Yeni reallıqda İlham Əliyevin Qarabağ planı – TƏHLİL (1-ci yazı)

Yeni reallıqda İlham Əliyevin Qarabağ planı – TƏHLİL  (1-ci yazı)
  03 İyun 2014    Oxunub:1643
Ukrayna böhranı dünyadakı geosiyasi vəziyyəti kəskin şəkildə dəyişdi və Azərbaycan bu dəyişiklikdən maksimum öz mənafeyi naminə istifadə etməklə Qarabağ probleminin həllinə çalışır.

Azərbaycan münaqişənin həllinə nail olmaq üçün ayrı-ayrı qütblərdə dayanan Rusiya ilə Qərbin problemlə bağlı vahid mövqe sərgiləməsinə nail olmalıdır. İlk baxışdan bu məsələ mümkünsüz görünsə də, dünya siyasi arenasında baş verən hadisələrin təhlili göstərir ki, Azərbaycanın qurduğu uğurlu kombinasiya son nəticədə öz töhfəsini verəcək.

Ukrayna hadisələri avropalıları Rusiyanın enerji asılılığından çıxmaq planlarını daha tez reallaşdırmağa sövq edir. Bu mənada Azərbaycanın müəllifi olduğu və Avropaya Gürcüstan və Türkiyə ərazilərindən qazın ixracını nəzərdə tutan TANAP layihəsinin Qərb üçün əhəmiyyəti qəfil artdı. Avropa Amerikanın köməyilə İran və Türkmənistan qazının da bu marşrutla Qərbə ixrac olunması ilə bağlı həmin dövlətlərin razılığını aldı. Artıq əminliklə demək olar ki, İran ilə Türkmənistan da Azərbaycanla Türkiyənin qurduğu iqtisadi oxun tərkib hissəsinə çevrildilər. Təsadüfi deyil ki, prezident İlham Əliyev öz çıxışında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı ilə yanaşı, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə kimi üçtərəfli formatların artıq formalaşdığını və fəaliyyətlərini genişləndirəcəklərini bildirib.

Belə olan halda, Qarabağ probleminin mövcudluğu nəinki Azərbaycanın maraqlarına, eyni zamanda layihəyə cəlb olunmuş adları çəkilən region dövlətlərinin iqtisadi maraqlarına da təhlükə yaradır, eyni zamanda Avropanın enerji təhlükəsizliyi üçün real zərbədir. Təbii ki, Azərbaycan bu fakta Avropa və Amerikanı inandıra bildi və qərb dövlətləri problemin həllində fəallıqlarını artırmağa başladılar.

Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin problemin həllilə bağlı sadaladığı prinsiplər əslində Avropa Birliyi ilə ABŞ-ın məsələyə dair vahid mövqeyi hesab oluna bilər. Bu prinsiplərin reallaşması ilkin mərhələdə Azərbaycanın maraqlarına uyğundur. Çünki, Dağlıq Qarabağa daxil olmayan 7 rayonun boşaldılmasını nəzərdə tutur, Qarabağın statusunun müəyyənləşdirilməsini isə sonrakı mərhələyə qalır. Bu, o deməkdir ki, Azərbaycan problemin həlli ilə bağlı geosiyasi qütblərin birindən özünə lazım olan cavabı ala bildi. Qalır qütbün digər tərəfi olan Rusiyanın razılığını almaq.

Təbii ki, məsələdə Rusiyanın mövqeyinin həlledici rol oynadığını desək, yanılmarıq. Rusiya ilə razılığın əldə olunmasını mürəkkəbləşdirən əsas amil isə Moskvanın xarici siyasətdə öz iqtisadi xeyrindən daha çox imperialist niyyətlərini üstün tutmasıdır. Lakin Avropanın sanksiyalarla Moskvanı hədələməsi təbii ki, təsirsiz ötüşmür. Kreml anlayır ki, gəlirin təmin olunması vacibdir və bunun üçün hansısa məqamda imperialist planlarından vaz keçməyə məcburdur. Azərbaycan Rusiyanın razılığını almaq üçün hər iki, amildən məharətlə istifadə edir.

