Həkimin xatirələri: Heydər Əliyev Azərbaycanda müasir təbabətin əsasını qoydu

      Həkimin xatirələri:    Heydər Əliyev Azərbaycanda müasir təbabətin əsasını qoydu
  11 Dekabr 2023    Oxunub:2002
Nuru Bayramov
Professor, AMEA müxbir üzvü

2000-ci ilin fevral ayı idi. Ali Attestasiya Komissiyasından xəbər verdilər ki, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşəm və Akademik Azad Mirzəcanzadə mənə diplomu təqdim edəcək. Bu xəbər hər bir elm adamı kimi mənim üçün də çox önəmli idi və gələcək fəaliyyətimi müəyyənləşdirəcək dönüş nöqtəsi idi.
Qeyd edim ki, 1994-cü ildə 1-ci Qarabağ müharibəsində atəşkəs əldə edildikdən sonra ixtisaslaşma keçmək və elmi tədqiqat işləri aparmaq üçün Azərbaycan Tibb Universitetinin və Səhiyyə Nazirliyinin göndərişi ilə bir neçə həmkarımla birlikdə Türkiyəyə getdik. Elmi-praktik ezamiyyətin hüquqi əsasını 1994-cü il fevral ayında Ulu Öndər Heydər Əliyev və Türkiyə Cumhurbaşkanı Süleyman Dəmirəlin imzaladığı Dövlətlərarası Saziş təşkil edirdi. Saziş Azərbaycan və Türkiyə arasında demək olar ki, bütün sahələr üzrə əməkdaşlığı əhatə edən ilk və hərtərəfli müqavilə idi. Türkiyədə həm işlədiyimiz klinikalarda, həm də cəmiyyətdə bizə çox isti münasibət var idi. Türkiyəlilərin bizə mehriban münasibətinin səbəbi təkcə Azərbaycandan gələn ilk həkimlər olmağımız deyildi, onların bizə qarşı təbii (genetik) sevgilərinin tərənnümü idi. Bu istilik aradan keçən 30 il ərzində dəyişməyib.

Mən Ankara şəhərinin öncül klinikalarından olan Yüksək İxtisas xəstəxanasında, Başkent, Ankara və Hacettepe Universitetlərində qastrointestinal, laparoskopik, onkoloji və transplantasiya cərrahiyyəsi ürə ixtisaslaşma keçdim. Həmçininin qaraciyər transplantasiyası və rezeksiyası üzrə doktorluq dissertasiyası işimi tamamladım, 1997-ci ildə ilkin müdafiəmi etdim və əsas müdafiəni gözləməyə başladım. Düşünürdüm ki, doktorluq dərəcəsini aldıqdan sonra üç yoldan birini seçib gələcək fəaliyyətimi davam etdirəm. İlk seçimim Azərbaycana qayıtmaq idi və bunu mənə həm də hocalarım Prof.Dr. Yusuf Bayraktar və mərhum Prof. Dr. Ali Özdən həmişə tövsiyə edirdi. O dövrlərdə ölkəmizin təbabəti Sovet səhiyyəsindən qalma idi, durğunluq dövrünü yaşayırdı, yenilənməsinə və inkişafına böyük ehtiyac var idi. Lakin bunu həyata keçirmək üçün şərait yox idi. Xəstəxanalarımız, avadanlıqlarımız, müayinə üsullarımız, müalicə yanaşmalarımız dövrün tələblərindən çox uzaqda idi. Hətta 1999-cu ildə əsas müdafiə ərəfəsində Bakıda olduğum dövrdə kafedramızın əməkdaşı Dos.Sürəddin Zeynalov ilə birlikdə ölkəmizdə ikinci, universitetimizdə isə ilk laparoskopik mərkəzi qurub işləməyə başlasaq da, məni qane etmirdi. Çünki belə bir vəziyyətdə çalışmaqla öyrəndiklərimi qısa müddətdə itirməyə başlamışdım.

