Si Cinpin: "İnternet ətrafında “möhkəm” təhlükəsizlik maneəsi yaradılmalıdır"
Təsadüfi deyil ki, Çinin sədri Si Cinpin onlayn məlumatların qorunması üçün son çağırışında ölkənin hakim Kommunist partiyasının nəzarəti altında internet ətrafında “möhkəm” təhlükəsizlik maneəsinin yardılması zərurətini vurğulayb.
Pekində keçirilmiş iki günlük kibertəhlükəsizlik iclasında iştirak edən rəsmilərə verilən təlimatda Si Cinpin, mövcud qanunlar çərçivəsində internetin idarə olunmasında, işləməsində və təminatında Çinin israrlı mövqeyini diqqətə çatdırıb.
“Biz Kommunist partiyasının internetlə bağlı idarəçiliyinə riayət və internetin insanlar üçün işləməsi prinsipinə əməl etməliyik”, - dövlət xəbər agentliyi ölkə rəhbərindən sitat gətirib.
Əslində, son onillikdə Si Cinpin siyasət və iqtisadiyyatdan tutmuş, ətraf mühitə və kiberməkana qədər hər şeyi əhatələyən təhlükəsizlik konsepsiyası əsasında təhlükəsizliyin təminatını prioritet vəzifələrdən biri kimi müəyyənləşdirib.
2015-ci ildə Pekin kiberməkan da daxil olmaqla, daha geniş əhatəli milli təhlükəsizlik qanunu qəbul edbi. Bir il sonra isə Çində təhlükəsizlik araşdırmaları və məlumatların serverlərdə saxlanması tələblərini ehtiva edən qanun qəbul olundu. 2021-ci ildə Çin sözdə kritik informasiya infrastrukturu ilə bağlı qaydalar tətbiq etdi. Bu il isə ölkə parlamenti milli təhlükəsizliklə bağlı məlumatların ötürülməsini qadağan etmək və casusluğun təfsirini genişləndirmək üçün casusluq əleyhinə qanunvericiliyi yeniləyib.
Çinin onlayn məlumatlarla bağlı sərt qaydalar və qanunlar bu ölkənin internet şəbəkəsində fəaliyyət göstərmək şirkətlər üçün risk yaradır. Bu ili aprel ayında ABŞ-nin Bain & Co konsaltinq şirkəti polisin Şanxaydakı ofisinə getdiyini və bəzi işçilərlə sorğu-sual apardığını açıqlayıb. “Financial Times” qəzeti bu sürpriz xarakterli səfər barədə məlumatlandırılan insanlara istinadən polisin kompüter və telefonları götürdüyünü yazıb.
Keçən il tənzimləyicilər Çinin ən böyük maliyyə məlumat provayderi olan “Wind Information Co”-nun offşor istifadəçilərinə müəyyən məlumatları təqdim etməyin dayandırıldığını bildiriblər.
2021-ci ildə isə, Çinin “Didi Global” nəhəng taksi şirkəti ABŞ-da publik hüquqi şəxs kimi fəaliyyət göstərməyə başlayandan cəmi iki gün sonra Pekindəki səlahiyyətlilər bu şirkətlə bağlı kibertəhlükəsizlik araşdırmaısna başladılar.
Sadalanan faktlar Çin hökumətinin kiberməkan ətrafında maksimum dərəcədə “möhkəm” maneələr yaratmaqda ən sərt metodlara belə əl atmağa hazır olduğunu sübuta yetirir.
Sahil İsgəndərov
AzVision.az