TƏBİB-dən yenilik│FOTOLAR

TƏBİB-dən yenilik│FOTOLAR
  24 İyun 2026    Oxunub:213
TƏBİB tabeli tibb müəssisələrində bakteriya koloniyalarının sürətli laborator diaqnostikası tətbiq olundu
TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu məqsədlə Yeni Klinika və Respublika Pediatriya Mərkəzində bakteriyaların sürətli və yüksək dəqiqliklə identifikasiyasını təmin edən müasir “MALDI-TOF MS” (Matrix-Assisted Laser Desorption/Ionization Time-of-Flight Mass Spectrometry) texnologiyası istifadəyə verilib.

Klinik mikrobiologiya sahəsində son illərin ən mühüm texnoloji yeniliklərindən biri hesab olunan “MALDI-TOF MS” sistemi mikroorqanizmlərin zülal profilini analiz edərək onların növ tərkibini qısa müddətdə müəyyən etməyə imkan yaradır. “MALDI-TOF MS” texnologiyası əldə edilmiş mikroorqanizm koloniyalarının identifikasiyasını 1-3 dəqiqə ərzində həyata keçirməyə imkan verir.

Sürətli və dəqiq diaqnostika xüsusilə ağır, kritik vəziyyətdə olan xəstələrdə infeksiyanın törədicisinin vaxtında müəyyənləşdirilməsinə, həkimlərin daha düzgün və məqsədyönlü antibiotik seçimi etməsinə şərait yaradır. Eyni zamanda yüksək həssaslıq və spesifiklik göstəriciləri laborator nəticələrin etibarlılığını artıraraq səhv ehtimalını minimuma endirir.

“MALDI-TOF MS” texnologiyasının tətbiqi laboratoriyalarda iş proseslərinin optimallaşdırılmasına, iş yükünün azaldılmasına, xərclərin səmərəli idarə olunmasına və nəticələrin standartlaşdırılmasına da mühüm töhfə verir. Məhz bu üstünlüklərinə görə sözügedən texnologiya dünyanın aparıcı klinik laboratoriyalarında geniş tətbiq olunur və müasir mikrobioloji diaqnostikanın “qızıl” standartlarından biri hesab edilir.

Yeni Klinika və Respublika Pediatriya Mərkəzində “MALDI-TOF MS” texnologiyasının tətbiqi infeksion xəstəliklərin laborator diaqnostikasının sürətini və dəqiqliyini artırmaqla yanaşı, pasiyentlərə vaxtında və effektiv müalicənin göstərilməsinə, eləcə də səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edəcək.


Qalereya




Teqlər:



Xəbər lenti