Nazirin işdən çıxardığı direktordan AÇIQLAMA

Nazirin işdən çıxardığı direktordan AÇIQLAMA
  21 İyun 2014    Oxunub:1278
“Mən Təhsil Naziri Mikayıl Cabbarovun 10 fevral 2014-cü il 11/109 saylı əmri ilə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad olunmuşam”.
AzVision.az xəbər verir ki, bunu qafqazinfo-ya göndərdiyi yazılı açıqlamada Lənkəran Dövlət Humanitar Kollecin sabiq direktoru Şaban Şəfiyev “Nazir bir direktoru qovdu, ikisinə isə töhmət verdi ” başlıqlı xəbərlə bağlı münasibətində bildirib.

Sabiq direktor bildirib ki, işdən çıxarılmağına səbəb ondan ibarət olub ki, rəhbərlik və nəzarətin olmaması nəticəsində ayrı-ayrı fənnlər üzrə proqramlar hazırlanıb təsdiq edilməmiş və qiyabi şöbədə cədvəl üzrə dərslər keçirilməmiş, bəzi fənnlər ümumiyyətlə tədris olunmamış müəllimlər tərəfindən tələbələrin biliyi düzgün qiymətləndirilməyib, Təhsil Nazirliyinin nəzarəti ilə və kollec tərəfindən keçirilən qiymətləndirmə nəticələri kəskin şəkildə fərqlənib, dərsə davamiyyətlə bağlı və imtahan sessiyası zamanı müəllimlərdən tələbələrə qarşı hüquqazidd tələblər irəli sürülüb, pedaqoji təcrübə formal xarakter daşıyıb və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib: “Lakin göstərilən əmr məni işdən çıxarmaq üçün əsas deyildir. Əsas ondan ibarətdir ki, mən işlədiyim kollektivdə köhnə rəhbərlikdə vəzifədə işləmiş bir neçə adamın “quyruğunu” basmağımdan irəli gəlmişdir. 3 sentyabr 2012-ci ildə Lənkəran Dövlət Humanitar Kollecinə direktor təyin olunmuşam. 22 il kollecə rəhbərlik etmiş 77 yaşlı Cahangir İbrahimov vəzifəsindən çıxandan sonra kollektivdə anonim yazışmalar başladı. C.İbrahimov işlədiyi dövrdə kollec tələbələri korrupsiya idarəsinə şikayət edərək onlara qarşı qanunazidd hərəkətlərin olması barədə müraciət etdilər. Mən direktor təyin olunandan sonra kollecin müəllim və tələbələri korrupsiya idarəsi tərəfindən 8 ay istintaqa cəlb edildilər. İşlədiyim 1 il 6 ayın 8 ayını ancaq bu cür işlərə sərf etmişəm. Sonra da kollektivin içindən respublikanın müxtəlif orqanlarına anonim məktublar və zənglər edilməyə başlandı”.

Direktor bildirib ki, rüşvət faktına görə, kollecin “İbtidai təhsil” fakültəsinin pedaqoji şöbəsinin müəllimi Əliyeva Mailə Kazım qızını işdən azad etdikdən sonra qəzet və internet saytlarında anonim məktublar peyda olmağa başlayıb: “Nəhayət 21 yanvar 2014-cü ildə kollecdə Təhsil Nazirliyi tərəfindən yoxlama keçirldi. Yoxlama barədə bizim məlumatımız olmasa da rayon ziyalılarının məlumatı olmuşdur. Bu xəbərin Nazirlikdən kim tərəfindən yayılması barədə heç bir məlumatım yoxdur. Eyni zamanda onu da deyə bilərəm ki, digər yoxlanılan kolleclərin də bu haqda xəbərləri qabaqcadan olmuş və onlara yoxlama yaddaşı verilmişdir. Bizdə olan nöqsanlar digər kolleclərin özlərində də oldu. Nədənsə mən işdən çıxarıldım digər direktorlara şiddətli tohmət verildi. Təhsil Nazirliyinin rəhbərliyi ilə yoxlama başladı və başlanan kimi bütün otaqlar möhürləndi. Tələbə və müəllimlər təşvişə düşdü. 60 nəfərə qədər olan bu yoxlama komissiyası kollecə məsləhət vermək üçün yox, qərəzçilik məqsədini daşımaq üçün gəlmişdi və özünü göstərdi. Eyni zamanda dövlət sənədi olan jurnallar zəbt olunaraq qırmızı qələmlə bəzəndi. Görəsən bunlara gələcək yoxlamalarda kim cavab verəcək?! Məktəbşünaslıqda belə jurnallara kobud münasibət bəsləmək pedaqoqikanı bilməmək deməkdir. İşlədiyim bu dövrlərdə yoxlamanın bu cür qərəzli aparılmasının heç vaxt şahidi olmamışam. Yoxlama dövründə tələbələr və müəllimlər əsəbi gərginlik keçirtdilər. Müəllimlərin şəxsiyyəti təhqir olundu. Məktəbə gələrkən heç bir iclas keçirilmədən qərəzli yoxlamalar başlandı.

Son dövrdə dövrü mətbuatda Lənkəran Dövlət Humanitar Kolleci barədə gedən məlumatların təqdimatı zamanı “Azərbaycan Jurnalistlərinin Peşə davranış Qaydaları”nın tələbləri gözlənilməyib.Belə ki, direktor müavininin seyfindən güya 200.000 manatın yoxlama zamanı aşkarlanıb götürülməsi və həmçinin digər neqativ xarakterli məlumatlar yayımlanarkən bunların nə dərəcədə konkret dəlil və sübutlara söykəndiyi yoxlanmayıb”.


Teqlər:





Xəbər lenti