Quş qripinə dayanıqlı toyuqlar yetişdirilir

   Quş qripinə dayanıqlı toyuqlar yetişdirilir
  12 Oktyabr 2023    Oxunub:1573
Alimlər quş qripinə qismən dayanıqlı olan və genləri modifikasiya olunmuş (GMO) toyuqlar üzərində tədqiqatı başa çatdırıblar.
Quşlar tam immunitetə malik olmasalar da, alimlərin bildirdiyinə görə, üç il ərzində genetik tədqiqatlar vasitəsilə virusun qarşısını tam almaq mümkün olacaq.

Son nəticələr göstərir ki, quşların DNT-sində əlavə dəyişikliklər edilərsə, tam immun olunmuş toyuqlar yarana bilər. Tənqidçilər isə deyirlər ki, gen modifikasiyası heyvan xəstəliklərinin köklü səbəbini yox, yüksək sıxlıqlı quşçuluq simptomlarını həll edir.

Edinburq Universitetinin Roslin İnstitutunun professoru Helen Sanq komandanın əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib. O deyib: "Nəticələrin çox ümidverici olduğu nöqtəyə gəldik və bu yanaşmanı daha da irəli aparmaq istəyirik. Tədqiqatçılar quş qripinin (H5N1 virusu) toyuqlarda çoxalması üçün vacib olduğuna inandıqları üç geni müəyyən ediblər. Onlar gen modifikasiyası kimi bilinən texnologiya vasitəsilə genlərdən birində iki kiçik dəyişiklik ediblər. Yetişdirilən toyuqlarda iki ildən sonra da heç bir yan təsir olmayıb. Onların quş qripinə qarşı müqaviməti də artıb, lakin tam immun nəticə əldə edilməyib; virusun yüksək dozası ilə yoluxmuş toyuqların yarısında infeksiya yaranıb.

Quş qripinə qarşı immunitetin artması müsbət qarşılansa da, alimlərin sözlərinə görə, praktikada yalnız tam toxunulmazlığı təmin edən bir həll metodu istifadə edilə bilər. Qismi immuniteti inkişaf etdirən hər hansı bir müdaxilədən geniş şəkildə istifadə olunarsa, bir mutasiya virusu insanlar üçün ölümcül ola bilər, həmçinin qlobal pandemiya riski də artar.

Lakin Roslin İnstitutunun professoru Mayk Makqryu BBC telekanalına bildirib ki, sınaq borularında aparılan təcrübələr hər üç gendə dəyişiklik ediləcəyi təqdirdə virusa tam müqavimətli quşlar yetişdirilə biləcəyini göstərib. "Hüceyrələrdə bu düzəlişləri etdikdə, virusun artması müşahidə edilmədi və H5N1 virusuna yoluxma tamamilə dayandırıldı. Mən üç genin modifikasiya edilməsinin tam toxunulmazlıq verəcəyinə son dərəcə əminəm", -deyə o əlavə edib.

Genetik modifikasiya bir genin funksiyasını dəyişdirmək üçün DNT-də dəqiq dəyişikliklər edilməsini ehtiva edir. Bu vəziyyətdə quş qripinin çoxalmasına kömək etmək üçün üç gen dəyişdirilib, lakin quşlara zərər verilməyib. Tədqiqatçılar növbəti mərhələdə genləri modifikasiya edilmiş toyuqları istehsal etməzdən əvvəl tələb olunan əlavə genetik dəyişiklikləri müəyyən etməyə çalışırlar.

Quş qripi həm quşçuluqla məşğul olan insanlara, həm də vəhşi quş populyasiyalarına dağıdıcı təsir göstərən əsas qlobal təhlükədir. Təkcə Böyük Britaniyada hazırda H5N1 virusu epidemiyası dəniz quşlarının populyasiyasını azaldıb və quşçuluq sənayesinə 100 milyon funt sterlinqdən çox ziyan vurub.(AzərTac)

AzVision.az



Teqlər:





Xəbər lenti