Nəhayət, 1999-cu ildə müdafiəmi etdim, 2000-ci ildə diplomu aldım və Türkiyəyə qayıtmaq üçün hazırlığa başladım. Həmin dövrlərdə Türkiyədə yeni universitetlər və tibb fakultələri yaranırdı, dosent və professorlara böyük ehtiyac var idi. Mənə bir neçə tibb fakultəsindən dəvət gəlmişdi və onların arasında seçim etməkdə idim. Yüzüncü Yıl və Kırıkkale Universitetlərində ümumi cərrahiyyə kafedralarının qurulmasında təcrübəm olduğu üçün Türkiyə Universitetlərində işləmək və irəliləmək mənə çətin görünmürdü.

Bu məqamda Səhiyyə Nazirinin Birinci müavini rəhmətlik Sərdar Kərimov məni çağırdı. Sərdar müəllim Türkiyəyə ezamiyyətlərimizdə bizə çox dəstək olmuşdu, düzgün tövsiyələr verirdi, şəxsiyyətinə həmişə hörmət bəsləmişəm. Sərdar müəllim dedi ki, “Prezidentimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və dəstəyi ilə Bakıda yeni və ən müasir xəstəxana qurulacaq. Türkiyədən uzman olan ilk mütəxəssis və ilk tibb elmlər doktoru kimi sənin bu xəstəxananın klinik fəaliyyətinin təşkilinə və kadr hazırlığına kömək etməyin məsləhət bilinib. Səhiyyə naziri Əli İnsanov və bütün nazirlik əməkdaşları bu işdə sənə lazımi dəstəyi verəcəklər”.

Bu təklif fəaliyyətimin dönüş nöqtəsi oldu. Həm illərdir arzuladığım imkan yaranmışdı, həm Ulu Öndərin başlatdığı layihədə - ölkəmizdə müasir xəstəxana quruculuğunda iştirak edəcəkdim, həm də hocalarımın tövsiyəsini həyata keçirəcəkdim. Qısa müddət ərzində xəstəxananın fəaliyyət sahələrini, mütəxəssislərini, avadanlıq və cihazlarını müəyyənləşdirdik, inkişaf prinsipi və kadr hazırlığının mərhələlərini hazırladıq, mütəxəssisləri seçməyə başladıq. Qərara alındı ki, xəstəxana qurulana və avadanlıqlar gələnə qədərki dövrdə yerli mütəxəssislər Türkiyənin qabaqcıl klinikalarında ixtisaslaşma keçsinlər, döndükdən sonra təcrübəli hocalarla birlikdə işləməyə başlasınlar, püxtələşdikdən sonra isə sərbəst davam etsinlər. Bu prinsipə biz öz aramızda “get-gör, gəl-hocanla çalış, püxtələşəndə isə özün davam et” deyirdik.

Üç aylıq hazırlıqlardan sonra 2000-ci ilin iyun ayında əvvəl 30, sonra isə 20 nəfər olmaqla toplam 40 həkim və 10 tibb bacısı Ankaraya yollandıq. Türkiyə Səhiyyə Nazirliyində və getdiyimiz xəstəxanalarda bizi yüksək səviyyədə qarşıladılar və dəstək oldular. O zamankı Türkiyə Səhiyyə naziri Doç. Dr. Osman Durmuş, Xarici Əlaqələr İdarəsi, Nümunə xəstəxanasının baş həkimi Prof. Dr. Osman Müftioğlu və digər hocalar bizə yüksək diqqət yetirirdilər. Türk hocaları hər yerdə deyirdilər ki, “Azerbaycandan gelen bu doktorlar ve hemşireler Haydar Aliyev Hastanesi için hazırlanır, ona görə onları iyi yetiştirmemiz gerekiyor”.

