"Xocalıya hər səfərimdə 9 yaşlı Ləfxanımın gözləri ilə ətrafa baxıram" - Faciənin azyaşlı şahidi

   "Xocalıya hər səfərimdə 9 yaşlı Ləfxanımın gözləri ilə ətrafa baxıram" -  Faciənin azyaşlı şahidi
  26 Fevral 2024    Oxunub:1037
- Adın nədir?
- Ləfxanım (Lətifxanım).
- Ləfxanım haradansan sən, hansı kənddən?
- Daşbulaqdan gəlmişik.
- Kənddən necə oldu gəldiniz, niyə çıxdınız?
- Ermənilər qovdu.
- Ləfxanım ayağına nə olub?
- Meşədə qaçanda oldu.
- Nə oldu ayağına?
- 3 gün qarın içərisində qaldıq, onun üçün belə oldu.
- Buzladı hə ayağın?
Səssizcə başını tərpədir


Bu müsahibə Milli Qəhrəman Çingiz Mustafayevin 1 saat əvvəl Xocalı əsirliyindən azad edilən 9 yaşlı qızcığazla çəkilişindədir. Lətifxanım qorxu dolu baxışlarla ətrafı seyr edib, nə olduğunu anlamağa çalışır. Çünki bu yaşında o artıq həyatının ən ağır üzünü görmüş, dünyanın ən vəhşi işgənclərinə şahidlik etmişdi.

Xocalı rayonu 4 tərəfdən mühasirəyə alınmasına, gündəlik atışma səslərinə baxmayaraq, əhali evlərini tərk etmir, gündəlik həyatlarına davam edirdilər. Lətifxanım da məktəbli olaraq imkan tapdıqca məktəbə gedib-gəlir, olanları dərk etməyə çalışırdı. Amma fevralın 25-i gecəsi onun və bütün xocalılar üçün hər şey dəyişdi.

Özünün qeyd etdiyi kimi, 4 tərəfdən müharisədə olan rayondan çıxmaq üçün hamı meşəyə üz tuturdu. O meşə ki, çoxları üçün ölüm yuvası, əsirliyin başlanğıcı oldu. 1 həftə meşədə qalandan sonra Lətifxanımgilin ailəsi də əsirliyə düşür və burada olmazın işgəncələr başlayır. Qardaşının 8 aylıq hamilə yoldaşı dünyasını dəyişir, əmisioğlu, atasının bacısı güllələnərək öldürülür, digər əmisi oğlunun qolları sındırılıb aparılır. Bu günə qədər də ondan bir xəbər yoxdur.



“7 günlük əsirlikdən bir saat olardı gəlmişdik. Çingiz Mustafayev mənimlə danışdı. Onun suallarına belə təəccüblə cavab verirdim. Çünki bizim azad olunduğumuza inana bilmirdim, ətrafı diqqətlə izləyirdim. Onda Ağdamın xəstəxanaları dayanmadan vurulduğu üçün bizi vaqonlarda yaradılmış tibbi məntəqələrə gətirmişdilər. İki saat burada qalandan sonra bizi ailəlikcə Respublika Klinik Xəstəxanasına gətirdilər. 1 həftə qarlı meşədə qaldığımız üçün ayaqlarımızı don vurmuşdu, hamımızın ayaqları pəncədən kəsildi. Ermənilər vəhşiliklərinin parçasını bizimlə ölənəcən yaşatdılar”, deyə Lətifxanım Mahmudova AzVision.az -a müsahibəsində deyib.

“Canımızdan başqa heç nəyimiz yox idi. 3 ay xəstəxanada müalicə alandan sonra dayım bizi himayəsinə götürdü. Sonra Ağdamda bizə evlər verildi. Amma ermənilər orada qalmağımıza da imkan vermədilər. 1993-cü ildə artıq ikinci dəfə ermənilərdən canımızı qurtarmaq üçün Ağdamdan çıxdıq. Bərdəyə, oradan isə Oğuz rayonuna gəlib məskunlaşdıq. Sonra ailə həyatı quraraq Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsinə gəlin köçdüm”.

L.Mahmudova 9 yaşında çıxdığı evinə 41 yaşında qayıdıb. 3 dəfə Xocalıda olmasına baxmayaraq, hər dəfə gələndə 9 yaşındakı kimi ətrafa nəzər saldığını, yaşadıqlarını xatırladığını qeyd edib: “Evimiz, sığınacaqdan çıxıb meşəyə doğru qaçmağımız, Qarqarçayının qırağı ilə hərkət etməyimiz gözümün qarşısından lent kimi keçdi. Meşə eyni ilə 32 il əvvəlki kimi qarlı, çiskinli, dumanlı idi. İndi ora keçə bilmədim. Amma 32 əvvəl ermənilərdən yaxa qurtarmaq üçün meşə tək çarəmiz idi və biz o qarın içərisində günlərlə hərəkət etmişdik.

Hər dəfə gedəndə Xocalını görəcəm deyə sevinirəm. Amma ora çatanda mənim üçün hər şey dəyişir. Sanki Xocalı da yaşlaşıb, qan ağlayır. Qayıdandan sonra günlərlə özümə gələ bilmirəm. Bu gün şükür ki, torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə, igid oğullarımızın tökülən qanları hesabına qaytarılıb. Çətin olsa da, doğma evimə qayıdıb orada yeni həyata başlamaq istəyirəm. Bu yolla az da olsa yaralarımızı sarmağa çalışırıq. Xocalıda yenidən məskunlaşacağımız günü, Xocalının əvvəlkindən də gözəl günlərini görəcəyimiz vaxtını səbirsizliklə gözləyirəm”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti