Qırğızıstan ilk dəfə COP29-da öz milli pavilyonunu təqdim edəcək

   Qırğızıstan ilk dəfə COP29-da öz milli pavilyonunu təqdim edəcək
  06 Noyabr 2024    Oxunub:582
Bu il Qırğızıstan ilk dəfə olaraq COP29-da öz pavilyonunu təqdim edəcək. Bu isə ölkənin nailiyyətlərini daha geniş şəkildə nümayiş etdirmək və beynəlxalq tərəfdaşlarla görüşmək imkanı verəcək.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev ABŞ-ın Qırğızıstandakı səfiri Lesli Viqeri ilə görüşdə deyib.

Söhbət zamanı iqlim dəyişikliyi və noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək qarşıdan gələn COP29-da hər iki ölkənin iştirakı məsələlərinə toxunulub.

Səfir öz növbəsində qeyd edib ki, ekoloji problemlər və iqlim dəyişikliyi qlobal səviyyədə getdikcə aktuallaşır.

Tərəflər əməkdaşlığı gücləndirməyə qarşılıqlı hazır olduqlarını bildirib və qarşıdan gələn tədbirlə bağlı planlarını bölüşüblər.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

AzVision.az



Teqlər:





Xəbər lenti