Həkimlərimiz və tibb bacılarımız Ankaranın öncül xəstəxanaları olan Yüksək İxtisas, Nümunə, Zəkai Tahir Burak Kadın Sağlığı, Ağciyər, Onkoloji və Çoçuk Sağlığı xəstəxanalarına, Ankara, Hacettepe və Başkent universitetlərinə göndərildi və təcrübəli hocalara həvalə edildi. Yüksək İxtisas xəstəxanasında kardiocərrahlar Eldar Əiyev, Firuz Kazımov və Mirəli Məcidov, o cümlədən angioqraf Oqtay Hacıyev (rəhbər Doç. Dr. Oğuz Taşdemi), qastroenteroloqlar Tarverdi Rzayev və Rauf Cavadov (rəhbər Doç.Dr. Burhan Şahin), Nümunə xəstəxanasında ümumi cərrah Anar Namazov (rəhbər Doç.Dr. Mahmut Koç), radioloqlar Mahir Dumanov, Cəmilə Heybətov, Cəmşid Şahverdiyev, Aynur Hacıyeva və Gülnarə Mustafayeva (rəhbər Doç Dr. Enis Yüksel), neyrocərrah Ələkbərov Əli (rəhbər Doç. Dr. Yamac Taşkın), otolarinqoloq Cabbar Cəlilov (rəhbər Doç. Dr. Adil Eryılmaz), anestezioloq və reanimatoloqlar Sədaqət Bəhri və Elxan Hacıyev (rəhbər Doç. Dr. Bayazit Dikmen), terapevt Bəxtiyar İbrahimov (rəhbər Doç.Dr. Erdal Eskioğlu), dermatoloq Azadə Məmmədova (rəhbər Doç.Dr. Nuran Alli), laborant həkimlər Leyla Topçuyeva, Zahirə Mərdanova və Gülxar Quliyeva (rəhbər Doç Dr. Engin Güven), hematoloq Sevda Cabbarova, infeksionist Zülfiyyə Qurbanova, Zekai Tahir Burak Kadın Sağlığı Araşdırma xəstəxanasında Təranə Bayramova, Mahirə İsmayılova və Gülnarə Əzimova (rəhbər Doç. Dr. Oya Gökmen), Ankara Göz xəstəxanasında oftalmoloq Arzu Eyvazova (rəhbər Doç Dr. Sunay Duman), Onkoloji Xəstəxanada tibbi onkoloq Azər Quliyev və patohistoloq Bahadur Abbasov, Ağciyər xəstəxanasında Manaf Abbasov, Uşaq xəstəxanasında Əzim Nağdəliyev, Sevinc Abdullayeva, Bayram Mustafayev, Başkent Universitetində radioloq Rasim Qəhrəmanov və laborant Ofelya Hümbətova 3-6 ay ixtisaslaşma keçdilər. Tibb bacıları Gülnarə Məmmədova, Aytən Əhmədova, İlhamə Babayeva, Nailə Cəfərova, Qızqayıt Mahmudova, Esmira İbrahimova, Bəsti Əliyeva, Kəmalə Novruzova, Leyla Əkbərova və Aynurə Dadaşova tomoqrafiya, kardiocərrahiyyə, reanimasiya və laparoskopik cərrahiyyə üzrə təcrübə keçdilər. Mən isə qrupun rəhbəri kimi həkimlərin və tibb bacılarının fəaliyyətinə nəzarət edirdim, həmçinin Başkent Universitetində transplantasiya üzrə (rəhbər Prof. Dr. Mehmet Haberal), Ankara Universitetində cərrahi onkologiya üzrə (rəhbər Prof. Dr. Salim Demirci), Yüksək İhtisas xəstəxanasında isə laparoskopiya üzrə (rəhbər Prof. Dr. Musa Akoğlu) fəaliyyət göstərirdim.

Həmçinin 90-cı ilin əvvələrində ATU-nun rektoru Akademik Əhliman Əmiraslanovun təşəbbüsü və İstanbul Universitetinin prorektoru Prof.Dr. İbrahim Yıldırımın dəstəyi ilə tələbə kimi İstanbula göndərilən və o dövrdə rezidenturada oxuyan həmyerlilərimizin uzmanlığı bitirdikdən sonra bu xəstəxanada çalışmaları təklifi də var idi. Bunu nəzərə alaraq mən İstanbula getdim və Vaqif Qələndər, Rasim Bayramov, Cəfər Nəsirov, Kamran Musayev, Vasif İsmayılov və digərləri ilə görüşdüm və dəvət etdim. Onlar uzmanlıqlarını bitirdikdən sonra ölkəyə döndülər, yeni yaradılaın klinikanın və ümumilikdə ölkəmizdə müasir təbabətin inkişafında böyük işlər gördülər və görməkdə də davam edirlər.

2000-ci ilin noyabrın sonunda Azərbaycana döndük. Xəstəxana artıq hazır idi, təmir və yenilənmə işləri tamamlanmışdı, müasir cihaz və avadanlıqlar yerləşdirilmişdi. Xəstəxananın adı da müəyyənləşdirilmişdi, əvvəlki adına uyğun olaraq Mərkəzi Klinik Xəstəxana (MKX) adlandırılmışdı. Məlikşah Acuner xəstəxananın işlətmə müdiri, Ceyhun Topçubaşov baş həkim təyin olunmuşdu. 2000-ci dekabr ayında çox önəmli hadisə baş verdi: Ulu Öndər Heydər Əliyev MKX-nın açılışını gerçəkləşdiridi.

Türkiyə və Azərbaycan Səhiyyə Nazirləri, həkimlərimiz, onları yetişdirən hocalar, inşaat və təchizatı həyata keçirən şirkət, ölkəmizin qabaqcıl tibb işçiləri və rəhbərlik açılışda iştirak edirdi. Ulu Öndər yeni yaradılan xəstəxananın bölümlərini bir-bir gəzdi, hər bir avadanlıqla, cihazla və tibbi fəaliyyətlərlə geniş maraqlandı. Yadımdadır, mən laparoskopiya barədə məlumat verərkən o çox maraqlandı və məni geniş sual-cavaba tutdu. Xəstəxana bütün göstəricilərinə görə nəinki Azərbaycanda və Qafqazda bir ilk idi, həmçinin avadanlıq və cihaz baxımından Türkiyənin ən qabaqcıl xəstəxanalarından geri qalmırdı. Kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, angioqrafiya, mammoqrafiya, ultrasonoqrafiya, C-qollu rentgen, endoskopiya (qastroskopiya, kolonoskopiya, bronxoskopiya, rinoskopiya, FESC, kolposkopiya, histereskopiya və s), avtomatik laboratoriya, patoloji laboratoriya, laparoskopiya, müasir koaqulyatorlar, reanimasiya və əməliyyatxanalar, xəstə odaları, güvənlik sistemi, sterlizasiya, təcili yardım, xəstə qeydiyyat sistemi, hətta həkim və tibb bacılarının geyimləri müasir standartlara uyğun təşkil edilmişdi.

Açılışdan sonra MKX fəaliyyətə başladı. Əvvəlcədən planlandığı kimi Türkiyədə ixtisaslaşma keçən həkimlərimiz və Türkiyədən gələn hocalarla birlikdə çalışmağa başladılar. Ürək-damar əməliyyatları, laparoskopik və böyük abdominal əməliyyatları, beyin, göz, burun-qulaq, ginekoloji, plastik, uroloji, ortopedik, bronxoskopik və digər əməliyyatlar beynəlxalq standartlara uyğun səviyyədə icra edildi. Ölkəmizdə indiyənə qədər edilməyən müayinələr, əməliyyatlar, ağır xəstələrin müalicəsi yerinə yetirilməyə başladı.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan MKX qısa müddət ərzində xəstəxana kimi ümidləri doğrultdu və Akademik Cəmil Əliyevin rəhbərliyi ilə yeni filiallar, bölümlər və fəaliyyət sahələri, o cümlədən transplantasiya sahəsi inkişaf etdi və günümüzdə ən qabaqcıl xəstəxanalarımız sırasındadır.

