ABŞ-da keçirilən konfransda Azərbaycanın enerji siyasəti müzakirə olunub

 ABŞ-da keçirilən konfransda  Azərbaycanın enerji siyasəti  müzakirə olunub
  14 Oktyabr 2023    Oxunub:1246
ABŞ-ın Pensilvaniya ştatında Azərbaycanın Vaşinqtondakı səfirliyinin və ABŞ-ın enerji sektorundakı nüfuzlu qurumlarının birgə təşkilatçılığı ilə “Enerji Təhlükəsizliyi Konfransı” keçirilib.
AzVision.az xəbər verir ki, konfransda Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Pensilvaniya ştatının konqresmenləri, ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi, Konqres Araşdırma Xidməti, Vaşinqton İnstitutu və İrs Fondundan nümayəndələr, Nyu-York, Kolumbiya, Rays, Texas A&M universitetlərinin təmsilçiləri və digər dövlət və özəl sektor nümayəndələri iştirak ediblər.

İkinci dəfə təşkil olunan ənənəvi konfrans enerji sahəsində müxtəlif diskussiyalara həsr olunmuş altı müxtəlif paneldən ibarət olub.

“Böyük Güclər Rəqabətinin Enerji Təhlükəsizliyinə Riskləri” adlı paneldə çıxış edən səfir X. İbrahim, Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda apardığı siyasət və təşəbbüskarı olduğu regional layihələr barədə qonaqlara məlumat verib.

Səfir Azərbaycanın qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfədən bəhs edib. X. ibrahim ABŞ ilə Azərbaycan arasında enerji, o cümlədən digər bütün sahələrdə ikitərəfli münasibətlərin xüsusi ilə son illərdə inkişaf etdiyini qeyd edib. O, Azərbaycanın əsasən neft və qaz ixrac edən ölkə olması ilə yanaşı, hazırda bərpa olunan və alternativ enerji mənbələrində istifadə ilə bağlı atılmaqda olan önəmli addımlara toxunulub. O, ərazilərimiz işğaldan azad edildikdən sonra bu sahədə potensialın daha da artdığı və həmin bölgənin sıfır emissiyalı əraziyə çevrilməsi istiqamətində ciddi bərpa və yenidənqurma işlərinin aparıldığı xüsusi vurğulanıb.

Müzakirələrdə iştirak edən ABŞ-ın enerji sektorundakı nüfuzlu qurumlarının nümayəndələri Azərbaycanın enerji sektorunda reallaşdırdığı genişmiqyasılı layihələrin dünya ölkələrinin enerji təminatında tövhələrindən bəhs ediblər.

Paneldə çıxış edənlər ABŞ-Azərabycan arasında yaxın gələcəkdə həyata keçirilməsi planlanan müxtəlif layihələr ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

AzVision.az



Teqlər: ABŞ   Azərbaycan   Enerji  



Xəbər lenti