Anası Elnur Aslanova görə MTN-ə müraciət etdi

Anası Elnur Aslanova görə MTN-ə müraciət etdi
  21 İyun 2014    Oxunub:1307
“Mediada mənə və oğlum Elnur Aslanova qarşı başlanan kampaniya ilk gündən şər, böhtan, yalan və iftiradan başqa bir şey deyil. Qətiyyətlə bəyan edirəm ki, həm mən, həm də oğlum Elnur Aslanov dövlətimizə, xalqımıza, dövlət başçımıza həmişə sədaqətli olmuşuq və bundan sonra da sədaqətli olacağıq”.
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bu gün bəzi KİV-lərdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri olan oğlu Elnur Aslanov və onun özünün ölkədən çıxmasına qadağa qoyulması, bank hesablarına, mülklərinə qeyri-rəsmi həbs qoyulması barədə dərc olunmuş məlumatları “Turan” agentliyinə şərh edərkən bildirib.

R.Aslanovanın fikrincə, mediada tirajlanan bu böhtanlar sifarişdir. “Azərbaycanda hər kəs bunun hansı mənbədən qaynaqlandığını yaxşı bilir. Bu kampaniya başlanandan 3 dəfə Milli Təhlükəsizlik Nazirliyinə rəsmi müraciət edərək mənim və oğlumun fəaliyyətinin tam araşdırılmasını xahiş etmişəm. Bu gün də qəti əminliklə bildirirəm ki, bir millət vəkili, Azərbaycan vətəndaşı olaraq mənim və oğlumun fəaliyyətində zərrə qədər belə nöqsan tapa bilməzlər. Dönüklük, etibarsızlıq və sədaqətsizlik kimi keyfiyyətlər bizə yaddır. Mən və oğlum xalqımızın və dövlətimizin etimadını hansı vəzifədə olmağımızdan asılı olmayaraq həmişə şərəflə daşımışıq və daşıyacağıq”, - o qeyd edib. R.Aslanova “yalan və iftira dolu məlumatları ictimai fikrə ötürən jurnalistlərə isə acıyıram” cavabını verib.

Xatırladaq ki, bu gün bəzi KİV-lərdə Rəbiyyət Aslanova və oğlu Elnur Aslanovun ölkədən çıxmasına qadağa qoyulması, mülkiyyətinə və bank hesablarına qeyri-rəsmi həbs qoyulması barədə məlumatlar dərc edilib. Məlumatlarda hüquq- mühafizə orqanlarının onlarla bağlı araşdırma apardığı qeyd edilir.

Onu da qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.


Teqlər:  





Xəbər lenti