Ermənistan Rusiyanın məğlub olacağından qorxur - "Atlantic Council"

 Ermənistan Rusiyanın məğlub olacağından qorxur -  "Atlantic Council"
  26 May 2023    Oxunub:1794
“Çin, İran, Belarus və Ermənistan Rusiyanın müharibədə məğlub olacağından qorxurlar. Onların rəhbərləri Rusiyanın məğlubiyyətinin öz ölkələri üçün nə demək olacağını yaxşı dərk edirlər”.
Bu fikirlər ABŞ-ın “Atlantic Council” beyin mərkəzinin saytında dərc olunan məqalədəndir. Amerikalı ekspertlərin fikrincə, Ukraynanın işğalı Rusiyanın dünyadakı mövqeyinə sarsıdıcı zərbə vurub. Lakin bu da həqiqətdir ki, müharibəyə beynəlxalq reaksiyalar tutarlı olmadı, ölkələr vahid mövqedən çıxış etmədilər. Qərbdən fərqli olaraq, Cənubda (İran, Çin və s. ölkələr nəzərdə tutulur) çoxları neytral mövqeyə üstünlük verdilər.

"Rusiya siyasi əxlaqsızlığımızı heç vaxt unutmur və bağışlamayacaq" - Hoxikyan
Ekspertlər yaranmış vəziyyətində Ermənistana xüsusi diqqət ayırırlar. "Ermənilərin əksəriyyəti hələ də belə hesab edir ki, Azərbaycan və Türkiyə tərəfindən ölkələrinin milli təhlükəsizliyinə qarşı ola biləcək təhdidlərdə Rusiya Ermənistanın qoruyucusu rolunda çıxış edir",- yazıda vurğulanır.

Hazırda Ermənistanla Azərbaycan arasında münaqişənin tənzimlənməsi səylərində Rusiyanın üstünlüyünün olduğunu etiraf edən ekspertlər bildirirlər ki, Paşinyanın proseslərdən narahatlığı heç də təəccüblü deyil: “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsas üzvüdür və on il əvvəl Kremlin təzyiqi altında Avropa İttifaqı ilə assosiasiya sazişindən imtina edib. Bunun əvəzində Putinin layihəsi olan Avrasiya İqtisadi İttifaqına qoşulub. Rusiya Ermənistanda hərbi bazalar saxlayır. Paşinyan isə uzaqgörən deyil, gələcəyi görə bilmir".

“Atlantic Council”da belə düşünürlər ki, Rusiyanın Ukraynadakı məğlubiyyəti Ermənistana Avropa İttifaqı ilə iqtisadi və siyasi əlaqələri genişləndirməklə yanaşı, müstəqil xarici siyasət yürütməyə imkan verə bilər. "Qonşu Azərbaycanla hərbi əməliyyatların yenidən başlaması təhlükəsi ilə bağlı narahatlıq da başadüşüləndir. Lakin əgər ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar Ermənistan-Azərbaycan sərhədinin tanındığı, eləcə də Qarabağın erməni əhalisi üçün qənaətbəxş təminatlara zəmanət verildiyi sülh müqaviləsinə gətirib çıxarsa, Ermənistana hərbi təcavüz ehtimalı olduqca azalacaq”, - məqalədə qeyd edilib.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Rusiya   Çin  





Xəbər lenti