ATƏT sədrindən Qarabağ mesajı: “Vaxt lazımdır”

ATƏT sədrindən Qarabağ mesajı:  “Vaxt lazımdır”
  03 İyun 2014    Oxunub:825
“Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb. Bu görüşün Parisdə keçirilməsi təklif olunub və biz də bu fikri dəstəkləyirik”.

Bunu İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüş başa çatdıqdan sonra mətbuata bəyanatlarla çıxışında deyib.

İsveçrə Prezidenti bildirib:

"Cənab Prezident. Bakıda, Azərbaycanda səmimi qəbulunuz üçün Sizə təşəkkürümü bildirirəm. Qeyd etməliyəm ki, bu, mənim ölkənizə ilk səfərimdir. Siz isə İsveçrədə keçirilən Davos Forumunda dəfələrlə iştirak etmisiniz və mən Sizə çatmaq üçün ölkənizə yenidən səfər etməliyəm, ölkənizi və regionu daha dərindən tanımalıyam".

Didye Burkhalter qeyd edib ki, Azərbaycan Prezidentinin də dediyi kimi, bir çox çağırışlar mövcuddur: "Mən buraya İsveçrə Konfederasiyasının Prezidenti və xarici işlər naziri qismində gəlmişəm. Siz əlavə əməkdaşlıq formaları üçün potensial gördüyünüzü qeyd etdiniz. Mən bunun həqiqət olduğunu təsdiqləyə bilərəm. İqtisadi sahədə əməkdaşlığın aparılması üçün böyük potensial vardır. İsveçrə şirkətləri tərəfindən bir çox investisiyalar yatırıla bilər. Biz ölkələrimiz arasında münasibətlərin gücləndirilməsinə və intensivləşdirilməsinə açığıq".

Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə İsveçrənin yaxşı əməkdaşlığı vardır: "Keçən il bizim ciddi əlaqələrimiz oldu və bu, göstərdi ki, Azərbaycan ilə İsveçrə arasında əlaqələr möhkəmdir. Eyni zamanda, İsveçrə bu il ATƏT-in fəaliyyətdə olan sədridir. Biz bilirik ki, bir neçə aya hər bir şeyi dəyişmək, bütün problemləri həll etmək mümkün deyildir. Buraya bu gün səhər üzərində çoxlu müzakirələr apardığımız və aparacağımız Dağlıq Qarabağ problemi də daxildir ki, bu münaqişənin həlli vaxt tələb edir. Mən, həmçinin müxtəlif fikirləri dinləmək, anlamaq və ola bilsin ki, danışıqlar prosesində irəliləyişə nail olmaq məqsədilə yol tapmaq üçün buraya gəlmişəm. Mənim ATƏT-in fəaliyyətdə olan sədri kimi yanaşmam çox aydındır".

İsveçrə Prezidenti əminliyini bildirib ki, sülhə doğru addım-addım irəliləmək lazımdır: "Bu isə o deməkdir ki, biz iki əsas məsələni təbliğ edirik. Birincisi, biz dialoqun intensivləşdirilməsini təbliğ edirik, dialoq artıq olub. Lakin Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb. Bu görüşün Parisdə keçirilməsi təklif olunub və biz də bu fikri dəstəkləyirik. Yaxın gələcəkdə bu görüşün keçirilməsini təbliğ edirik. Bu görüş danışıqların yeni fazasının başlanğıc nöqtəsi olmalıdır. Digər tərəfdən, bu, sülh sazişinə aparacaq strukturlaşdırılmış danışıqlar prosesi ola bilər. Bu danışıqlar prosesi isə Madrid prinsipləri əsasında aparılmalıdır. Bizim təbliğ etdiyimiz ikinci əsas məsələ atəşkəs rejiminin gücləndirilməsidir. Başlıca olaraq keçmişdə bütün tərəflərin razılaşdırdığı, lakin heç vaxt icra olunmayan insidentlərin araşdırılması mexanizmidir. İcazə verin ATƏT-in fəaliyyətdə olan sədri kimi və sədrlikdən sonra bir dövlət kimi İsveçrənin danışıqlar prosesini görüşlərə ev sahibliyi etməklə, təcrübəsini təklif etməklə, sülh sazişinin icrası üçün maliyyə və siyasi yardımı səfərbər etməklə dəstəkləməyə hazır olduğunu bildirim".

Didye Burkhalter, həmçinin sülh naminə mühiti yaxşılaşdırmaq üçün tərəflərə tələb olunan mümkün hər şeyi icra etməyə hazır olduqlarını deyib: "İcazə verin qeyd edim ki, İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədri olduğu və Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda biz əlaqələrimizdən istifadə edərək beynəlxalq öhdəliklərimizlə münasibətlərimizi beynəlxalq səviyyədə eyni vaxtda intensivləşdirmək istəyirik. Bu isə o deməkdir ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sədri və İsveçrə ATƏT-in fəaliyyətdə olan sədri qismində bəzi məsələlərdə əməkdaşlıq edə bilər. Biz Azərbaycanın gənclərin təhsilinə və insan haqlarına prioritet sahə kimi baxdığının şahidi olmuşuq. Bu məsələlərdə Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Eyni zamanda, ATƏT-in Azərbaycandakı nümayəndəliyinin statusu layihə koordinatoru ofisi ilə əvəz olunub. Bu layihə çox yaxşı başladı və biz əminik ki, bu ofis hər iki prezidentin tam dəstəyini almağa layiqdir. Əminik ki, yaxın gələcəkdə biz hər bir kəsin marağına, o cümlədən Azərbaycanın marağına xidmət edən layihələri həyata keçirə bilərik.

Açıq dialoq üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu il beynəlxalq təşkilatlara sədr qismində ölkələrimiz yaxşı irəliləyişə nail ola bilər".

AzVision.az


Teqlər:  





Xəbər lenti