İlham Əliyev: “Maaş və pensiyalar artırılacaq”

İlham Əliyev: “Maaş və pensiyalar artırılacaq”
  16 Aprel 2013    Oxunub:1619
Gənc ailələrin ən böyük problemi – mənzildir…
Prezident İlham Əliyev aprelin 14-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirib. AzVision.az xəbər verir ki, Prezident iclasda bir sıra bir sıra məqamlara toxunub.

“123 min ailə dövlətdən ünvanlı sosial yardım alır”

İlham Əliyev bildirib ki, keçən ilin yekunları çox müsbət idi. “Keçən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edirdi. Ölkə qarşısında duran bütün əsas vəzifələr icra edilib. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan işlər də yüksək səviyyədə idi. Yəni, keçən ilin yekunları bu ilin inkişafına da möhkəm zəmin yaradıb.
Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artıb. ”Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyri-neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur. Yəni, bu, hesab edirəm ki, bugünkü Azərbaycan iqtisadiyyatını təhlil etmək üçün əsas göstərici olmalıdır”. Ölkə başçısı inflyasiyanın cəmi 1,2 faiz təşkil etdiyini, kənd təsərrüfatında 4 faizdən çox artım olduğunu, “Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı”nın icrası nəticəsində 1 milyon 100 mindən artıq iş yerinin açıldığını ki, onların 30 minin bu ilin birinci rübündə yaradıldığını bildirib.
İlham Əliyevin sözlərinə görə, bu gün dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı 46-cı yerdədir. Dövlət başçısı son 10 il ərzində yoxsulluğun 50 faizdən 6 faizə düşdüyünü vurğulayıb. Hazırda 123 min ailə dövlətdən ünvanlı sosial yardım alır və hər bir ailə orta hesabla dövlətdən 117 manat müavinət alır.

”Maaş və pensiyalar artırılacaq”

”Bu il maaşlar və pensiyalar artırılacaq. Hesab edirəm ki, sosialyönümlü siyasətimizin nəticələri çox müsbət olacaqdır. Sosial məsələlərin həllində əlbəttə ki, ilk növbədə, biz məcburi köçkünlərin problemlərini qeyd edirik, daim bu məsələlərlə məşğuluq. Son bir neçə ay ərzində bu istiqamətdə də çox önəmli hadisələr baş vermişdir. Keçən ilin sonunda biz Müşfiqabad qəsəbəsində böyük bir şəhərciyin açılışını qeyd etmişik. Bu yaxınlarda Masazır qəsəbəsində böyük şəhərciyin açılışını qeyd etmişik. Bir neçə gündən sonra Mingəçevirdə böyük şəhərciyin açılışı qeyd ediləcəkdir”-deyə ölkə başçısı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu il 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcək.
“Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq”

“Azərbaycan ədaləti bərpa edəcək”


İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı danışıb: ”Bir daha demək istəyirəm ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıbdır, heç vaxt olmayacaq. Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik və çalışacağıq ki, bütün imkanlardan istifadə edib tezliklə bu münaqişəni həll edək. Bu münaqişənin həlli beynəlxalq hüquq normaları əsasında olmalıdır, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan çəkilməlidir.
Bununla bərabər, biz bundan sonra da öz gücümüzü – siyasi, iqtisadi, hərbi gücümüzü artırmalıyıq, artırırıq və bu, bizim suveren hüququmuzdur. Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaqdır. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür – Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Əminəm ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir”.

“Bəzi istiqamətlər üzrə əsaslı islahatlar aparılmalıdır”

Prezident hesab edib ki, bəzi istiqamətlər üzrə əsaslı islahatlar aparılmalıdır. “Biz sağlam rəqabət mühitinin tam formalaşdırılmasına nail olmalıyıq”-deyə İlham Əliyev qeyd edib. Prezidentin sözlərinə görə, Azərbaycan ilk növbədə daxili bazarı rəqabət qabiliyyətli məhsullarla təmin etməlidir ki, vətəndaşlar ölkədə istehsal olunan ən yüksək keyfiyyətli məhsullarla təmin olunsunlar.
”Bunu mən sahibkarlarla fevral ayında keçirdiyim görüşdə demişəm, bu gün də demək istəyirəm ki, bu qədər sürətlə artan iqtisadiyyatımız və qeyri-neft sektorumuz əlbəttə, bizə xarici bazarlara çıxışı təmin etməyi diktə edir. Yəni, əgər biz xarici bazarlarda kifayət qədər böyük mövqelərə nail olmasaq, bu mövqeləri əldə etməsək, daxili bazarı təmin edəndən sonra bizdə müəyyən problemlər yarana bilər. Çünki kənd təsərrüfatının, emal sənayesinin inkişafı artıq elə sürətlə gedir ki, istehsal edilən məhsulların həcmi artacaq və əgər məhsullar rəqabətə dözə bilməsə, xarici bazarlara çıxmaq ildən-ilə daha da çətin olacaqdır”.

Ölkə başçısı deyib ki, iqtisadiyyat üçün vacib olan məsələlərdən biri də kadr hazırlığıdır. “Bəzi hallarda müasir texnologiyalar gətirilir, ancaq kadr potensialı hələ ki, bir qədər geridə qalır. Ona görə biz müasir peşəkar kadrların hazırlanmasına daha da ciddi fikir verməliyik. Bu hazırlıq əlbəttə ki, iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşdırılmalıdır. Biz daha çox sürətlə inkişaf edən iqtisadi sahələr üzrə kadr hazırlığına fikir verməliyik. Ancaq, eyni zamanda, bütövlükdə kadr hazırlığı məsələsi hesab edirəm ki, xüsusi diqqət tələb edir. Bu məsələ, eyni zamanda, gənclərin bu işlərə cəlb edilməsi ilə bağlıdır. Gənc kadrların qabağa çəkilməsi daha da sürətlə getməlidir və ümumiyyətlə, bildiyiniz kimi, Azərbaycanda gənclər siyasəti uğurla aparılır, Azərbaycan gəncliyi Dövlət Proqramı icra edilir. Gəncləri işlə təmin etmək üçün onların təhsilini yüksək səviyyədə təşkil etmək üzrə işlər gedir”.

“Gənc ailələrin ən böyük problemi – mənzildir… “

”Gənc ailələrin həyatda rastlaşdığı ən böyük problem mənzil problemidir. Hesab edirəm ki, ipoteka kreditləşmə mexanizmləri təkmilləşdirilməlidir, yenidən baxmaq lazımdır. Düzdür, bu istiqamətdə indi müəyyən islahatlar aparılır. Ancaq hesab edirəm ki, hələ çox işlər görülməlidir və ipotekaya ayrılan məbləğ artırılmalıdır. Baxmaq lazımdır, əgər büdcədə imkan olarsa bu il, olmasa gələn ildən ipotekaya ayrılan kreditlər artırılmalıdır ki, gənclərin mənzil problemi daha da sürətlə təmin edilsin.
Ərzaq təhlükəsizliyi ilə bağlı daim biz öz işlərimizi aparırıq və sahibkarlarla müşavirədə bu məsələ əsas məsələlərdən biri idi. Yenə də demək istəyirəm, bizim tam imkanımız var ki, özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Nəinki təmin edək, eyni zamanda, böyük ixrac potensialı da yaradaq. Biz burada iki istiqamət üzrə getməliyik. Əlbəttə, bitkiçilik, heyvandarlıq sahələrində intensiv metodlara daha da çox üstünlük verilməlidir. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması prosesi də başlamışdır. Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq. Beləliklə, bu, həm yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır, eyni zamanda, ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Ərzaq təhlükəsizliyi enerji təhlükəsizliyi kimi, bəlkə də ondan da vacib olan məsələdir. İstisna edilmir ki, gələcək illərdə bu, əsas məsələlərdən birinə çevriləcəkdir. Çünki qlobal meyllər bunu göstərir”.
Ölkə başçısının sözlərinə görə, bu il Azərbaycana qoyulacaq investisiya 22 milyarddan az olmayacaq. Həmçinin pensiya və maaşların artırılması nəzərdə tutulur. Sovet dövründən qalmış əmanətlərin qaytarılması bu il başa çatacaq.

”Dövlət məmurları xalqa xidmət etməlidirlər”

- Bununla bərabər, dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir.
Cəmiyyətdə sosial ədalət prinsipləri tam şəkildə tətbiq edilməlidir. Bunu bizim Əsas Qanunumuz – Konstitusiya tələb edir və ümumi normal davranış elə olmalıdır ki, sosial ədalət prinsipləri pozulmasın. Çünki deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar. Əgər qərar ədalətsizdirsə, əgər belə demək mümkündürsə, bundan böyük ədalətsizlik ola bilməz.

“Bakıda bütün məktəblər əsaslı təmir ediləcək”

- Bakıətrafı qəsəbələrin inkişaf proqramı da bu il başa çatmalıdır. Bu, çox böyük proqramdır. Ancaq icra müddəti çox qısadır – cəmi iki il. Çalışmalıyıq ki, bu ilin sonuna qədər bütün qəsəbələrdə nəzərdə tutduğumuz bütün layihələr icra edilsin. Bilirəm ki, ilin sonuna qədər Bakıda bütün məktəblər əsaslı təmir ediləcəkdir. Bu proses artıq gedir. İlin sonuna qədər bir dənə də olsun təmirsiz məktəb olmayacaqdır.
Qazlaşdırma məsələləri demək olar ki, Bakıda 100 faiz təmin edilib. Ancaq qazın verilməsinin keyfiyyəti hələ ki, bəzi hallarda problem yaradır.
Kənd yollarının, qəsəbədaxili və qəsəbələrarası yolların tikintisinə diqqət verilməlidir. Su və kanalizasiya layihələri – bunlar çox böyük layihələrdir. Çalışmalıyıq ki, ilin sonuna qədər işlərin böyük əksəriyyətini görək. Hər halda bu proqramı qəbul edərkən mən çox qısa bir müddət qoydum. Biz bunu beş ilə də uzada bilərdik. Çünki doğrudan da, işin həcmi həddindən artıq böyükdür. Ancaq iki il ərzində biz bütün səylərimizi birləşdirmişik ki, Bakı qəsəbələrinin illərlə yığılıb qalan problemləri həllini tapsın.

“Ermənistan heç bir regional layihənin iştirakçısı ola bilməz“

- Hesab edirəm ki, bu da çox önəmli bir sosial layihədir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Biz hesab edirdik ki, 2013-cü ildə bu layihəni icra edəcəyik. Ola bilər ki, gələn ilə qalsın. Ancaq bütövlükdə deyə bilərəm ki, layihənin icrasında heç bir problem yoxdur. Əsas işlər bu ilin sonuna qədər görüləcəkdir. Bu layihə, yenə də deyirəm, Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilir. Biz bu layihəyə həm siyasi dəstək vermişik, həm də maliyyə yükünün böyük hissəsini öz üzərimizə götürmüşük. Ancaq biz indi görürük ki, bu layihə də artıq regional müstəvidən çıxıbdır. Əvvəlki illərdə bu layihəyə qarşı çıxanlar indi onu dəstəkləyirlər. Yaxşı xatırlayıram ki, biz Bakı-Tbilisi-Qars layihəsini tərəfdaşlarımızla ciddi şəkildə müzakirə etdikdə “Ermənistan niyə bu layihənin üzvü deyildir” sualları ilə üz –üzə qalmışdıq. “Ermənistan bu layihənin üzvü olmasa, bu layihəyə beynəlxalq dəstək verilməyəcəkdir” məsələləri də ortaya çıxmışdı. Ancaq buna baxmayaraq, Azərbaycan, Türkiyə, Gürcüstan dövlətlərinin birgə iradəsi nəticəsində biz bu layihəni həyata keçiririk, keçirəcəyik. Ermənistan bu layihədən də təcrid edilibdir. Bu, bizim prinsipial mövqeyimizdir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistan heç bir regional layihənin iştirakçısı ola bilməz.


“Əvvəl bir az fikirləşirdim ki, görəsən, biz bunu icra edə biləcəyik, yoxsa yox?”

