Zaxarova: "Ermənistan-Aİ-ABŞ görüşü sülhün əldə edilməsinə yönəlməyib"

      Zaxarova:    "Ermənistan-Aİ-ABŞ görüşü sülhün əldə edilməsinə yönəlməyib"
  28 Mart 2024    Oxunub:691
Aprelin 5-nə planlaşdırılan Ermənistan-Aİ-ABŞ görüşü Moskvada narahatlıq doğurur, çünki Vaşinqton və Brüssel onun anti-Rusiya oriyentasiyasından açıq şəkildə danışır.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "Guya görüşün heç bir üçüncü tərəfə qarşı yönəlmədiyi bildirilir. Bu cür hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır.

Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbin son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da daxil olmasına, orada yeni bölücü xətlər yaratmaq, region ölkələrini anti-Rusiya gündəminə əməl etməyə məcbur etmək, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmasına, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın mövcud mexanizmlərinin zəiflədilməsinə yönəldilib.

İrəvanın guya söhbətin nədən getdiyini anlamaması böyük sualdır. Axı Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin erməni xalqının köklü maraqları ilə tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi alətinə çevrilir", - deyə o bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti