Suları da boğazda qaldı - "Cermuk" Rusiyada necə "soyudu"?

   Suları da boğazda qaldı -    "Cermuk" Rusiyada necə "soyudu"?
  19 Fevral 2024    Oxunub:1237
Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsinə Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) ötən günlərdə Ermənistanın "Cermuk" mineral suyunun müəyyən partiyasının (28 dekabr 2023 - 12 fevral 2024 aralığında Rusiya bazarına çıxarılası yarım litrlik şüşə qablaşdırmalar) idxalını "müvəqqəti" dayandırdı. Suyun istehlaka yararlığı ilə bağlı analizlər aparan Rusiya qarşı tərəfə hələ ki açıqlama verməyib.
AzVision.az bildirir ki, sözügedən mineral suyun Moskva tərəfindən qadağa ilə üzləşməsinə səbəb kimi fevralın 12-də Şimali Osetiyanın paytaxtı Vladiqafqazda ondan içən bir nəfərin qida borusunun ölümcül dərəcədə qıcıqlanması və ölməsi göstərilir. Respublikanın rəhbəri Sergey Menyaylonun sözlərinə görə, şüşəyə mineral su əvəzinə sirkə turşusu doldurulubmuş...

(Şimali Osetiya Respublikasının rəhbəri Sergey Menyaylo)

Maraqlıdır: 1951-ci ildən bəri buraxılan və postsovet ölkələrində "müalicəvi mineral su" kimi böyük şöhrət tapan "Cermuk" birdən-birə kiminsə boğazında qalır və o, həyatını itirir. Əslində, Rusiya-Ermənistan münasibətlərinin elə "buz təki soyuduğu" bir dövrdə bu heç də təəccüblü görünmür.

Mətləbə keçməzdən qabaq haşiyə çıxaq ki, suyun qaynadığı şəlalə Qərbi Azərbaycanın Dərələyəz mahalında, əsl adı ilə İstisu şəhərindədir. "Cermuk" sözü erməni dilində məhz "isti su" deməkdir. Azərbaycanda bu adda bir neçə başqa mənbə də var ki, onlardan biri Kəlbəcər rayonunda yerləşir. Hərçənd burada 1928-ci ildən sanatoriya salınsa da, SSRİ illərində "Cermuk" kimi məşhurlaşmayıb, - əlbəttə, bu su da qədim Azərbaycan torpağından qaynayır, lakin ermənilər öz adlarına çıxararaq satmağı, təəssüf ki, yaxşı bacarıblar...

(Cermuk (İstisu) şəlaləsi)

("Jermuk Group" QSC)

Hər halda, "Cermuk"un Rusiya bazarında rəvacı çox çəkmədi.

"Rospotrebnadzor" suyun yuxarıda göstərilən partiyasının satışını dayandırmaqla bağlı distribyutorlara bildirişlər göndərib. Doğrudur, qurum bəzən Azərbaycandan da kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət qoyur: həmin məhsullarda müxtəlif zərərli mikroorqanizmlərin tapıldığı bildirilir. Rusiya vətəndaşlarının sağlamlığını belə ciddi nəzarətdə saxlaması fonunda qurumun sirkə ilə dolu "mineral su" şüşələrini nəzərdən qaçırması qəribə təəssürat bağışlayır...

Hazırda əl-ayağa düşən "Rospotrebnadzor" təhlükəli suyun yayılmasını qabaqlamaq üçün təcili tədbirlər görür; mağaza və restoranlara nəzarəti gücləndirir və vətəndaşlara bu barədə xəbərdarlıq ünvanlayır. Beləliklə, təqribən 2 milyon şüşənin satışı dayandırılıb. İstehlaka yararlığı ilə bağlı laboratoriya analizi təsdiqlənməyincə ruslar "Cermuk" içə bilməyəcəklər.

Bu, təhlükəli su ilə Rusiya tərəfinin gördüyü işlərdir. Ermənistan isə sükutunu qətiyyən pozmur. Ölkənin Qida Təhlükəsizliyi Müfəttişliyi sadəcə "mineral su istehsalında sirkə turşusu işlədilmədiyini" bildirir. Zəhərlənmə hadisəsi ilə bağlı heç üzr də istəməyən İrəvan satışın dayandırılmasını "qəribə" adlandırılır. Xatırladır ki, 2001-ci ildən Rusiya bazarına çıxarılan "Cermuk" Avrasiya İqtisadi İttifaqının qoyduğu qaydalara uyğun hazırlanır və indiyədək bu mineral sudan zəhərlənmə faktı qeydə alınmayıb. Müfəttişliyin iddiasına görə, "Cermuk"un təkcə Rusiyaya yox, ABŞ, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Avropa İttifaqı və digər ölkələrə ixracı 23 il ərzində 10 dəfə artıb.

(ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin Qida və Dərman İdarəsi)

Günahı öz boynundan atmaq istəyən İrəvanın "qaydalara uyğun istehsal"la bağlı bəyanatı okeanın o tayından da yalanlanır. Belə ki, ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) hələ 2007-ci ilin martında Amerika bazarına çıxarılan "Cermuk"da kəskin miqdarda zəhərli arsen maddəsi aşkarlamış və məhsulu geri qaytarmışdı. FDA-nın açıqlamasına görə, insanda xərçəng xəstəliyinə gətirib çıxaran arsen sözügedən mineral sularda 500-600 mikroqram səviyyəsindədir ki, bu da 1 litr üçün 10 mikroqram standartını dəfələrlə üstələyir.

(Ermənistanın "Arzni" adlı mineral suyu da "sağlamlığa faydalı su" kimi satışa çıxarılır)

Ermənistan o vaxt da belə bir dəyərləndirməni danmışdı. "Arzni Mineral Sular" QSC-nin direktoru Armen Mkrtçyan:

"Şirkətin məhsullarında arsen tərkibi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) standartlarına tamamilə uyğundur", - söyləmişdi.

Arsen də, sirkə turşusu da insan sağlamlığına çox zərərli maddələrdir. Sirkə turşusunun orqanizmə nüfuzu dərhal, arsenin təsiri isə tədricən baş verir, - əlbəttə, hər ikisi də ölümcüldür. Sirkə turşusundan zəhərlənmə həzm sisteminə, tənəffüs yollarına ciddi ziyan vurur, qanda turşuluq miqdarını ölümcül dərəcədə artırır, dəri və gözlərə yandırıcı təsir göstərir. Kəskin arsen zəhərlənməsinin simptomları isə ürəkbulanma, qusma və ishaldır. Zəhərlənmə böyrəklər, qaraciyər, dəri, ürək-damar və sinir sistemlərini bir neçə gündən bir neçə həftəyədək sıradan çıxarır.

(Arsen (As) - Mendeleyev cədvəlində 33-cü element, zəhərli metalloid)

Bəs "Cermuk" mineral suyuna zəhərli arsen necə və haradan qarışa bilər? İzahı çox sadədir: şəlalənin yaxınlığında (cənub-şərqində), Arpaçay-Bazarçay vadisində yerləşən "Amuldağ" qızıl yatağından. Azərbaycanlı mütəxəssislər onun bağlanması zərurətini dəfələrlə dilə gətirsələr də, yatağın fəaliyyəti nəticəsində ətraf mühit, eləcə də yeraltı sular arsen və digər zəhərli maddələrlə çirklənir...

("Amuldağ" ("Amulsar") qızıl yatağının səmadan görünüşü)

Azərbaycan pomidorunda tapdığı cüzi kifə görə bütün partiyanı geri qaytaran "Rospotrebnadzor", təəccüblüdür ki, erməni mineral suyunun tərkibindəki ölümcül arsenə, sirkə turşusuna və kim bilir, ayrı hansı zəhərlərə göz yumur. Aydındır ki, erməni lobbisinin təkcə Dövlət Dumasının qərarlarına yox, bütün qadağa və məhdudiyyətlərə baxmayaraq, adıçəkilən qurumun fəaliyyətinə də əl qatmağa gücü çatır...

Əlbəttə, erməni lobbisi çox da diş qıcasın, bu faktdır ki, rəsmi Moskvanın İrəvana dəstəyi artıq sapdan asılıdır. Bu, təkcə hərbi-texniki sahədə deyil, görüldüyü kimi, "ictimai iaşə" çərçivəsində də özünü açıq-aşkar büruzə verir: Ermənistanın təkcə "Cermuk"u - "isti su"yu yox, süd məmulatları, konyakı və digər məhsulları da rus süfrələrində "soyumağa" üz tutur...

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   Cermuk   Jermuk   qadağa  





Xəbər lenti