Zahid Orucdan müxalifətə tutarlı cavab

Zahid Orucdan müxalifətə tutarlı cavab
  23 İyun 2014    Oxunub:1005
“Onlar nə zaman uca bayraqlar qaldırıb, Azərbaycanı uğurla təmsil ediblər ki? Bu insanlar hakimiyyət, dövlət bayrağını qoyub, gedib müxalifət bayrağının altında toplaşsınlar”.
Bu fikirləri AzVision.az-a açıqlamasında millət vəkili Zahid Oruc müxalifətin Azərbaycan bayrağının cırılması haqda ittihamlarına münasibət bildirərkən deyib.

Deputat müxalifət nümayəndələrinin bayraq məsələsini siyasiləşdirməsinə etirazını bildirib.

Z.Oruc müxalifətin bu addımını psixologiyada təfəkkür problemi kimi qiymətləndirib.

“Psixologiya elmində məşhur bir formul var. Bir-birinə zidd olan iki fikir eyni anda bir beyində yaşayırsa, bu artıq həmin təfəkkürün problemidir, reallığın yox. Bir vaxtlar həmin insanlar deyirdi ki, dövlət atributuna münasibət hansısa bayrağın ucaldılması ilə, onun yüksəkliyi ilə müəyyənləşmir, hüquqi məsələləri yaxşı qurun, sosial şərait yüksək olsun, insanlar yaxşı yaşasın və s. Bu , elə həmin bayrağın ucaldılmasına bərabər olacaq. Bununla Azərbaycan dövlətini ittiham etməyə çalışırdılar. İndi isə sırf təbiət hadisəsinə görə baş vermiş arzuolunmaz olayın da günahını Azərbaycan dövlətində axtarırlar”.

Millət vəkili hesab edir ki, müxalifətin iradları yersizdir.

“Heç olmasa bu məntiqlərinin birinin yarıtmaz olduğunu bildirsinlər və söyləsinlər ki, bayrağın ucaldılması Azərbaycan insanına qürur verdiyi üçün bu, dövlətə təşəkkür düşürdü. Əgər hər hansısa təbiət hadisəsinə görə, bayrağa ziyan gəlibsə, onun dərhal aradan qaldırılması üçün tədbirlər görülsün və bu işi görmək üçün üzərinə öhdəlik qoyulmuş qurum tənqid edilsin. Bu mövqe daha obyektiv olardı. Təbiət hadisəsinə görə, hakimiyyəti günahkar görmək siyasi fəaliyyətin predmeti deyil. Bayraq bütövlükdə millətə mənsubdu və onun ucalığını hamımız istəməliyik. Onla bağlı hər hansısa hadisəni isterika ilə yox, müəyyən həll yolu ilə çözməliyik”.

Qeyd edək ki, ötən gün Bakıda güclü küləyin əsməsi nəticəsində Bayraq Meydanın ucalan Azərbaycan bayrağı cırılıb. Müxalifət nümayəndələri bundan istifadə edərək sosial şəbəkələrdə təbiət hadisəsinə siyasi don geyindirməyə çalışıb, hakimiyyət əleyhinə yersiz ittihamlar səsləndiriblər.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti