“L’Opinion”: “Erməni separatçıları silahı yerə qoydular”

    “L’Opinion”:  “Erməni separatçıları silahı yerə qoydular”
  21 Sentyabr 2023    Oxunub:1052
Fransanın “L’Opinion” saytında Azərbaycanın keçirdiyi antiterror əməliyyatı ilə bağlı Jean-Dominique Merchetin “Dağlıq Qarabağ: Erməni separatçıları silahlarını yerə qoyublar” adlı məqaləsi dərc olunub.
AzVision.az məqaləni oxucularına təqdim edir:

Dağlıq Qarabağın erməni separatçı qüvvələri bir gün əvvəl antiterror əməliyyatına başlayan Azərbaycan ordusuna qarşı bir sıra uğursuzluqlardan sonra çərşənbə günü atəşkəs razılaşmasının şərtlərini qəbul etdiklərini bildirdilər. Separatçıların məlumatına görə, Rusiyanın təklif etdiyi və bu çərşənbə yerli vaxtla saat 13:00-da qüvvəyə minən saziş bölgədəki erməni qüvvələrinin buraxılması və tərksilah edilməsini, habelə nizami erməni qüvvələrinin çıxarılmasını nəzərdə tutur. Ərazinin və orada yaşayan ermənilərin gələcəyi ilə bağlı müzakirələr cümə axşamı erməni əhalinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında aparılacaq.
Azərbaycanın çərşənbə axşamı günorta başlayan hərbi əməliyyatı iyirmi dörd saatdan az müddətdə öz məqsədlərinə nail oldu. Erməni qüvvələri müqavimət göstərə bilmədilər və faktiki təslim oldular. İki tərəf arasında çərşənbə günü atəşkəs əldə olunub. Danışıqlar cümə axşamı Yevlaxda (Azərbaycan) başlamalıdır.
Yəqin ki, başqa hadisələr də baş verəcək, amma Qafqazın geosiyasi xəritəsi gözümüzün qabağında dəyişdi. Yerli müstəvidə separatçı Dağlıq Qarabağ bölgəsinin erməniləri beynəlxalq etirazlara baxmayaraq, məğlub oldular. Lakin regional miqyasda və Ermənistanda siyasi çevrilişə cəhd etməklə Rusiya “yaxın xaricdə”, yəni keçmiş imperiyasında təsirini itirə bilər.
Vəziyyət 2020-ci ilin payızından Ermənistanın ilk hərbi məğlubiyyətindən sonra donmuşdu. Qalan sadəcə 3000 km²-lik kiçik bir anklav - “yarı fransız departamenti” 1991-ci ildən özünü “Artsax Respublikası” elan etmişdi. Ermənistan Respublikasından “Laçın dəhlizi” ilə ayrılan bu ərazi 2000 rus əsgərinin himayəsində idi. Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın ərazisində, onun 1991-ci il sərhədləri daxilində, sovet bölgüsündən miras qalmışdı. Ermənilərin fikrincə, Dağlıq Qarabağda 120 min əhali yaşayır, Azərbaycanın mübahisələndirdiyi rəqəm 50 min ətrafındadır.

"Qırmızı xətt"

Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun fikrincə, sentyabrın 9-da “Artsax”ın yeni “prezident”inin seçilməsi Bakı üçün “qırmızı xətt” idi. İyulun 12-dən Bakının qərarı ilə regionun blokadaya alınması ilə gərginlik yaranmışdı ki, bu da humanitar böhrana səbəb oldu. Azərbaycanın məlumatına görə, uzun müddətdir hazırlanmış əməliyyatın əsas səbəbi bazar ertəsi Ermənistan hərbçiləri tərəfindən yerləşdirilmiş minaların partlaması üzündən 11 nəfərin həlak olması olub.

Azərbaycan Ermənistanı Dağlıq Qarabağda təqribən 10 000 əsgərdən ibarət kontingent saxlamaqda günahlandırır. Onlardan 3 000-i yerli əsgərlərdir. Hərçənd, İrəvan bunu təkzib edib. Bu mövcudluq 2020-ci il müqavilələrinə zidd idi. Çərşənbə axşamı başlayan “antiterror” əməliyyatı məhz bu silahlı qüvvələrə qarşıdır. Azərbaycanın hərbi üstünlüyü danılmazdır. Ölkəni xüsusilə Türkiyə və İsrail dəstəkləyirlər.

İyirmi dörd saatdan az müddətdə Azərbaycanın pilotsuz təyyarələri və artilleriya qurğuları əksəriyyəti Rusiya mənşəli olan hərbi aktivlərə (radar, elektron müharibə, zenit sistemləri) hücum etdi və təmas xəttində 90 döyüş mövqeyini zərərsizləşdirdi. Bakı əmin edir ki, onun qoşunları ermənilərin yaşadığı şəhər və kəndlərə daxil olmaq niyyətində deyildi. İnsan itkisi hələ dəqiq bilinmir. Erməni mənbələri ən azı 32 nəfərin, o cümlədən 7 mülki şəxsin həlak olmasından danışırlar.

İndi Azərbaycan Respublikasının tərkibində bu erməni əhalisinin taleyi necə olacaq? Bakı onların Qarabağda qala biləcəklərinə inandırır və danışıqlar yolu ilə onların reinteqrasiyasını nəzərdən keçirir. Bununla belə, uzun müddət davam edən tarixi miras, qarşılıqlı qorxu və nifrət etimad mühitinin yaradılmasını çətinləşdirir. Ermənilər uzun müddət yaşadıqları bu torpaqları tərk edərək, qonşu Ermənistan Respublikasına sığınacaqlarmı? Hələlik bunu söyləmək tezdir, lakin ermənilər “etnik təmizləmədən” qorxurlar.

“Tarixi səhv”

Bu yeni məğlubiyyətin Ermənistanın özündə də nəticələri olacaq. Çərşənbə axşamı nümayişçilər baş nazir Nikol Paşinyanın istefasını tələb edərək, hökumətin qərargahını mühasirəyə alıblar. Azərbaycan hücuma keçən kimi Ermənistan onu “hərbi eskalasiyaya sürükləməyə çalışan daxili və xarici qüvvələrə” xəbərdarlıq edərək, münaqişədən kənarda qalmaq niyyətini bildirib. Onun qərbyönlü lideri hətta daha radikal ünsürlərin dövlət çevrilişi təhlükəsindən də bəhs etdi.

Ermənistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Moskvanın himayəsindən yararlanıb. Rusiyanın Ermənistan torpaqlarında ordusu və sərhədçiləri var. Moskvanın dəstəyi hətta Ermənistanın Azərbaycana qarşı birinci Dağlıq Qarabağ müharibəsində (1988-1994) qalib gəlməsinə imkan vermişdi. Avropalı diplomatların sözlərinə görə, 2020 və 2023-cü illərdəki məğlubiyyətlər ona göstərir ki, “Rusiya sığortası artıq işləmir”. Çərşənbə axşamı Rusiya kontingenti mülki əhalinin atəş altında olan əraziləri boşaltmasına kömək etməklə kifayətlənib. Baş nazir Paşinyan bundan istifadə edərək, ölkəsinin Moskvadan getdikcə uzaqlaşaraq Qərbə istiqamətlənməsini sürətləndirə bilər.

“Təhlükəsizliyimizi Rusiyaya etibar etməyimiz tarixi səhv idi”,- o, sentyabrın 3-də Ermənistanda ABŞ-la hərbi təlimlər keçirilərkən etiraf edib. Bununla belə, ölkədə rusiyayönümlü qüvvələr təsirini saxlayır. Dağlıq Qarabağın məğlubiyyəti ilə onlar Paşinyanı devirmək cəhdində millətçilik alovunu qızışdıra bildilər. O, 2018-ci ildə Kremldə təqdir olunmayan demokratik inqilabdan sonra hakimiyyətə gəlib.

Materialı digər dillərdə də oxuya bilərsiniz:
“L’Opinion”: "Armenian separatists lay down their arms"
“L’Opinion” : “Erməni separatçıları silahı yerə qoydular”
Berg-Karabach: Armenische Separatisten legen ihre Waffen nieder
Haut-Karabakh: les séparatistes arméniens déposent les armes
Nagorno-Karabaj: Los separatistas armenios deponen las armas


Teqlər: Antiterror   Fransa  





Xəbər lenti