Ukrayna müharibəsinin iqtisadiyyatımıza təsiri: Tədiyyə balansı azalır – TƏHLİL

      Ukrayna müharibəsinin iqtisadiyyatımıza təsiri:    Tədiyyə balansı azalır –    TƏHLİL
  06 Oktyabr 2023    Oxunub:6312
Hər bir ölkə üçün tədiyyə balansı mühüm göstəricidir. Sadə dillə desəm, tədiyyə balansı - ölkəyə daxil olan və ölkədən çıxan pul kütləsinin fərqidir. Odur ki, tədiyyə balansı üzrə profisit daxili valyuta bazarı və milli pul vahidinin dəyəri baxımından müsbət, defisiti isə mənfi göstərici kimi qəbul edilir.
Ölkəmizə valyuta gətirən və xarici gəlirlərimizin əsasını təşkil edən xam neft və neft məhsullarıdır. Odur ki, tədiyyə balansı göstəricisi baxımından ölkəmizə kənardan pul axını mənbələri bizim üçün xüsusi əhəmiyyət daşıyır. Onların sayının çox olmasında maraqlıyıq. Ancaq Mərkəzi Bankın (AMB) 2023-ci ilin ikinci rübünə dair məlumatında qeyd edilir ki, ölkəmizin tədiyyə balansının cari əməliyyatlar hesabı üzrə profisit 5,2 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə az deməkdir. 2022-ci ilin eyni dövründə profisit 10,33 milyard dollar təşkil etmişdi. Azalma neft-qaz qiymətlərində ucuzlaşma, eyni zamanda idxalın artması və pul baratlatında əksilmə ilə izah olunur.

Ölkəmizə xaricdən pul daxil olmaları ümumiyyətlə azalıb. Və bu olduqca böyük mənfi hal sayılır. AMB-nin məlumatına görə, ötən ilin yanvar-iyun aylarına nisbətən ölkəmizə pul köçürmələri 2 dəfə və ya 1 milyard 327 milyon manat az olub. Hesabat dövründə banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 299,9 milyon manat vəsait daxil olub ki, bu rəqəm 2022-ci ilin eyni dövründə 2 milyard 627 milyon təşkil etmişdi.

Azərbaycana xaricdən pul köçürmələrinin azalması Rusiyadakı böhranla əlaqədardır. Düzdür, digər ölkələrdən də pul köçürmələri var, olub və olacaq. Lakin onların həcmi heç vaxt Rusiyadan köçürülən qədər olmayıb və olmayacaq. Bizdən işçi qüvvəsi həmişə ən çox məhz Rusiyaya üz tuturdu. Odur ki, Rusiya rublunun dəyərdən düşməsi də əsas səbəblər sırasındadır.

Rusiya-Ukrayna müharibəsi başlayan kimi sanksiyaların tətbiqinin ölkəmizə pul köçürülmələri həcmini azaldacağı qabaqcadan bəlli idi. Təsadüfi deyil ki, ötən ilin əvvəlində, yəni müharibə başlayan kimi ölkəmizə köçürmələrin həcmi birdən-birə artmışdı. Çünki Rusiya və Ukraynada çalışan azərbaycanlılar əllərində olan bütün vəsaitlərini dərhal Vətənə göndərməyə başlamışdılar. Ancaq bu, müəyyən müddət davam edə bilərdi.

Bəs bu vəziyyət nə qədər davam edəcək və iqtisadiyyatımıza təsiri varmı?!

Nə qədər ki, müharibə davam edir, Rusiya sanksiyalar altındadır və rubl ucuzlaşır, oradan Azərbaycana pul axını getdikcə azalacaq. Proses uzun müddət davam edərsə, ölkə iqtisadiyyatına mənfi təsiri getdikcə açıq hiss olunacaq.

İstənilən ölkə üçün pul axını həcminin böyük olması tədiyyə balansı, iqtisadiyyat, daxili istehlak bazarında alış-veriş və ölkə əhalisinin dolanışığı baxımından əhəmiyyət daşıyır. Xaricdən pul köçürmələri az olan ölkələrdə sadalanan cəhətlər baxımından ciddi çətinliklər hökm sürür.

Doğrudur, hazırda neftin hesabına ölkəmizə pul axını çıxışı ilə müqayisədə çoxdur. Amma kənardan, xüsusən də Rusiyadan pul köçürmələrinin azalması davamlı xarakter daşımasa yaxşıdır. Proses uzun müddət davam edərsə, ölkə iqtisadiyyatı üçün bir sıra mənfi cəhətlər ortaya çıxaracaq. İqtisadi artımda, daxili ticarətin genişlənməsində və ölkə əhalisinin yaşayış səviyyəsində bir sıra mənfi nəticələr yarana bilər. Çünki bir ildə 2 dəfə azalma kiçik rəqəm deyil.

Bəs çıxış yolu nədədir? Düşünürəm, əsasən üç sahəyə diqqət artmalıdır: məşğulluğa, ticarətə və tikinti sektoruna. Ölkəyə pul köçürmələrinin azalması mənfi təsirini iqtisadiyyatın məhz bu sektorlarında büruzə verəcək. Hökumət indidən bu sahələrə dair sığortalayıcı və stimullaşdırıcı tədbirlərə aid xüsusi plan hazırlıqlarına başlasa yaxşıdır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: İqtisadiyyat  





Xəbər lenti