Türkiyə Dağlıq Qarabağ probleminin həllində Azərbaycanla paralel çalışır və Ankaranın Moskvaya təsir göstərmək imkanlarından hər iki dövlət faydalanmağa çalışırlar. Rusiya üçün hazırki məqamda Türkiyə ilə iqtisadi münasibətləri yüksək səviyyədə saxlamaq xüsusilə vacibdir. Nəzərə almaq lazımdır ki, Ukrayna böhranından sonra qərb kapitalı sürətlə Rusiyadan çıxmaqdadır. Odur ki, Moskva çalışır ki, yaranmış boşluğu Türkiyə, Hindistan və Çin kimi dövlətlərlə iqtisadi əməkdaşlığı artırmaqla doldursun.

Digər yandan, Rusiyanın “Cənub axını” qaz kəmərinin reallaşması Ukrayna hadisələrindən sonra sual altına düşüb. Avropa Birliyinin qətnaməsinə əsasən qaz ixrac edən şirkət (dolayə yolla Rusiyanın Qazprom şirkəti nəzərdə tutulur) Avropa ölkələri ərazilərindəki boru kəmərlərinə sahib ola bilməz. Əslinda AB-nin bu qərarı Rusiyanın alternativ enerji layihəsini dondurmaq məqsədi daşıyır. Buna cavab olaraq, prezident Vladimir Putin isə bildirib ki, Rusiya “Cənub axını” layihəsini AB-yə daxil olmayan ölkələrin ərazisindən çəkə bilər. Məhz bu bəyanatdan sonra ekpertlər Rusiyanın bu kəməri Türkiyə vasitəsilə çəkmək niyyətində olduğunu ehtimal etməyə başladılar. Rusiya qazını Türkiyəyə, Türkiyə isə Avropaya ötürə bilər.

Bundan əlavə Rusiya ilə Türkiyə hələ 2010-cu ildə Türkiyə ərazisində Akkuyu atom elektrik stansiyasının tikintisi barədə razılığa gəlmişdilər. Dəyəri 20 milyard dollar olan bu layihənin də, reallaşması Rusiya üçün böyük əhəmiyyət daşıyır. Belə ki, Ankara layihənin icrasını “Rosatom” şirkətinə həvalə edib.

Rusiya ilə Türkiyə xarici işlər nazirlərinin bu il 27 may tarixində keçirdikləri görüşdən sonra verdikləri bəyanat iki ölkə arasında münasibətlərə Ukrayna hadisələrinin mənfi təsir göstərmədiyini sübut edir. Təbii ki, Rusiya üçün heç də ürəkaçan hesab olunmayan və ölkənin Qərb tərəfindən təcrid olunduğu bir vaxtda Ankaranın bu qədər güzəştə getməsi təmənnasız deyil. Əhməd Davudoğlunun da bəyanatından hiss olunur ki, ölkəsi Qarabağ məsələsində Rusiyanın Azərbaycanın mövqeyini dəstəkləməsini və işğal olunmuş ərazilərin geri qaytarılmasını istəyir.

“Ukrayna hadisələri Dağlıq Qarabağ probleminin yaxın vaxtlarda tənzimlənməli olduğunu göstərdi. Tənzimlənmə üzrə dəqiq addımlar atılmalıdır... Ümid edirik ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərəcək”deyə Davudoğlu rusiyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib. Lavrovun buna cavab olaraq “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli şərait yaranıb” deməsi Moskvanın mövqeyinin getdikcə Azərbaycanın xeyrinə dəyişdiyinin göstəricisidir.

Nəzərə alınmalıdır ki, Türkiyə hələ ki, Krım məsələsində Rusiyaya güzəştə getməkdədir və bu məsələni hansısa müstəvidə qabartmır. Krım məsələsi Türkiyəyə Rusiyaya təzyiq göstərmək üçün əlavə vasitə rolunu oynayır.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:  





Xəbər lenti