"Mənə "kobra" ləqəbini vermişdilər, Çingiz bizim döyüşləri çəkirdi" - Kərkicahanlı Nazim

 "Mənə "kobra" ləqəbini vermişdilər, Çingiz bizim döyüşləri çəkirdi" -  Kərkicahanlı Nazim
  15 Fevral 2024    Oxunub:1995
Nazim Hüseynov 1956-cı ildə Xankəndidə doğulub. O, Xankəndinin Kərkicahan qəsəbəsinin sakinidir. Ötən ilin dekabrın 28-də 32 illik ayrılıqdan sonra doğma kəndinə gedib, yarımuçulu vəziyyətdə olan evini ziyarət edib. Həmsöhbətimiz ailəsi ilə birlikdə Kərçicahana gedəcək ilk köç qrupunun siyahısındadır.
- Kərkicahanda Səməd Vurğun adına 6 nömrəli məktəbdə oxumuşam. Mənim uşaqlarım da orada dünyaya gəliblər. Sonbeşik oğlumun biz qəsəbəni tərk edəndə 3 yaşı var idi. Ötən il evimizi ziyarətə gedəndə onu da özümlə aparmışdım.

15 yaşımdan işləmişəm. Qəsəbəmizdə sürücülük edirdim. Bir məsələni də nəzərinizə çatdırım ki, 1991-ci ildə Xocalı şəhər statusu alandan sonra Kərkicahana qəsəbə statusu verildi. Füzuli, Xəqani, Əlibayramlı, Özbəkistan və Dağlar adlı küçələrimiz var idi. Mən sonuncu qeyd etdiyim küçədə yaşayırdım”.

Müsahibimiz deyir ki, 1991-ci ildə Kərkicahanın müdafiəsində iştirak edib və ilk könüllülərdən biri olub.

“Döyüşlərdə mənə “kobra” ləqəbi vermişdilər. 816-cı batalyonun 4-cü rotasının birinci manqa komandiri olmuşam.

366-cı motoatıcı alay işğala bizim qəsəbəmizdən başladı. Daha sonra Qaradağlıya keçdi. Qaradağlının işğalından sonra isə Xocalını yerlə yeksan etdi. Kərkicahan bu döyüşlərdə 34 şəhid verdi. Onların öldürüldükləri yeri əzbər bilirəm. Hamısının məndə şəkilləri var.

Kərkicahan qəsəbəsini 1991-ci ilin dekabrın 28-də yandırdılar. Demək olar ki, ermənilər ilk xaç yürüşünü Kərkicahanda etdilər.

Onların içində bizə qarşı bir nifrət var idi. Tək azərbaycanlı görəndə daşlayırdılar. Orduxan Səfərov Aydınoğlu kəndimizin ilk şəhidi idi. Onu 1989-cu ildə qətlə yetirdilər. Kərkicahan camaatı çox əziyyət çəkib. Dəfələrlə gəlib evlərimizi, məktəbimizi yandırırdılar.

Rəhmətlik Çingiz Mustafayev bizim kəndimizdə gedən döyüşləri çəkirdi. Həmin görüntülər ANS-in qızıl fondunda var.

İşğal zamanı ermənilər Kərkicahanın yuxarı hissələrini dağıdıblar, aşağı hissəsini isə bərpa edib yaşayıblar. İndi kənddə bir erməni qalıb. Onun babası Sərkisi yaxşı xatırlayıram. Həmişə deyirdi ki, dəvənin beli düzələndə ermənilərlə azərbaycanlıların münasibəti düzələcək.

Kəndimizdə məni üzən hadisələrdən biri də veratalyotla daş daşıyıb tikdiyimiz məktəbin sökülməsi oldu. Bir daşı qalmayıb.

Hazırda kənddə təmizlik işlərinə başlayıblar. Övladlarımın hamısı bir nəfər kimi mənimlə birgə geri dönəcək. Əgər getməsələr, onları övladlıqdan silərəm”.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti