Rauf Hacıyev: "Balıqçılığın inkişafı üçün həllini vacib bir sıra problemlər mövcuddur"
"CACFish regionda su bioloji resurslarının artırılması, qorunub saxlanılması, səmərəli idarə olunması, habelə akvakulturanın dayanıqlı inkişafına hədəflənən vacib mexanizmlərdən biridir. İnanıram ki, CACFish-in ölkəmizdə keçirilən cari sessiyasında aparılacaq müzakirələr və qəbul ediləcək qərarlar regionda akvakulturanın daha da inkişafına töhfə verəcək.
2014-cü ildən CACFish-in üzvü olan ölkəmiz dayanıqlı balıqçılıq və akvakulturanın inkişafı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, kadr potensialının artırılması, idarəetmə sisteminin optimallaşdırılması sahəsində mühüm inkişafa nail olub. Ölkədə həyata keçirilən aqrar islahatların nəticəsində iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli irəliləyişə nail olunub, müxtəlif növ kənd təsərrüfatı məhsullarının, o cümlədən balıq və balıq məhsullarının istehsal həcmi artıb. Bununla belə, ölkədə uzun illərdən bəri yığılıb qalmış, balıqçılığın inkişafı ilə bağlı həllini təcili tələb edən bir sıra problemlər mövcuddur".
Nazir müavini qeyd edib ki, hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsullarla özünütəminetmə səviyyəsi aşağıdır və daxili tələbatı tam ödəmək üçün yetərli deyil:
"Hazırda Azərbaycanda balıqçılıq təsərrüfatının başlıca inkişaf məqsədi, balıq məhsullarına daxili tələbatın ödənilməsi, iqtisadiyyatı sahil balıqçılığından asılı olan rayonların sosial-iqtisadi inkişafını təmin edən su bioresurslarının qorunması, artırılması və səmərəli istifadəsi, şirin su akvakulturasının və marikulturanın inkişafı əsasında balıqçılıq təsərrüfatı kompleksinin davamlı fəaliyyətinə nail olmaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi FAO ilə birlikdə Azərbaycanda balıqçılıq təsərrüfatı və akvakultura sektorunun siyasi, hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi, su bioresurslarının idarəetmə strategiyası, balıqçılığın inkişafına dair Proqramın hazırlanmasında əməkdaşlıq həyata keçirilib.
Qanunvericilik sisteminin təkmilləşdirilməsi bu sahədə kiçik və orta biznesin inkişafına təkan vermiş və akvakulturanın inkişafına yönəlmiş investisiyaların cəlb edilməsinə şərait yaradıb. Akvakulturanın inkişafı üçün digər hərəkətverici qüvvə kimi qeyri-qanuni balıq ovu ilə mübarizə və təbiətdə vətəgə əhəmiyyətli balıq növlərinin bərpası tədbirlərini, həmçinin dövlət balıqartırma müəssisələrinin özəlləşdirilməsini qeyd etmək olar".
Aytən Zəhra
AzVision.az
Teqlər: