İsraildən yeni rekord: 12,5 milyard dollarlıq silah ixrac edilib

      İsraildən yeni rekord:    12,5 milyard dollarlıq silah ixrac edilib
  19 İyun 2023    Oxunub:1035
İsrailin silah ixracı son beş ildə 65% artıb.
Bu fikirlər İsrailin gov.il saytının yaydığı məlumatdandır. 2022-ci il üçün müdafiə sənayesinə aid məhsulların ixracı ilə bağlı açıqlanan rəqəmlərdə qeyd edilir ki, ərəb dünyası İsraildən 3 milyard dollardan çox silah alıb.

Müdafiə naziri Yoav Qallantın sədrliyi ilə Təl-Əvivdəki qərargahda keçirilən müdafiə sənayesi konfransında diqqət çəkən statistikalar qeyd edilib.

İki gizli alıcı: İsrail "Merkava" tanklarını kimə satacaq?
İsrail Müdafiə Nazirliyinin baş direktoru, general-mayor Eyal Zamir və Beynəlxalq Müdafiə Əməkdaşlıq Təşkilatının (IMOD-SİBAT) direktoru ehtiyatda olan general Yair Kulas 2022-ci il üçün müdafiə ixracatının rekord həddə çataraq 12,546 milyard dollar olduğunu açıqlayıblar.

Eyal Zamir çıxışında deyib: “İsrail Müdafiə Nazirliyi, Müdafiə Qüvvələri və İsrail müdafiə sənayesi arasındakı strateji tərəfdaşlığı texnologiya, əməliyyat təcrübəsi və qlobal strateji əlaqələr birləşdirir və bunun "oyun qaydaları"nı dəyişdirdiyi bir daha sübut olundu".

Yair Kulas isə deyib ki, “Bu gün hər iki nazirlik tarixi bir hadisəni qeyd edir. İsrailin silah ixracı beş il ərzində 6 5% artaraq, ardıcıl ikinci dəfə yeni zirvəyə çatıb. Bu uğur ilk növbədə İsrail müdafiə sənayesi tərəfindən hazırlanmış texnologiya ilə bağlıdır. Son bir ildə İsrailin müdafiə həllərinə tələbat artıb, bunu müdafiə qurumları arasında müqavilələrin sayının kəskin artması da sübut edir. Gələcəyə baxsaq, Avropa və Asiyada baş verən geostrateji dəyişikliklər "Abraham" razılaşmalarından əlavə, İsrailin qabaqcıl sistemlərinə yüksək tələbat yaradacağını görərik. Nazirlik ixracı davamlı olaraq artırmaq üçün İsrailin müdafiə sənayesi ilə fəal əməkdaşlıq edir”.

Müdafiə naziri Yoav Qallant da bu mövzuya toxunub. O deyib ki, müdafiə qurumlarının ixracatda yeni zirvələrə çatmasına dair diqqətəlayiq məlumatlar İsrail dövlətinin gücünü və üstün texnoloji imkanlarını nümayiş etdirir: "Biz aidiyyəti qurumların inkişaf və innovasiyası sayəsində təkcə rəqiblərimizi qabaqlamırıq, həm də keyfiyyət üstünlüyümüzü qoruyub saxlayırıq”.

İsrail Pilotsuz Uçuş Aparatlarının (PUA) ixracı ilə bağlı da rekorda imza atıb. Bu istiqamətdə olan ixrac 10 dəfə artıb . İsrail hökumətinin mətbuat xidmətinin məlumatına görə, təkcə müqavilələrin yarısı 100 milyon dollardan çox dəyərində olub.

Ötən il müdafiə ixracının əhəmiyyətli səviyyədə artmasını göstərən statistika isə belədir: PUA və pilotsuz sistemlər (25%), raketlər və hava hücumundan müdafiə sistemləri (19%), radarlar və elektron müharibə sistemləri (13%), müşahidə sistemləri və optoelektronika (10%), döyüş modulları və buraxılış qurğuları (5%), nəqliyyat vasitələri və zirehli transportyorlar (5%), C4I və rabitə sistemləri (6%), kəşfiyyat, informasiya və kiber sistemlər (6%), sursat və silahlar (4%) , dəniz sistemləri (1%).

Alış üzrə coğrafi bölgülərə gəldikdə isə silah ixracı ən çox Asiya və Sakit Okean ölkələrinə reallaşdırılıb - 30%. Bundan sonra Avropa (29%), Şimali Amerika (11%), "Abraham" razılaşması ölkələri (24%), Afrika (3%), Latın Amerikası (3%) gəlir.

"2022 müdafiə sahəsinə aid müqavilələr üzrə ardıcıl ikinci rekord ili kimi yadda qaldı. Təxminən 120 yerli müdafiə sənayesi müəssisəsi İsrail Müdafiə Nazirliyinin köməyi və dəstəyi ilə dünya üzrə yüzlərlə mühüm sənədlər, o cümlədən yüz milyonlarla dollar dəyərində meqa müqavilələr imzalayıblar", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Silah   İxracat   General  





Xəbər lenti