Xocalının simvoluna çevrilən qadın:"Körpəni Ağdama kimi qucağımdan qoymadım"
Bu gün o, 32 ildən sonra ayaqyalın tərk etdiyi Xocalıya gedib və keçmişi ilə üz-üzə gəlib:
“1992-ci ildə ermənilər demək olar ki, hər gün Xocalıya güllə yağdırırdılar. Fevralın 25-dən 26-na keçən gecə isə silahlar heç susmadı. Hamı narahat idi. Nə baş verdiyini anlamırdıq. Kişilər postlarda keşik çəkirdilər. Onlar vəziyyətin gərginləşdiyini görüb tələsik ailələrinin yanına gəlib kənddən çıxmalı olduqlarını bildirdilər.
Evdən çıxıb çölə boylananda geri qayıda bilmədik. Artıq ermənilər evlərə dolmuşdu. Ayaqyalın, əyni nazik mərkəzi yola doğru qaçdıq. Yanımda bibim və onun ailəsi var idi.
Camaata qoşulub Qarqarçayı keçdik. Suya yıxıldığımız üçün tir-tir əsirdik. Əyni yaş, soyuqdan əsə-əsə dağı aşıb Naxçivanik yoluna düzəldik. Yolda əmimgili gördüm. Atamı soruşdu, dedim, bilmirəm.
Elə bir az getmişdik ki, ermənilər atəş açdılar, əmimi, gəlinini və nəvəsini öldürdülər. Yolumuza davam etməyə məcbur idik. Qarşı təpəni aşıb, bir xeyli yol getdik. Azdığımızdan erməni postuna girdiyimizi anlamadıq. Erməni əsgərlər bizi Azərbaycan dilində çağırırdılar. Bizi aldadaraq, ”Bura gəlin, Ağdam postudur” dedilər. Qaranlıq idi, yaxşı görmürdük. Yaxınlaşanda 400-500 erməninin içində olduğumuzu anladıq. Kişiləri və qadınları sıraya düzdülər. Qızıllarını, pullarını əllərindən aldılar. Hansı kişinin üstündə silah tapılırdısa, onu yerindəcə güllələyirdilər.
Yoldaşımın əlində avtomat olduğu üçün onu da öldürdülər. Avtomatın qundağı ilə vurub alnının sümüyünü parçalamışdılar.
Qaynım əvvəlcədən Şelli camaatını köməyə çağırmağa getmişdi. Onlarla ermənilər arasında atışma başlayanda biz qaçıb qurtula bildik. Sonradan anam, bacım və qardaşım da Ağdama gəldilər. Atam isə bir həftədən sonra yaralı vəziyyətdə yanımıza qayıtdı. Danışırdı ki, adamları kürəklərində daşıyaraq xilas edirmişlər. Yerlimiz Güllü xala ilə Sadıq dayı ağır yaralı imişlər, onları çıxara bilməyiblər. Ər-arvad donub ölmüşdülər. Atam həmişə o səhnəni yada salanda çox kədərlənir.
Ermənilər sinif yoldaşım Müşfiqi tikə-tikə doğrayıb parçanın arasında benzin qarşılığında Ağdamdakı əmilərinə göndərmişdilər”.
Nigar xanım deyir ki, məlum fotoda qucağında daşıdığı körpə bibisinin nəvəsi olub.
“Atası və anası gətirə bilmədi, onu mən xilas etdim. Ağdama kimi qucağımdan yerə qoymadım. Həmin körpənin adı İncidir, onun iki övladı var”.
Nigar xanım Xocalıya bir neçə gün əvvəl etdiyi səfərindən də danışıb:
“Qarqar çayını görəndə ürəyimə ağrı doldu. Həmin anları yenidən yaşadım. Hələ də özümə gəlməmişəm. Kəndimizi viran görəndə ürəyim sızladı. Evimiz tamamilə dağılıb. Yerində ancaq qurumuş kolluqlar var. Sevindirici hal isə odur ki, qorxularıma qalib gəldim. Əvəllər düşünürdüm ki, Xocalıda yaşaya bilmərəm. Amma indi sevə-sevə gedirəm”.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: