İlham Əliyev nümayəndə heyətini qəbul etdi

İlham Əliyev nümayəndə heyətini qəbul etdi
  20 İyun 2014    Oxunub:699
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev hərbi-texniki sahədə də konstruktiv əməkdaşlığımızın daha da genişləndiyini, bu əməkdaşlığın müsbət nəticələr verdiyini və yaxşı perspektivlərə malik olduğunu diqqətə çatdırıb. Dövlət başçısı Dmitri Roqozinin eyni zamanda Rusiya-Azərbaycan birgə komissiyasının həmsədri kimi ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfəni qeyd edib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafına Azərbaycanın da önəm verdiyini vurğulayaraq Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artmasını strateji əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ölkələrimizin birgə səylərinin yaxşı nəticəsi kimi dəyərləndirib.

Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan ilə Rusiya arasında iqtisadi, ticarət və digər sahələrdə münasibətlərimizin inkişafına dair Prezident İlham Əliyevin söylədiyi fikirləri yüksək qiymətləndirdiyini bildirib. Dmitri Roqozin Rusiya tərəfinin Azərbaycan xalqı və dövləti ilə münasibətlərə hörmətlə yanaşdığını bildirərək ölkəmizlə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib və Rusiya-Azərbaycan birgə komissiyasının həmsədri kimi bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.

İ.Əliyev iki ölkənin birgə səyləri ilə əməkdaşlığımızın bundan sonra daha da genişlənəcəyinə və Rusiya-Azərbaycan birgə komissiyasının qarşıdakı dövrlərdə fəaliyyətinin əməli nəticələr verəcəyinə əminliyini ifadə edib.


Teqlər:  





Xəbər lenti