"Papamobil" Qəzzaya göndəriləcək

 "Papamobil" Qəzzaya göndəriləcək
  05 May 2025    Oxunub:617
Mərhum Roma Papası Fransiskin avtomobilini Qəzza zolağında xəstə və yaralı fələstinli uşaqların müalicəsi üçün səyyar tibb bölməsinə çevirəcəklər.
AzVision.az “The New York Times (NYT)” nəşrinə istinadən xəbər verir ki, pontifik ölümündən bir neçə ay əvvəl müvafiq təşəbbüsü təsdiqləyib.

Söhbət 2014-cü ildə Papanın İordan çayının qərb sahilindəki Beytləhməyə səfəri üçün papa avtomobilinə çevrilən ağ rəngli “Mitsubishi” avtomobilindən gedir.

Papamobilin tibbi kompleksə çevrilməsi ideyası “Caritas” katolik xeyriyyə təşkilatının rəhbərliyinə məxsusdur.

“NYT” nəşrinin yazdığına görə, 2024-cü ilin noyabrında Papanın nümayəndələri bu təşəbbüsü təsdiqləyiblər.

“Papamobildə həkim və tibb bacısı çalışacaq, o, gülləkeçirməz şüşə ilə təchiz olunacaq. Onun içərisində infeksiyaların aşkarlanması üçün sürətli testlər, tikiş dəstləri və şprislər də daxil olmaqla, əsas tibbi yardım göstərmək üçün alətlərin yerləşdirilməsi planlaşdırılır. Avtomobilin konversiyası təxminən üç həftə çəkəcək”, - “Caritas Jerusalem” qeyri-kommersiya təşkilatının baş katibi Anton Asfar bildirib.

Fələstinlilərə yardım edən 100-ə yaxın əməkdaşı olan “Caritas Jerusalem” təşkilatı avtomobili Qəzzaya çatdırmaq üçün yaxın gələcəkdə İsraildən icazə istəməyi planlaşdırır.

Fələstin anklavına humanitar yardımın çatdırılmasını əlaqələndirən İsrail Müdafiə Nazirliyinin COGAT (Ərazilərdəki Hökumət Fəaliyyətlərinin Koordinatoru) papamobilin Qəzzaya çatdırılmasına icazə verilib-verilməyəcəyi barədə qəzetin sorğusunu cavablandırmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Papamobil   Qəzza  





Xəbər lenti