Suriya ordusu: "Terrorçular onlarla hərbçini öldürüblər"

      Suriya ordusu:    "Terrorçular onlarla hərbçini öldürüblər"
  30 Noyabr 2024    Oxunub:1252
Onlarla suriyalı hərbçi Hələb və İdlibdə terror hücumlarını dəf edən zaman həlak olub. Xeyli sayda yaralı var.
AzVision.az xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələrinin baş komandanlığı məlumat yayıb.

Suriya ordusu terrorçuların mövqelərinə zərbələr endirir
Qeyd edilib ki, terrorçuların hücum əməliyyatlarında minlərlə əcnəbi döyüşçü iştirak edir: "Son bir neçə gün ərzində minlərlə xarici terrorçu, ağır silahlar və çoxlu sayda pilotsuz təyyarələrin dəstəyi ilə "Cəbhət ən-Nusra" ilə əlaqəli silahlı terror təşkilatlarına qoşularaq Hələb və İdlibdə bir neçə istiqamətdən kütləvi hücuma keçib. Onların irəliləyişini dayandırmaq üçün silahlı qüvvələrimiz 100 km-dən artıq xüsusi zolaq üzrə qızğın döyüşlər aparıb. Döyüşlər zamanı silahlı qüvvələrimizin onlarla əsgəri həlak olub, yaralanıb”.

Suriya Ərəb Respublikasındakı Döyüşən Tərəflərin Barışıq Mərkəzinin (CPVS) rəhbərinin müavini, birinci dərəcəli kapitan Oleq İqnasyuk isə bəyan edib ki, 400 terrorçu məhv edilib.

O, qeyd edib ki, söhbət çərşənbə günü Hələb və İdlib əyalətlərində Suriya hakimiyyətinin nəzarətində olan ərazilərə hücum edən "Cəbhət ən-Nüsra" qruplaşmasının üzvlərindən gedir. Onlara Rusiya hərbçiləri zərbə endiriblər. Qruplaşmanın avtomobil karvanına vurulan zərbənin görüntülərini təqdim edirik:


Xatırladaq ki, yerli hakimiyyətin terrorçu adlandıdığı Suriya üsyançıları ölkənin ikinci böyük şəhəri olan Hələbə 2016-cı ildən bəri ilk dəfə daxil olublar. O zaman onlar uzun müddət davam edən döyüşlər nəticəsində şərq rayonlarından sıxışdırılıb çıxarılmışdılar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Suriya   Terrorçu  





Xəbər lenti