BMU-da 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub - FOTOLAR

      BMU-da 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub    -    FOTOLAR
  08 Noyabr 2024    Oxunub:820
Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyasının Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə universitetin rəhbərliyi, müəllim-tələbə heyəti, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və rəsmi şəxslər iştirak ediblər.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Sonra “Zəfər tarixi” adlı videoçarx nümayiş etdirilib.

Açılış nitqində BMU-nun rektoru Yaqub Piriyev Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu Qələbəni bizə yaşadan şəhidlərin qəlbimizdə əbədi yaşayacağını bildirib. Rektor Azərbaycanın dörd il öncə qazandığı parlaq Qələbə nəticəsində regionda erməni faşizminə son qoyulduğunu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgədə və dünyada yeni reallıq yaratdığını və bu reallıqla indi hamının hesablaşdığını diqqətə çatdırıb. Vurğulayıb ki, həm 44 günlük müharibədə, həm də antiterror tədbirləri zamanı yüksək dövlət əxlaqı və əsgər ləyaqəti nümayiş etdirən Azərbaycan bu gün regionda sülhün, təhlükəsizliyin və inkişafın əsas qarantıdır.

İşğaldan azad olunmuş torpaqlarımızda tikinti-quruculuq və Böyük Qayıdış prosesinin başlandığını deyən Yaqub Piriyev Qarabağ və Şərqi Zəngəzurun sürətli dirçəlişini, məcburi köçkünlərin uzun həsrətdən sonra öz doğma yurd-yuvalarına qayıdışını görməyin hamı üçün qürurverici olduğunu əlavə edib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Rizvan Nəbiyev II Qarabağ müharibəsini, Ermənistan üzərində qazandığımız Qələbəni yaxın tariximizin ən əzəmətli səhifəsi adlandırıb. Düşmənlə savaşda qələbəyə aparan faktorlar sırasında Prezident İlham Əliyevin siyasi iradəsini, əsgərin gücünü, hərbi-sənaye kompleksinin imkanlarını, illərlə aparılan diplomatik fəaliyyəti qeyd edən deputat xalq-ordu-lider birliyinin Zəfərdəki əhəmiyyətinə xüsusilə toxunub.

Sonra şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova xalqımızın Zəfərini 30 illik mübarizənin, 44 günlük müharibənin deyil, məhz əsrlərin Qələbəsi kimi xarakterizə edib. Bildirib ki, adını tarixə şərəfli xalq və dövlət kimi yazan Azərbaycanın bu Qələbəsi milli kimliyimizin unutdurulması üçün əsrlərlə aparılan təbliğata, torpaqlarımızı zaman-zaman bizdən qoparan ideologiyalara verilən tutarlı cavabdır. Şəhid anası Vətən torpaqları uğrunda canından keçməyi böyük fədakarlıq adlandıraraq, bütün şəhidlərin ölümsüzlük zirvəsinə ucaldığını deyib.

Qarabağ Zəfərinin dövlətimizin iqtisadi və siyasi gücü, düzgün qərarları, ordumuzun peşəkarlığı ilə əldə olunduğunu deyən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev isə çıxışında öz torpaqlarını düşmən tapdağından xilas edən vətən övladlarının qəhrəmanlığının yaddaşlardan heç vaxt silinməyəcəyini, Azərbaycanın gücünü isbatlayan bu hərbi uğurun əbədi Zəfər kimi qalacağını bildirib.

Bayram tədbiri universitetin Bədii yaradıcılıq bölməsinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

AzVision.az

Qalereya




Teqlər: Zəfərgünü   BMU   tədbir  





Xəbər lenti