“Vardanyan planı” niyə pozuldu | Vüsal Məmmədovun təhlili

      “Vardanyan planı” niyə pozuldu    | Vüsal Məmmədovun təhlili
  28 Sentyabr 2023    Oxunub:161961
2022-ci ilin sentyabrın 1-də Ruben Vardanyan təntənəli şəkildə Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa yollandı. Həmin vaxta qədər də o, istər Qarabağda, istərsə də Ermənistanda xeyli layihələr həyata keçirmişdi. Elə isə, Rusiya vətəndaşlığından imtina etmək nəyə lazım idi?
Ona görə lazım idi ki, Rubik bu dəfə biznes yox, siyasi layihələrlə gəlirdi. Daha doğrusu, göndərilirdi. Və bu missiyada Rusiya pasportu ona ciddi şəkildə mane ola bilərdi.
Vardanyan “Forbes”in Rusiya nəşrinin ən zəngin adamlar siyahısına ilk dəfə 2007-ci ildə düşmüşdü. 2021-ci ildə jurnal onun sərvətini 1 milyard dollar qiymətləndirirdi. 2022-ci ilin sentyabrın 5-də “Forbes” nəşrinə verdiyi müsahibədə Vardanyan deyirdi ki, 2021-ci ilin iyununda Ermənistan pasportu alıb. Bu, vacib detal idi.

İnsan milyardlıq biznesinin olduğu ölkənin vətəndaşlığından hansı halda imtina edər? Ancaq məcburiyyət qarşısında. O, özünə tapşırılan yeni rolu oynamalı idi.
2022-ci ilin sentyabrın 8-də Qarabağdakı qondarma qurumun “prezidenti” Araik Arutyunyan “milyarder patriot”la görüşür. Okyabrın 4-də isə ona “dövlət naziri” postunu təklif edir. Çox güman ki, Arayiki bu addıma məcbur etmişdilər. Çünki həmin kresloda onun özünün təyin etdiyi və yaxın adamlarından olan reptiloid Artak Beqlaryan oturmuşdu. Araikin öz təşəbbüsü ilə onu əvəzləmək istəməsi inandırıcı görünmürdü.
Oktyabrın 15-də Vardanyan Moskvaya uçur və orada 5 gün davam edən “məsləhətləşmələrdən” sonra təklifi qəbul edir.

“Böyük at” üçün böyük tövlə

Vardanyanın Qarabağdakı qondarma və perspektivsiz bir qurumun mənasız postunda oturdulması Moskvanın nəyinə lazım idi? Heç nəyinə! O, daha böyük missiya üçün nəzərdə tutulmuşdu. Söhbət Ermənistanın baş naziri Nikol Paşinyanı əvəzləməkdən gedirdi. Rusiya oxşar oyunu bir dəfə oynamışdı: 1998-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyan Qərbə meyillənib, Azərbaycanla anlaşmağa cəhd edəndə Qarabağdakı qondarma qurumun o vaxtkı prezidenti Robert Koçaryan İrəvanda hakimiyyətə gətirilmişdi. İndi də Moskvada eyni suya ikinci dəfə girməyi düşünürdülər.

“Vardanyan Ermənistandakı siyasi proseslərə aktiv şəkildə qoşulmaq istəyir. O, növbəti parlament seçkisində iştirak etmək və baş nazir seçilmək niyyətindədir. Rusiya Vardanyanın simasında Ermənistanın indiki rəhbərliyinə xələf hazırlayır ” – 2022-ci il oktyabrın 15-də “Hraparak” yazırdı.


Gələcəkdə Paşinyanın yerinə keçə bilmək üçün Vardanyan nə etməli idi? Onun edə bilmədiyini! Paşinyan “Artsax”ı müdafiə edə bilməmişdi. Vardanyan bunu bacarsa, “Versiya” qəzetinin iddia etdiyi kimi, ermənilərin milli liderinə çevrilə bilərdi!..
Nəzəri cəhətdən plan qüsursuz görünürdü. Amma bir vacib məqam nəzərdən qaçırılmışdı: bu yolla Ermənistanın hakimiyyət olimpinə doğru gedərkən Vardanyan çirkli ayaqları ilə Azərbaycanın maraqlarını tapdalamalı idi. Azərbaycan isə buna yol vermək niyyətində deyildi.

2022-ci ilin noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyir ki, biz Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi barədə danışmağa hazırıq, amma “Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Bağlanan yollar

Həmin əsnada Vardanyanın rəhbərliyi altında xarici şirkətlərin iştirakı ilə Qarabağdakı Qızılbulaq və Dəmirli qızıl yataqlarının qanunsuz istismarı güclənirdi. Azərbaycan yataqlarda ekoloji monitorinq aparmağı tələb etsə də, 2022-ci il dekabrın 3-də və 7-də göstərilən cəhdlər baş tutmur. Separatçılar monitorinqə imkan vermirlər, sülhməramlılar isə fəaliyyətsizlik göstərir. Belə olanda bir qrup QHT nümayəndəsi və ekoloji fəallar etiraza qalxaraq, Xankəndi-Laçın yolunu bağlayırlar. O yol separatçılar üçün bir daha açılmayacaqdı...


Bu aksiya Ruben Vardanyanın “vəzifə”sinin də sonu olur: 2023-cü il, fevralın 23-də onun siyasi karyerası elə başladığı kimi də uğursuz və ləyaqətsiz şəkildə bitir. Paralel olaraq, gələcək taleyi ilə bağlı suallar ortaya çıxır: Mavr işini görməyibsə, gedə bilərmi?
Məlum oldu ki, yox, gedə bilməz.

Vardanyanın yerinə gələn Qurgen Nersisyan Rusiya əleyhinə fikirlər səsləndirməyi özünə tez-tez rəva görürdü. Buradan anlamaq mümkündür ki, Vardanyanı Nersisyanla əvəzləmək heç də Rusiyanın planı olmayıb. Çox güman ki, Paşinyan-Arutyunyan düşərgəsi Laçın yolunun bağlanmasının yaratdığı gərginlikdən Vardanyanı "vurmaq" məqsədilə istifadə etmişdi.

Əgər rotasiyanı Moskva həyata keçirsəydi, özünə daha loyal bir adamı gətirərdi. Gətirir də: Avqustun 31-də qondarma qurumun rəhbəri Araik Arutyunyan “istefa” qərarını açıqlayır və onun yerinə Samvel Şahramanyan keçir.

“B” planı

Qarabağ separatçılarının məşhur fiqurlarından olan Samvel Babayanın sözlərinə görə, Araikin əvəzlənməsi Rusiya Federal Təhqiqat Xidmətinin (FSB) 5-ci şöbəsinin (“5-я служба”) işi idi.

Bu şöbə FSB-nin xarici əlaqələrinə və əməliyyatlarına cavabdehdir. Vaxtilə Putinin özü də bu xidmətə rəhbərlik edib. Qərb kəşfiyyatı MDB məkanında “rəngli inqilablar” dalğası başladanda Putin ona əks tədbirlər görməyi məhz FSB-nin 5-ci şöbəsinə həvalə etmişdi. Amma 2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlar başlayandan sonra məlum olur ki, FSB-nin işi son dərəcə yarıtmaz imiş. Ona görə də, mart ayında Rusiya prezidenti həmin xidmətdə çox dərin islahatlar aparır.

Araik Arutyunyan doğrudan da FSB-nin “5-ci xidmət”inin əli ilə istefaya məcbur edilibsə, bu, Rusiyanın planının dəyişməsindən xəbər verirdi. Yeni planda daha Vardanyana yer yox idi: Kremldə başa düşmüşdülər ki, o, heç bir halda Paşinyanı əvəzləyə bilməyəcək. Paşiki devirmək üçün başqa plan və başqa ssenari lazımdır . Rubikin şəxsində isə onlar yanlış ata “stavka” qoyublar. Atları dəyişmək vaxtıdır.
Yaxşı, bəs Rubik nə olsun?!
Rubikin isə canı cəhənnəmə!
Amma yalnız Rubikin, onun milyardlarının yox...

Rusiya, yaxud FSB-nin “5-ci şöbəsi” istəsəydi, Ruben Vardanyanı asanlıqla Xankəndidən çıxara bilərdi. Xankəndidə benzin anbarının partlaması nəticəsində yaralanan insanları İrəvana daşımaq üçün vertolyotlar 16 reys ediblər. Artıq çəkisinə baxmayaraq, onların birinə Rubiki də dürtmək olardı… amma niyə?
«Загнанных лошадей пристреливают, не правда ли?»*

Vüsal Məmmədov
AzVision.az

* “They Shoot Horses, Don't They?” – Sidni Pollakın 1969-ci ildə çəkdiyi məşhur film


Teqlər: Vardanyan  





Xəbər lenti