Paşinyanla başlamadı: Ermənilərin Rusiyaya xəyanətinin çox zəngin tarixi var.. | Mübariz Əhmədoğlunun yazısı

      Paşinyanla başlamadı:    Ermənilərin Rusiyaya xəyanətinin çox zəngin tarixi var..    | Mübariz Əhmədoğlunun yazısı
  02 Oktyabr 2023    Oxunub:6140
Rəsmi Moskva İrəvanın hərəkətlərindən az qala şoka düşüb. Ermənistan KTMT üzvü ola-ola ərazisində ABŞ-la birgə təlim keçirdi. “Roma statutu”nu ratifikasiya etdi. Məqsəd Putin Ermənistana gələcəyi təqdirdə onu Qərbin sifarişi ilə həbs etməkdir. Bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Ermənistanın 44 günlük müharibə və Qarabağ mövzularında Rusiyanı günahlandırması tamamilə yersizdir. Paşinyan 2018-ci ildə hakimiyyəti ələ alan kimi birinci addımı KTMT-nin baş katibi Yuri Xaçaturovu həbs etdirmək oldu. Məqsəd KTMT-nin imicinə zərbə vurmaq idi. Paşinyanın hərəkətlərində anti-Rusiya xətti məhz o nöqtədən başlayır.

Paşinyana qədər Ermənistanın prezidenti olmuş Serj Sərkisyan Rusiyanın mərkəzi qəzetlərinə verdiyi müsahibələrdə SSRİ-nin dağıdılmasında ermənilərin rolunu etiraf etmişdi. SSRİ-nin dağılmasının məhz Qarabağdan başlanması kifayət qədər əsaslandırılmış versiyalardandır.

Sərkisyan prezident olarkən Moskva mətbuatına verdiyi müsahibədə SSRİ-ni “ermənilər üçün cəhənnəm” adlandırmışdı. Halbuki, dünyada olan 7 erməni milyarderin altısı Moskvada, cəmi biri - Kirk Kirkoryan ABŞ-da yaşayırdı.
1965-ci ildə kommunist ideologiyasının tam hökmran olduğu SSRİ -də ermənilər üçün dini və etnik abidə, “soyqırımı” memorial kompleksinin tikilməsi barədə qərar qəbul edilmişdi. Başqa heç bir dinə belə münasibət olmayıb. “Cəhənnəm” heç də pis yer deyilmiş...

Serj Sərkisyan “Şərq Tərəfdaşlığı” layihəsinin qızğın tərəfdarı və onun anti-Rusiya xarakteri almasının təşəbbüskarı idi. O, özünü “Şimali Qafqazın açarı” kimi təqdim edirdi. Avropadan gələn dövlət rəsmiləri, yüksək səviyyəli siyasətçilər onunla Şimali Qafqazdakı vəziyyəti müzakirə edirdilər. Halbuki Şimali Qafqazın Ermənistana heç bir coğrafi və etnik aidiyyəti yoxdur.

Sərkisyan “çərkəz soyqırımı”nı tanımağın bir addımlığında idi. Əgər Kreml barmağını silkələməsəydi, ermənilər “çərkəz soyqırımı”nı tanıyacaqdılar.
Əslində Sərkisyanın anti-Rusiya mövqeyi də yenilik deyildi: O, sadəcə, sələfi Köçəryanın erməni hiyləgərliyi ilə pərdələnmiş xəttini yeni mərhələyə çıxarmışdı. ABŞ-ın dünyada ikinci böyük səfirlik binasını Ermənistanda tikməsinin təşəbbüskarı Köçəryan idi. O, binanın layihəsini şəxsən özü seçmiş, ABŞ-ın ayırdığı büdcə vəsaiti yetməyəndə erməni iş adamlarından pul toplamışdı.

O dövrdə Rusiya “Sibir” aviaşirkətini əsas aviadaşıyıcısı kimi Ermənistana göndərmişdi. Köçəryan vergi yoxlamaları ilə bu aviaşirkəti elə hala saldı ki, “Sibir” üzr istəyib, Ermənistanı tərk etdi. Ölkənin yanacaq sektorunun Rusiyanın nəzarətindən çıxarılıb, Rumıniyanın təsiri altına keçməsi də belə baş verdi. Bu proseslərə Bakı ermənisi, Köçəryanın çox yaxın dostu olmuş Mika Baqdasarov başçılıq edib. “Armavia” və “Fleş” kompaniyalarını da o yaratmışdı.

“Armrosqazprom”da Rusiyanın payının Ermənistanın xeyrinə azaıdılması da Köçəryanın dövründə başladı. Bu addımları atarkən o ilk növbədə erməni hiyləgərliyinə və Rusiya elitasındakı ermənilərə arxalanırdı.

Müttəfiq respublikalar arasında sovet ordusunu ərazisindən ilk çıxaran ermənilər olmuşdu. Sadəcə, 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycan ordusu Xankəndiyə yaxınlaşanda Levon Ter-Petrosyan Yeltsinə yalvararaq, indiki 102-ci hərbi bazanın Ermənistanda qalmasına nail oldu.

Spitak zəlzələsi zamanı SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov Ermənistana o vaxtkı büdcəsinin 2-3 misli qədər – təxminən 6-7 milyard dollar pul ayırmışdı. Sonradan bəlli oldu ki, həmin vəsait Spitak zəlzələsinin fəsadlarının aradan qaldırılmasına deyil, Qarabağda gedən müharibəyə sərf olunub.

Bütün bunlar ermənilərin ruslara münasibətini müsbətə doğru dəyişə bilmişdimi? Xeyr. Yerevanın mərkəzində “İvan, çamadanını götür, evə get”, “İvan, şinelini götür, get evinə” şüarları səslənirdi. Ermənistanda rus dilinə, mədəniyyətinə qarşı aparılan kampaniya Baltikyanı ölkələrdəkindən kəskin idi.

SSRİ-də terror nadir hallarda olurdu. Belə hallardan biri ermənilərin Moskva metrosunda partlayış törətməsi idi.

Məsələyə bir qədər də dərindən baxsaq, ermənilərin ruslara ilk xəyanəti Tehranda çar Rusiyasını səfiri Qriboyedovun qətlə yetirilməsində iştiraklarından başlamışdı.

ABŞ Dövlət Departamenti Qarabağ ermənilərinə azadlıq və Ermənistana müstəqillik tələbi ilə Moskvanı məktub atəşinə tuturdu. O zaman bu proseslərin hamısında Sovet İttifaqının, sonradan Rusiyanın elitasına daxil olan şəxsləri iştirak edirdilər.

Kreml nə vaxt istəsəydi, bu ardıcıllığı poza bilərdi, amma pozmadı. Çünki özünün də marağı var idi: Rusiya elitası dünya erməniliyinin siyasi dəstəyindən və maliyyəsindən asılı vəziyyətdə idi. Ona görə sonda gəlib belə vəziyyətə çıxdı...

SSRİ-nin mövcudluğu ilə bağlı keçirilən referendumda Ermənistan əleyhinə səs verdi. Ona bu qədər yaxşılıqlar edən dövlətin məhvini istəyən xalq Rusiyaya sadiq ola bilərdimi?
Buna inanmaq üçün ya çox sadəlövh, ya da çox optimist olmaq lazımdır. Rusiya rəhbərliyi bunlardan hansıdır, qoy özü desin...

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: Xəyanət   Ermənistan   Rusiya  





Xəbər lenti