“Hamı bir ailə kimi yaşayır” - Polad Bülbüloğlu

“Hamı bir ailə kimi yaşayır” - Polad Bülbüloğlu
  24 İyun 2014    Oxunub:1001
Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları iyunun 23-də günün ikinci yarısında İsmayıllı rayonunun rusların yaşadıqları İvanovka kəndinə gəliblər.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, kənd mədəniyyət sarayının qarşısında rusiyalı qonaqlar duz-çörəklə qarşılanıb.

İsmayıllı rayonunun, Nikitin adına kolxozun rəhbərlərinin, ağsaqqal və ziyalıların iştirak etdikləri qarşılanma mərasimində rayon icra hakimiyyəti başçısının İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi Olqa Jabina qonaqları salamlayaraq İvanovka kəndi, onun sakinləri, insanların məşğuliyyəti, kolxozun nailiyyətləri barədə qısa məlumat verib.

O.Jabina Azərbaycanda rahat, dinc şəraitdə yaşadıqlarını qeyd edərək Azərbaycan və rus mədəniyyətlərinin qarşılıqlı əlaqələrindən faydalandıqlarını, bu əlaqələrin artıq onların həyat tərzinə çevrildiyini bildirib.

Sonra qonaqlar mədəniyyət sarayı ilə tanış olublar. Sarayın foyesində təşkil olunmuş çay süfrəsi arxasında onlar kənddəki “Slavyanka” folklor qrupunun ifasında rus və Azərbaycan musiqisindən nümunələri dinləyiblər.

Görüşdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan öz tolerantlığı ilə digər ölkələrə nümunədir. Buna hər kəs heyran qalmışdır. Azərbaycanda hamı bir ailə kimi bərabər, sərbəst və rahat yaşayır. Ölkəmizin bütün vətəndaşlarının imkanları da eynidir. Azərbaycanda son illərdə baş vermiş böyük dəyişiklikləri ölkəmizə gələn hər kəs hiss edir və yüksək qiymətləndirir. Rusiya ilə də əlaqələrimiz yüksək səviyyədədir”.

Qalereya




Teqlər:  





Xəbər lenti