Bunula yanaşı, MKX ölkəmizdə müasir təbabətin əsasını qoydu, praktiki təbabətə və tibbi təhsilə münasibəti kökündən dəyişdirdi.
Birincisi, bu xəstəxana örnək bir model oldu və bundan sonra yaranan dövlət və özəl xəstəxanalar ondan nümunə götürdülər. Müasir avadanlıqlarla təmin etmək və “get-gör, gəl-hocanla çalış, püxtələşəndə isə özün davam et” yeni yaradılan xəstəxanaların prioritet yanaşmasını təşkil etdi.
İkincisi, beynəlxalq klinik protokolların tətbiqinin effektiv olduğu tibbi ictimaiyyət tərəfindən qəbul edilməyə və ölkəmizdə geniş tətbiq edilməyə başladı.
Üçüncüsu, burada yetişən yeni düşüncəli həkimlər, tibb bacıları və digər personal təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Gömrük Hospitalı, Tədris Cərrahiyyə Klinikası, Bakı Sağlamlıq Mərkəzi, DTX Hospitalı və s. kimi klinikaların müasir səviyyədə təşkil olunmasında mühüm rol oynadılar.
Dördüncüsü, tibbi təhsildə də dönüş yarandı. Bir tərəfdən orta məktəbi və tibb universitetini bitirənlər Türkiyə və Avropa universitetlərində təhsil almaq üçün axın etdilər, digər tərəfdən isə, ölkəmizdə rezidentura təhsilinin qaçınılmaz olduğu ortaya çıxdı və həyata keçirildi.
Beşincisi, Türkiyə və Qərb tibbinə inam artdı, bu ölkələrdən gələn mütəxəssislər ölkəmizdə xəstələrimizə tibbi xidmət göstərmək üçün uyğun şərait tapa bildilər.
Altıncısı, Azərbaycan təbabəti müasirləşməyə və müasir dünya təbabətinə inteqrasiya olunmağa başladı.
Yeddincisi, xaricdə ixtisaslaşma keçən Abbasəli Abbasəliyev, Üzeyir Rəhimov, Valeh Hacıyev, Kamran Yaqubov, İlqar Qasımov, Elbəyi Daşdəmirov və onlarla digər həkimlərimizin ölkəmizə dönmələri üçün şərait yarandı və onlar əvvəl hocaları ilə birlikdə, püxtələşdikdən sonra isə, sərbəst şəkildə əhalimizə müasir səviyyəli tibbi xidmət göstərdilər.

İlk baxışda bu yazılar bir xəstəxananın yaranmasının qısa hekayəsi kimi görünür. Əslində isə, bu Azərbaycanda təbabətin dönüş nöqtəsinin - müasir təbabətə keçişin qısa tarixidr. Bu tarixi dönüşün, bu əsərin müəllifi isə Ulu Öndər Heydər Əliyevdir. Ölkəmizdə müasir təbabətin dayanaqlı inkişafı üçün isə, möhtərəm Prezident İlham Əliyevin yaratdığı ictimai-iqtisadi şəraitə və Türkiyə təbabətinə borcluyuq.

Nə yaxşı ki, “Müstəqilliyimiz əbədidir və dönməzdir” deyən Ulu Öndərimiz Heydər Əliyev var. Nə yaxşı ki, “Qarabağ Azərbaycandır” deyən Fatehimiz İlham Əliyev var. Nə mutlu ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən qardaş Türkiyəmiz var.

Nuru Bayramov
Professor, AMEA müxbir üzvü


Teqlər: Heydər-Əliyev  





Xəbər lenti