- Eyni zamanda, mən son illər ərzində Azərbaycanda turizmin sürətlə inkişafını qeyd etmək istəyirəm. Xüsusilə birinci rübdə bu sahədə çox əlamətdar hadisə baş vermişdir - “Şahdağ” xizək mərkəzi fəaliyyətə başlamışdır. Bu da hesab edirəm ki, əlamətdar hadisədir. Çünki heç bir dövrdə Azərbaycanda dağ-xizək mərkəzi olmamışdır. Qonşu ölkələrdə olmuşdur. Ancaq Azərbaycanda olmamışdır. Hesab edirəm ki, bu layihənin icra edilməsi artıq öz səmərəsini göstərir. Dövlət əsas texniki və maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu da təbiidir. Bu da özəl sektora, regionun inkişafına verdiyimiz töhfədir. Minlərlə iş yeri yaradılacaqdır. Artıq Qusar rayonunda yüzlərlə iş yeri yaradılıbdır, özü də keyfiyyətli iş yerləridir. Orada işləyənlərə yüksək maaş verilir. Eyni zamanda, biz Azərbaycan vətəndaşları üçün gözəl bir istirahət və əyləncə mərkəzi yaratdıq. Bu yaxınlarda mənə verilən məlumata görə, birinci iki ay ərzində 50 min insan artıq bu kompleksdən istifadə edibdir. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, orada cəmi bir kiçik mehmanxana fəaliyyət göstərir, 50 min insanın oraya gəlməsi çox əlamətdar hadisədir. Gələn qış mövsümünə qədər ən azı üç yeni böyük mehmanxana öz qapılarını qonaqların üzünə açacaqdır. Yeni istirahət zonaları, parklar, yeni küçələr salınır. Yəni, “Şahdağ” kurortu dünya miqyasında ən müasir, ən gözəl kurortlardan birinə çevrilməlidir. Qarşıya məhz belə məqsəd qoyulmuşdur.
“Şahdağ” kurortunun açılışına gedərkən mən oraya birinci səfərimi xatırladım. Birinci dəfə mən oraya gedəndə orada bir dənə olsun tikili yox idi. Hər tərəf dağlar, qar idi. Nə yaşayış yeri var idi, nə də bir bina, heç nə yox idi. Bu layihəni başlayarkən, sözün düzü, bir az fikirləşirdim ki, görəsən, biz bunu icra edə biləcəyik, yoxsa yox?! Ancaq çox şadam ki, bu məsələnin həllində də biz uğurlara imza atdıq. Bu, onu göstərir ki, istənilən layihəmiz, əgər biz bu layihəni başlayırıqsa, mütləq uğurla başa çatmalıdır. Bütün infrastruktur layihələri icra edildi - içməli su, kanalizasiya, elektrik, qaz xətləri. Gözəl dördzolaqlı yol, otellər, qaldırıcılar, tibb mərkəzləri, təlim yerləri, müasir istirahət zonaları tikilir. Hesab edirəm ki, bu, ölkəmizin ən gözəl istirahət zonalarından biri olacaqdır.
Çox şadam ki, bu layihədən sonra Qəbələ rayonunda da xizək kurortunun yaradılmasına başlayıblar. Mən bu yaxınlarda orada olarkən gördüm ki, artıq Qəbələdə ikinci xizək kurortu yaradılır. Bu kurort da bu ilin sonuna qədər hazır olacaqdır.

“Azərbaycan kosmik dövlətdir”

- Çıxışımın sonunda qeyd etməliyəm ki, “İnformasiya-kommunikasiya texnologiyaları ili” Azərbaycanda uğurla başlayır. Azərbaycan kosmik dövlətdir. Bu, böyük, tarixi nailiyyətdir. “Azərspace-1” peyki orbitdədir. Artıq idarəçilik də Azərbaycana verilibdir. Biz bu peyki Bakıdan idarə edirik. Artıq tərəfdaşlarla ikinci, üçüncü peykin orbitə buraxılması ilə bağlı danışıqlara başlamışıq. Bu da bir yenilik, müasirlik, inkişafdır.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bizim ikinci regional inkişaf proqramımız bu ilin sonunda başa çatır. Çox iş görülübdür. Amma görüləcək işlər çoxdur. Ona görə hesab edirəm ki, üçüncü dövlət proqramının hazırlanması ilə bağlı biz daha da fəal işləməliyik. İlin sonuna qədər üçüncü dövlət beşillik proqramı hazır olmalıdır ki, 2014-cü ilin əvvəlində biz onu da qəbul edək və beləliklə, ölkəmizin uğurlu inkişafını təmin edək.


Teqlər:  





Xəbər lenti