Polis Akademiyasında Zəfər Günü ilə bağlı konfrans keçirildi

Polis Akademiyasında Zəfər Günü ilə bağlı konfrans keçirildi
  02 Noyabr 2024    Oxunub:672
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında "Zəfər Günü - milli qürur və şərəf tariximiz" mövzusunda Respublika elmi-praktik konfrans keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə "Azərbaycan Hakimlər İttifaqı" İctimai Birliyinin, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunun, respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri qonaq qismində iştirak ediblər.

Eyni zamanda, konfransa onlayn formatda Rusiyanın bir sıra xüsusi təyinatlı ali təhsil müəssisələrində və Türkiyə Milli Polis Akademiyasında təhsil alan azərbaycanlı kursantlar və respublikanın bir neçə ali təhsil müəssisələrinin müəllim və tələbələri qoşulublar.

Tədbir iştirakçıları tərəfindən akademiyada ulu öndərin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra konfrans zalında ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb, onun məqsədi barədə fikirlərini bildirib. C.Daanov dövlətimizin gələcək inkişafında müstəsna rol oynayan Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayaraq gənc nəslin dövlətçilik ideyalarına sadiq və vətənpərvər ruhda tərbiyə almasının önəmini nəzərə çatdırıb.

Eyni zamanda, kursantların iştirakı ilə Zəfər Gününə həsr olunmuş yürüş keçirilib. Yürüş zamanı "Şanlı zəfərimiz əbədidir" şüarı kursantlardan ibarət yazı şəklində nümayiş olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti