Əli Həsənov gənclərə tövsiyyələr verdi

Əli Həsənov gənclərə tövsiyyələr verdi
  05 Sentyabr 2014    Oxunub:1782
“Gənclərimizin təbliğatının əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması dayansa da, xalqımızın mədəni-tarixi irsinin zəngiliyinin də əcnəbilər tərəfindən tanınmasına xüsusi diqqət yetirilməlidir”.
AzVision.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin XII Beynəlxalq Forumunda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov təəssüf hissi ilə qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi: "Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Gənclər elmdən, təhsildən, yaradıcılıqdan kənarlaşdırılır, bir sıra hallarda cəmiyyət üçün təhlükəli qüvvəyə çevrilirdi. Bu da Azərbaycanın gələcəyini sual altına alır və dövlətçiliyi məhvə doğru aparırdı.

Xalqımız bu təhlükələrin gələcək fəsadlarını vaxtında görərək müstəqil Azərbaycan dövlətinin xilası naminə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi”.

Ə.Həsənov fürsətdən istifadə edib, xaricdə təhsil alan və məzun olmuş gənclərimizə bir neçə tövsiyəsini çatdırıb. Onun sözlərinə görə, cənab Prezidentin Beyləqan Gənclər Mərkəzinin açılışındakı çıxışında qeyd etdiyi kimi, qabaqcıl ölkələrin inkişaf tarixçəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsilin səviyyəsi dayanır: "Bu gün ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə, yeni sənaye və xidmət müəssisələri yarandıqca, peşəkar gənc kadrlara ehtiyac çoxalır. Ona görə bizim gənclərimiz yaxşı oxumalı, bilik sahibi olmalı, mütəxəssis kimi yetişməlidirlər".

Ə.Həsənov, həmçinin hesab edir ki, bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşayır: "Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. Xaricdə təhsil alan və məzun olmuş gənclərimiz bu işdə səfərbər olmalı, Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər. Onlar oxuduqları ali məktəblərə, olduqları auditoriyalarda hər fürsətdə faktlara əsaslanan təbliğatla məşğul olmalıdırlar".

Bundan əlavə Ə.Həsənov tövsiyə edib ki, gənclərimizin təbliğatının əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması dayansa da, xalqımızın mədəni-tarixi irsinin zəngiliyinin də əcnəbilər tərəfindən tanınmasına xüsusi diqqət yetirilməlidir. Xarici auditoriya ölkəmizi yalnız münaqişə yaşayan ölkə kimi yadda saxlamamalı, onun mədəniyyətini, incəsənətini, görkəmli şəxsiyyətlərini və s. tanımalıdır.

Digər tərəfdən xaricdə təhsil alan Azərbaycan gənclərinin təhsil aldığı ölkələrdə ictimai rəyə təsir imkanlarının artırılması, olduqları ölkələrin siyasi xadimləri, liderləri, elm-fikir adamları ilə görüşlərinin təşkil edilməsi vacibdir. Bu, Azərbaycanın müsbət imicinin formalaşdırılmasına ciddi təsir edə bilər.



Teqlər:  





Xəbər lenti