`Manıs`laşan media

`Manıs`laşan media
  19 İyun 2014    Oxunub:1477
Anar Rüstəmov

Son vaxtlar diqqətimi bir məqam çəkir. Nədənsə hər yerindən duran özünə “day-day” tapıb, yeni xəbər saytı açmaq istəyir. Mən elə düşünürdüm ki, ancaq şou-biznesdəki xanım-xatun müğənnilər, üzdəniraq mikrofon sahibləri pullu “day-day” axtarışındadırlar. Sən demə, səsli-küylü şou-biznesin bu xəstəliyi mediaya da keçib.
Hətta, həmin bu "dayılar” mətbuata dəxli olmayan, ömründə bir dəfə qələm alıb jurnalist kimi özünü sınaqdan keçirməyənləri `peşəkar` deyib, öz saytlarına baş redaktor təyin edirlər. Gülüncdür... müxtəlif vədlər, gurultulu anonslarla media bazarına qoşulan bu saytların hansı məqsədə xidmət etdiyini bir Allah bilir, bir də özləri.

Anonslara diqqət edin: “Gözləyin, biz gəlirik! Azərbaycanda ən operativ xəbərlər, qaynar reportajlar bizim saytda” Bişmiş toyuğun da gülməyi gəlir. Özlərini tərifləyib dağın başına qoyan bu insanlar nə üçün belə anonslar vermirlər ki, “gözləyin, biz gəlirik oğurlamağa”, “Biz gəlmişik dezo yazmağa”, nə bilim daha nələr...

Nə üçün demirlər ki, “siz əziyyət çəkin, zülümlə-zillətlə yazın, də biz də rahatca oğurlayıb, öz adımızdan verək”. Niyə demirlər? Axı, onlar danışanda peşəkarlıqdan danışırlar. Axı, onlar mətbuatın altından girib üstündən çıxmağı bacarırlar.

Bir az düşündükdən sonra onlara - yəni oğru jurnalistlərə haqq qazandırmağa başladım. Neynirsiniz əziyyət çəkib bu isti havada xəbər axtarasınız, oturun, biz yazaq siz də “copy-paste” edin, qutarsın getsin...

Bu məqamda yadıma gözəl bir atalar sözü düşdü: “Utanmasan, oynamağa nə var ki?” Onsuz da özünü tərifləməklə deyil, hər şey göz qabağındadır. Oradan-buradan xəbər yığıb, özünü Nadir Qafarzadə kimi əjdahaya bənzətsən də, səsi olmayan müğənnilər kimi professional sənətdən danışsan da, son söz oxucunundur. Yəni heç əziyyət çəkib özünüzü əjdahaya oxşatmayın! Ən azından, bu əfsanəvi canlıya hörmətsizlik olar.

Hələ bu az imiş kimi, xəbər adı altında reytinq qazanmaq üçün bizə porno sırıyanlar da az deyil. Xüsusən də, yeni yaranan saytlar jurnalistikaya gurultu ilə gələ bilmədikləri üçün bizim yaralı yerimiz olan seksə əl atmağa başlayırlar. “Filankəsin isti öpüşləri”, “Şok! Ağzınızın suyu axacaq, BAXIN”, “Yataqda mütləq buna diqqət edin” kimi başlıqlarla başımızı aldatmağa çalışırlar. Bəlkə də, qınayan olmasa manşetə qoyub yazarlar ki, “Filankəs ancaq bizim sayt üçün sevişdi - EKSKLÜZİV” və daha nələr-nələr. Qorxuram ki, axırda abır-həyadan keçib, mətnin altına da bir seks linki atacaqlar.

Nə isə... Məsələnin dərinliyinə çox getmədən şahidi olduğum bir söhbəti sizinlə paylaşmaq istərdim. Bu yaxınlarda bir jurnalist dostumla danışırdıq. O da saytların birində çalışır. Söhbətə isti havalardan başlayıb, mətbuatın durumuna keçdik. Yay mövsümü ilə bağlı üzləşdiyimiz xəbər qıtlığından gileyləndik. Üzləşdiyimiz problemdən söz açdıq. Adını çəkmək istəmədiyim həmin jurnalist agentlikələrin fəaliyyətindən narazılığını bildirirdi. Görün, nə desə yaxşıdır: “Bu gün iş getmədi. Bütün günü oturub gözləmişik ki, APA-da, Trend-də yeni nə olacaq, götürüb biz də saytımıza qoyaq. Heç olmasa onlarda xəbər olsaydı, biz də günümüzü yola verərdik. Bir neçə gündür onlara görə bizim də işimiz getmir, yaman tənbəlləşiblər”.

Sonda əlinə qələm alıb, özünü `jurnalist` adlandıran həmkarlarıma üz tutaraq demək istərdim ki, böyük çətinliklərlə Həsən bəy Zərdabinin bizə əbədi miras qoyduğu bu yolda heç olmasa böyük ustadımızın adına layiq xidmət edək. Ən azından bu, bizim peşə borcumuzdur.

P.S Yəqin ki, bu yazından hərə öz payına düşəni götürəcək...


Teqlər:





Xəbər lenti