BMT : 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb

      BMT    :    2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
  22 Noyabr 2024    Oxunub:715
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024-cü ildə humanitar sahədə çalışan işçilərin ölüm sayının bütün əvvəlki rəqəmləri üstələdiyini və bu ili bütün dünyada yardım məqsədilə çalışanlar üçün ən ölümcül il etdiyini açıqlayıb.
AzVision.az bu barədə BMT-dəki mənbələrə istinadən xəbər verir.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, 281 nəfərin ölümünün əsas səbəbi Yaxın Şərqdə eskalasiyanın artması ilə bağlıdır. Bu rəqəm 2023-cü il ərzində qeydə alınmış 280 ölümlə bağlı əvvəlki rekordu artıq üstələyib.

“2024-cü il dünyanın ən çətin mühitlərində çalışan humanitar personal üçün ən faciəli il olub”, - OCHA-nın rəsmi nümayəndəsi Yens Lerke Cenevrədə keçirdiyi brifinqdə söyləyib.
Bundan əlavə, Əfqanıstan, Konqo Demokratik Respublikası, Cənubi Sudan, Sudan, Ukrayna, Yəmən və digər qaynar nöqtələrdə yüksək səviyyədə zorakılıq və təhdidlər qeydə alınıb.
OCHA-nın məlumatına görə, ölənlərdən 268 nəfəri yerli, 13-ü isə beynəlxalq işçi olub. Yens Lerke bildirib ki, bu rəqəmlər humanitar cəmiyyəti şoka salıb: “Humanitar işçilər bəşəriyyətin təklif etdiyi ən yaxşı şeyi edirlər, yardım göstərirlər. Amma rekord sayda öldürülürlər”.

2023-cü il oktyabrın 7-də İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri Yaxın Şərqdə humanitar təşkilatların 333 işçisi ölüb. Qəzza sektorunun Səhiyyə Nazirliyinin məlumatına görə, 13 aydır davam edən döyüşlərdə 44 mindən çox insan ölüb.

BMT humanitar işçilər üçün təhlükəsizlik tədbirlərinin artırılmasına çağırıb və onların dünyadakı münaqişələrdən zərər çəkənlərə yardım göstərilməsində əsas rol oynadıqlarını vurğulayıb.

AzVision.az




Teqlər:





Xəbər lenti