Ərzaq məhsullarının qiyməti artacaqmı? - Açıqlama

   Ərzaq məhsullarının qiyməti artacaqmı? -    Açıqlama
  24 Noyabr 2024    Oxunub:1223
Xəbər verdiyimiz kimi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymət İndeksi hesabatında açıqlanan məlumata görə, oktyabr ayında qlobal ərzaq qiymətləri kəskin artaraq son 18 ayın ən yüksək səviyyəsinə çatıb. Bildirilir ki, ərzaq qiymətləri indeksinin orta dəyəri 127,4 bənd təşkil edib ki, bu da sentyabr ayına nisbətən 2%, bir il əvvəlki qiymətindən isə 5,5% çoxdur.
Bu qiymət artımı bizim ölkəmizə də təsir edəcəkmi?

İqtisadçı Eldəniz Əmirov AzVision.az -a bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı sözügedən indekslərin hesablanması üçün beş əsas məhsul kateqoriyasından istifadə edir:

"Buraya taxıl, şəkər, yağ, ət və süd məhsulları daxildir. Hesablamalar dünyanın beş regionunu əhatə edir: Afrika, Asiya, Avropa, Şimali və Cənubi Amerika və Okeaniya. Yəni bu böyük bir coğrafiyadan, 100-dən artıq ölkədən məlumatlar götürülür və 5 məhsul kateqoriyası üzrə orta statistik göstərici çıxarılır.

Buna görə də FAO-nun ortaya qoyduğu statistika bütün ölkələrə şamil edilməyə bilər. Biz bunu təcrübədə də görmüşük. Məsələn, FAO elan edib ki, bəzi məhsulların qiyməti düşüb, amma əksinə, bizdə qalxıb. Çünki onlar 100 ölkənin orta statistikasını ifadə edirlər".

Ekspert qeyd edib ki, Azərbaycanda Mərkəzi Bankın 2025-ci il üçün inflyasiya proqnozu 5,8 faiz göstərilir:

"Bəzi məhsullar üzrə 8, 9-10 faiz inflyasiya mümkündür. Azərbaycan ölkənin 55 şəhər və rayonunda, 528 adda mal, məhsul və xidmətin orta qiymət artımını çıxararaq inflyasiya göstəricilərini elan edir. Bizim özümüzün hesablama metodologiyalarımız var. Bu kontekstdən yanaşsaq, FAO-nun elan etdiyi artım dinamikası əslində bizim proqnoz göstəricilərimizə uyğundur. Qiymət dinamikası 2024-cü ildə hansı tempdə artmışdısa, təxminən həmin tempdə, lakin bir qədər çox artım gözləyə bilərik".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: ərzaqməhsulları   artım  





Xəbər lenti