Tarixdəki ən qısa 10 müharibə: Biz ikinci yerdəyik

   Tarixdəki ən qısa 10 müharibə:    Biz ikinci yerdəyik
  20 Oktyabr 2023    Oxunub:161784
Müharibə! Bu sözdə nə qədər dərd, iztirab, ölüm var. Tarix elə formalaşıb ki, insanlar hər zaman sülh içində yaşaya bilmirlər. Savaşmaq üçün həmişə səbəb tapılıb: torpaq, ərzaq, din, ideyalar, millətçilik… İnsanlar eramizdan çox-çox əvvəllər də döyüşüblər, təəssüf ki, bu günə qədər də çox şey dəyişməyib.
Tarixçilərin hesablamalarına görə, bəşər tarixi üç milyarddan çox insanın həyatına son qoymuş on beş mindən çox müharibə görüb. Onlarla, hətta yüzlərlə il davam edən uzun müharibələr olub. Bəzən isə məsələni aydınlaşdırmağa saatlar, hətta dəqiqələr də kifayət edib.

Bu məqalə tarixdəki ən qısa on müharibədən bəhs edir. 2023-cü il, sentyabrın 19-da Azərbaycanın Qarabağdakı qanunsuz silahlı birləşmələrə qarşı keçirdiyi əməliyyatı bura daxil etmək doğrudurmu? Axı bu, sözün geniş anlamında müharibə yox, antiterror əməliyyatı idi. Biz bu haqda hökm vermək istəmirik. Amma daxil edilsə, cəmi 23 saat sürən həmin parlaq əməliyyat dünya tarixinin ikinci ən qısa müharibəsi sayıla bilərdi.

1. İngilis-Zənzibar müharibəsi (38 dəqiqə)

1896-cı il avqustun 27-də Böyük Britaniya ilə Zənzibar Sultanlığı arasında baş verən və cəmi 38 dəqiqə davam edən müharibə Ginnesin Rekordlar Kitabına düşüb.


Böyük Britaniya əmisi oğlunun ölümündən sonra hakimiyyəti ələ keçirən yeni Zənzibar sultanını qəbul etməmiş və ondan səlahiyyətlərini “öz adamlarına” verməsini tələb etmişdi. Sultanın imtinasından sonra Britaniya donanması səhər tezdən adanın sahillərinə yaxınlaşaraq, ultimatumun vaxtı bitəndə - səhər saat 9:00-da bir cüt kreyser və bir neçə kiçik döyüş gəmisindən atəş açdı. Sultanın sarayı və yeganə döyüş gəmisi atəşə tutuldu. Yeni sultan qaçdı. Bütün bunlar cəmi 38 dəqiqə çəkdi. Ancaq bu qısa müddət də Zənzibarın 600-ə yaxın vətəndaşının həyatını itirməsinə kifayət etdi.

2. Qarabağda antiterror əməliyyatı (23 saat)

44 günlük müharibədə Ermənistanı darmadağın edən Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini rəsmən elan etdi. Rəsmi Bakı Qarabağda yaşayan ermənilərə öz vətəndaşları kimi yanaşaraq, onların reinteqrasiyası üçün planlar qururdu. Amma Qarabağdakı qondarma qurum bölgədəki Rusiya sülhməramlılarına güvənərək, Ermənistanın da dəstəyi ilə silahlanmağa və Azərbaycana meydan oxumağa davam edirdi. Regionda böyük miqarda silah-sursat cəmlənmişdi.


Bakının bütün sülh təklifləri rədd olunur, hətta Xankəndiyə humanitar yardım aparan maşınların qarşısı kəsilirdi. Eyni zamanda hərbi təxribatlar və ərazilərin minalanması davam edirdi. Ermənilər xüsusi elektron qurğularla mülki təyyarələrə maneələr yaradırdılar.
Nəhayət, bütün bunlara son qoymaq üçün 2023-cü il, sentyabrın 19-u, günorta saat bir radələrində Azərbaycan antiterror əməliyyatlına başladı. 23 saat sonra separatçılar təslim oldular.

3. Hindistanın Qoanı ilhaqı (36 saat)

1961-ci il dekabrın 18-də Hindistan yarımadanın cənubundakı Portuqaliya koloniyasını hərbi yolla ələ keçirdi. “Vicay əməliyyatı” adlanan silahlı aksiya 36 saat davam etdi və Hindistanın həlledici qələbəsi ilə nəticələndi. Portuqaliyanın Qoadakı müstəmləkə hökmranlığına son qoyuldu.
Portuqaliya hələ də Hindistanın onlara hücum etdiyini düşünür. Hindistan isə bunu öz növbəsində işğal deyil, azadlıq müharibəsi hesab edir.

4. ABŞ-ın Qrenadaya müdaxiləsi (3 gün)

1983-cü il oktyabrın 25-də ABŞ “Qəzəb alovu” adlı hərbi əməliyyata başladı. Məqsəd regionda sabitliyi bərpa etmək, həmçinin Amerika vətəndaşlarını qorumaq idi. Əslində Birləşmiş Ştatlar Kuba hadisələrinin təkrarlanmasından qorxurdu, çünki Qrenada kommunist əhval-ruhiyyəsi ilə SSRİ-yə yaxınlaşırdı.


Qrenadada çevrilişdən və marksistlərin hakimiyyəti ələ keçirməsindən sonra ABŞ müharibəyə başladı. Hər iki tərəfdən itki yüz nəfərdən az oldu, lakin Qrenadanın infrastrukturu əhəmiyyətli dərəcədə zədələndi. Bir ay sonra ABŞ Qrenadaya 110 milyon dollar məbləğində təzminat ödədi.

5. Misir-Liviya müharibəsi (4 gün)

1977-ci ildə Liviya və Misir arasında baş verən hərbi qarşıdurma heç bir dəyişikliyə səbəb olmadı. Tərəflər bir neçə tank və hava döyüşü keçirdilər. Misirin bir neçə diviziyası Liviyanın Musaid şəhərinə daxil oldu. Bununla da döyüşlər başa çatdı. Münaqişədən sonra dövlətlərin sərhədləri dəyişmədi, razılaşmalar əldə olunmadı.

6. Ağaşer müharibəsi (6 gün)

1974-cü ildə Mali ilə Burkina-Faso arasında minerallarla zəngin Ağaşer zolağına görə hərbi münaqişə baş verdi. Bu hərbi münaqişənin başqa adı - “Milad müharibəsi”dir. Zəngin əraziləri həm Mali, həm də Burkina Faso ələ keçirmək istəyirdilər. Əvvəlcə sadəcə mübahisələr vardı, lakin 1974-cü ilin dekabrında Burkina-Fasonun yeni lideri Ağaşerə hücum edərək sözdən hərəkətə keçdi.


Hər iki tərəfin qoşunları itkilər verməyə başladı. Dekabrın 30-da tərəflər danışıqlar, atəşkəs və əsirlərin mübadiləsi barədə qərar qəbul etdilər, lakin zəngin ərazi ilə bağlı razılığa gələ bilmədilər. Bir il sonra BMT mübahisəli ərazinin iki dövlət arasında bərabər bölünməsi haqda qərar verdi.

7. Altı günlük müharibə (6 gün)

Tarix boyu israillilərlə ərəb xalqları arasında çoxlu münaqişələr olub. 1967-ci ildə İsraillə rəqibləri: Misir, İraq, Suriya, İordaniya və Əlcəzair arasında daha bir müharibə başladı. Yaxın Şərqin müasir tarixinin ən dramatik hadisələrindən birinə çevrilən münaqişə iyunun 5-dən 10-dək davam edib.


Hər şey Misir lideri Camal Abdel Naserin açıq şəkildə yəhudi millətini məhv etməyə çağırması ilə başladı. İsrailin cavabı ağır oldu: Misir aerodromlarına hava hücumu etdi və irəliləməyə başladı. Altı gün ərzində İsrail İudeya, Samariya, Qolan təpələri, Qəzza zolağı və Şərqi Qüds ərazisini tutdu. Nəticədə müharibədən əvvəlkindən üç dəfə böyük əraziyə nəzarət etməyə başladı.
İsrailin itkiləri ərəb tərəfi ilə müqayisədə cüzi idi - 70 000 nəfərə qarşı cəmi 679 nəfər həlak oldu. Ərəblər böyük miqdarda hərbi texnika da itirdilər.

8. Futbol müharibəsi (6 gün)

1969-cu ildə Salvador və Honduras dünya çempionatına vəsiqə qazanmaq üçün futbol meydanında üz-üzə gəlmişdilər. Amma tezliklə futbol meydanını döyüş meydanı əvəzlədi. Əvvəlcə azarkeşlərin arasında iğtişaşlar və dava-dalaş baş verdi. Uzun müddətdir davam edən mürəkkəb ərazi mübahisəsindən cana yığılmış qonşu ölkələr bir-birinin təyyarələrini vurmağa, bombardmanlar həyata keçirməyə başladılar.


Altı gün davam edən şiddətli döyüşlərdən sonra danışıqlarla bağlı razılıq əldə olundu və iyulun 20-də bütün hərbi əməliyyatlar dayandırıldı.
Bu müharibədə qalib yox idi, çünki hər iki ölkə həm iqtisadi, həm də insan tələfatı baxımından zərər çəkmişdi. İnsan itkisi 6000-ə yaxındır ki, onların da əksəriyyəti mülki şəxslərdir.

9. Üçüncü Hindistan-Pakistan müharibəsi (13 gün)

1971-ci ilin dekabrında Hindistan yerli əhalinin müstəqillik istədiyi Şərqi Pakistana müdaxilə etdi. Baş nazir İndira Qandinin əmri ilə Hindistan qoşunları Pakistana göndərildi, çünki o, köhnə düşmənini zəiflətmək istəyirdi. Hindistan iki həftədən də az müddətdə öz məqsədinə nail oldu: indi “Banqladeş” adlanan Şərqi Pakistan çoxdan gözlədiyi müstəqilliyi əldə etdi.

10. Serb-Bolqar müharibəsi (14 gün)

1885-ci ilin noyabrında Serb kralı Bolqarıstana müharibə elan etdi. Bu müharibə Osmanlı dövlətinin kiçik Şərqi Rumeli vilayətinin Bolqarıstan tərəfindən ilhaqı ilə əlaqədar idi. Bolqarıstanın hərəkəti Avstriya-Macarıstan İmperiyasının Balkanlarda təsirini zəiflədə bilərdi. Buna görə də Serbiyanın əli ilə Bolqarıstanı “vurmaq” qərarına gəlirlər.
İki həftəlik müharibədə iki min yarıma yaxın insan öldü, doqquz min nəfər yaralandı. Növbəti il Buxarestdə sülh imzalandı, Avropa dövlətləri Bolqarıstanın Şərqi Rumeli ilə birləşməsini tanıdılar.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Tarix   Müharibə  





Xəbər lenti