Fərdi sahibkarları düşündürən sual: Niyə vergini avtomatik tutmurlar?

 Fərdi sahibkarları düşündürən sual:  Niyə vergini avtomatik tutmurlar?
  12 Dekabr 2023    Oxunub:1086
Fərdi sahibkarlar, xüsusilə sadələşdirilmiş vergi ödəyici olan mikrosahibkarlıq subyektləri rüblük və illik hesabatları gecikdirəndə cərimələnir və həm verginin məbləği, həm də az qala ona yaxın miqdarda cərimə avtomatik şəkildə bank hesablarından silinir. Nəticədə belə bir sual yaranır: Əgər dövlət lazım olan məbləği bank hesabından götürə bilirsə, niyə vaxtında verginin özünü götürmür ki? Niyə vaxtın bitməsini gözləyib, həm vergini, həm də cəriməni tutur?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi müddətləri Vergi Məcəlləsinə əsasən müəyyən edilib. Öhdəliyi olan vergi ödəyiciləri qanunvericilikdə göstərilən müddətdən gec olmayaraq uçotda olduqları vergi orqanına bəyannamə təqdim etməlidirlər. Bəyannamənin təqdimetmə (habelə verginin ödənilmə) müddətinin sonuncu günü qeyri-iş gününə düşdüyü halda bəyannamə ən geci növbəti iş günü təqdim edilməlidir.

Bəyannamələrin təqdim edilməsi müddəti yaxınlaşanda vergi ödəyiciləri SMS vasitəsilə bildiriş alırlar. Bəyannamələrini, hesabat və ya arayışları vaxtında təqdim etməyən vergi ödəyicilərinin internet vergi idarəsində olan şəxsi kabinetlərinə xəbərdarlıq göndərilir və bəyannamənin təqdim edilməsi tələb olunur. Xəbərdarlıqlarda bəyannamələr təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 38.3.1-ci və 83-cü maddələrinə müvafiq olaraq, növbədənkənar səyyar vergi yoxlaması keçiriləcəyi və ya əlaqəli məlumatlar əsasında vergi hesablanacağı, habelə məsuliyyət məsələsinə baxılması ilə əlaqədar 10 gün müddətində vergi orqanına özünün və ya səlahiyyətli nümayəndəsinin dəvət edilməsi, üzürsüz səbəbdən iştirak etməyəcəyi təqdirdə məsuliyyət məsələsinə onun iştirakı olmadan baxılacağı bildirilir.

Xidmətdən qeyd edilib ki, vergi hesabatını müəyyən olunan müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. Daha sonra vergi orqanı tərəfindən əlaqəli məlumatlar əsasında kameral vergi və vergilərin vaxtında ödənilmədiyi günlər üçün faizlər hesablanır. Vergi ödənişləri əvəzsiz ödənişlər olduğuna görə vergilərin vaxtında ödənilməsinin təmin edilməsinin üsullarından biri kimi vaxtında ödənilməmiş vergilərə faizlərin hesablanması nəzərdə tutulur: “Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergilər ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu faizlər cari vergi ödəmələrinə münasibətdə də tətbiq edilir. Cari vergi ödəmələri gəlir və ya mənfəət (eləcə də əmlak) vergisindən avans xarakteri daşıdığına baxmayaraq, cari vergi ödəmələrini vaxtında yerinə yetirmək mütləqdir. Borca faizlər yalnız əsas məbləğə görə hesablanır.

Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Vergi Məcəlləsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Yəni yuxarıda qeyd etdiyimiz müddəalar tək vergi ödənişlərinə aid deyil. Həmçinin faizlər vergi ödəyicisinə bir ildən çox olmayan bütün ötmüş müddətə tətbiq edilir.

Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. Fəaliyyəti olmayan müəssisələrin, eyni zamanda fiziki və hüquqi şəxslərin boş hesabat vermə öhdəliyi yerində qalsa da, bu öhdəliyi yerinə yetirməsələr, onlara 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmir”.

Vergi mütəxəssisi İlqar Əsədov qeyd edib ki, hazırda sahibkarların bank hesablarından vergilərin birbaşa çıxılması üçün avtomalaşdırılmış sistem mövcud deyil və bunun bir çox obyektiv səbəbləri mövcuddur: “Sahibkarlıq subyektləri yalnız bank yolu ilə deyil, nağd pul vəsaitini kassaya qəbul etmək yolu ilə də gəlir qazanırlar. Əgər bank hesabına daxil olmalardan vergi tutularsa, kassa əməliyyatları vasitəsi ilə daxil olmuş məbləğlər üçün hər bir halda hesabat təqdim etmək zərurəti aktual olaraq qalacaq. Bundan başqa, belə sistemin qurulması bank sistemi üçün olduqca böyük iş yükü olacaq. Məsələyə iqtisadi prizmadan baxsaq, sahibkarın büdcə qarşısında vergi öhdəliyinin yerinə yetirilməsində kommersiya banklarının heç bir marağı yoxdur. Belə bir marağın olmadığı halda onlara belə bir vəzifə vermək ədalətli deyil”.

İ.Əsədov bildirib ki, vergilərin toplanmasında vergi ödəyicisi ilə vergi orqanı arasında vergi agenti (vergini hesablayıb, tutub vergi ödəyicisinin adından büdcəyə ödəməli olan şəxs) təyin etmək heç də bütün hallarda əlverişli deyil. “Bundan başqa, vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr yalnız cari dövr üçün büdcə qarşısında ödənilməli olan vergilərin məbləğini bəyan etməklə deyil, bütövlükdə vergi ödəyicisinin digər aktivləri, öhdəlikləri, kapitalı, sahib olduğu digər vergitutma obyektləri barədə də məlumatlar verən bəyannamə kimi xarakterizə olunur. Bu məsələyə dair daha bir çox başqa səbəblər də söyləmək olar. Lakin hesab edirəm bu qədəri kifayətdir. Hər bir halda yaxın gələcəkdə belə bir avtomatlaşdırımış sistemin hazırlanması gözlənilmir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti