Düşünürəm ki, İranla Ermənistan arasında yeni gizli hərbi anlaşma mümkündür. Hətta o da mümkündür ki, onun həcmi 500 milyon dəyərindədir. Ancaq bunun qısa bir zaman kəsiyində, yəni uzağı bir ilə reallşdırılacağı da ağılabatan deyil və açığı, burada mənim diqqətimi daha çox çəkən və ekspertlərdən demək olar ki, heç birinin toxunmadığı bir məqam var.
Bu, sözügedən məqalənin Böyük Britaniya baş nazirinin Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli format çərçivəsində görüşlərinin təşkilinə Paşinyanın razılıq verməməsindən dərhal sonra meydana çıxmasıdır. Özü də Birləşmiş Ştatların Ermənistanla “Eagle Partner 2024” proqramı çərçivəsində birgə hərbi təlimlərinin başa çatdığı gün.
İran Qərbin əlaltısına çevrilən Ermənistanı silahlandırır |
Həmin qurumların məqsədinin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin dediyi kimi, “regionda dostluğa çan atan” ölkəsinin gözdən salınması olduğunu düşünmürəm. Söhbət əgər İranın gözdən salınmasından gedirsə, özünün nataraz açıqlamaları ilə burada Mehdi Sübhani hər kəsi kölgədə qoyur. Onun “Azadlıq” radiosunun hay redaksiyasına verdiyi müsahibədən elə də çox vaxt keçməyib. Bu həmin Sübhanidir ki, sözügedən müsahibədə Qarabağdan gedən hayların oranı “öz xoşlarına tərk etmədiklərindən”, o üzdən də “geri qaytarılmalı” olduqlarından dəm vurduğu halda, əsl etnik təmizləməyə uğrayan azərbaycanlılardan bir kəlmə də danışmır. Həm də nəinki danışmır, başqa bir açıqlamasında Ermənistanda demoqrafik mənzərənin dəyişməsinə yol verməyəcəklərini deməkdən, Qərbi Azərbaycanlıların öz yurd yerlərinə dönmələrini istəmədiklərini sərgiləməkdən də çəkinmir.
Buradan da görünür ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Güney Qafqazdakı proseslərə yanaşmada ölkəsinin İranla eyni mövqeni bölüşdükləri haqda sözləri heç də əsassız deyil. “Iran International”da gedən yazı göstərir və məncə, bu yazıyla həm də göstərilir ki, təkcə Fransa yox, Birləşmiş Ştatlar da regionda İranla sinxron hərəkət edir.
Heç inandırcı deyil ki, özünün yüksək rütbəli hərbçilərindən birinin maaşını artıq Pentaqona deyil, Dövlət departamentinə verdirməklə “mülki şəxs” statusu ilə uzun müddətə Ermənistanın Müdafiə nazriliyinə yerləşdirən rəsmi Vaşinqton sevimli haylarla sözdə düşmən farslar arasındakı gizli hərbi sövdələşmədən xəbərsizdir. Elə İranın Ermənistandakı səfirinin məhz Birləşmiş Ştatların maliyyələşdirdiyi “Azadlıq” radiosunda Azərbaycan əleyhinə “Freedom House”casına danışmasının özü də molla rejimi ilə Bayden administrasiyasının bizim regionda maraqlarının üst-üstə düşdüyünün və ortaq hədəflərinin olduğunun təsdiqi deyilmi?
Beləliklə, yenə qayıdıram “Iran International”da gedən yazının nədən Böyük Britaniya baş nazirinin Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli format çərçivəsində görüşlərinin təşkilinə Paşinyanın razılıq verməməsindən dərhal sonra meydana çıxmasının üzərinə. Mən öncə də bildirmişdim, indi də bu fikirdəyəm ki, həmin görüşün alınmamasında Blinkenin rolu Makronunkundan da, Lavrovunkundan da daha böyük olub. Londonda da bunu gözəl bilir və İranla Ermənistan arasındakı gizli hərbi sövdələşmənin detallarını sızdırmaqla son günlərini yaşayan Bayden administrasiyasının mahiyyətini açıb göstərirlər.
Azərbaycana gəldikdə, mən fikirləşmirəm ki, rəsmi Bakı Ermənistanın Müdafiə nazirliyinin, yaxud da Sübhani kimi birisinin belə sövdələşmənin olmadığı haqda dediklərinə inanaraq bu yöndə hər hansı araşdırma aparmır. Araşdırma da aparılır, hər şey tam dəqiqləşdirildikdən sonra cavab addımlar da atılacaq.
Sahib Alıyev, siyasi ekspert
AzVision.az