibəyə hazırlaşmalıyıq. Təəssüf ki, bu olacaq. Müharibəyə demək olar ki, heç bir şübhəm yoxdur. Cəmiyyətimiz yuxusuzluq vəziyyətindədir və bu mütləq bu durumdan çıxmalıyıq. Mən razıyam ki, bu, daimi gərginliklər və daimi streslərdir. Lakin gərgin vəziyyətdə qüvvələrin, resursların səfərbər edilməsi həmişə daha yaxşı və sürətli olur. Təbii ki, müdafiə qabiliyyətimizi gücləndirmək üçün nələrsə edilir, lakin bu kifayət deyil. İctimai səfərbərlik, müdafiə strategiyasına yenidən baxılması lazımdır - o, qeyd edib.

Apitonyan son illər Bakıya qarşı qərəzlli siyasət yürüdən Tehranı da unutmayıb. O, müdafiə sistemini gücləndirmək üçün Rusiyadan əlavə geniş potensial kimi İranla qarşılıqlı fəaliyyəti misal çəkib. Müsahibədə qeyd edilir ki, 44 günlük müharibə başa çatdıqdan dərhal sonra Ermənistanın İslam Respublikası ilə hərbi-siyasi əməkdaşlığı intensivləşdirmək imkanları olub. Hətta ABŞ-dan bu addıma görə heç bir təpki də almayacaqdılar. Onda konyuktura da başqa idi.

" Həm də nəzərə alsaq ki, Türkiyə indi öz daxili problemləri ilə məşğuldur, Ermənistan bundan istifadə edib regional siyasətində müəyyən korrektələr edə bilər. Siyasət özü mövcud imkanlardan istifadə etmək və yeni imkanlar yaratmaq deməkdir", - eks-diplomat Ankaraya qarşı xain açıqlaması ilə də seçilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Avropa-İttifaqı   Müharibə  





Xəbər lenti