Azərbaycan korrupsiya ilə mübarizədə 10 ilin ən yaxşı nəticəsini göstərdi

Azərbaycan korrupsiya ilə mübarizədə 10 ilin ən yaxşı nəticəsini göstərdi
  03 Dekabr 2014    Oxunub:1641
Bu il Korrupsiya Qavrama İndeksində (KQİ) Azərbaycan 29 balla 175 ölkə arasında 126-cı sırada yer alıb. Indeks 100 bal (çox yaxşı) - 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Ötən il Azərbaycan 28 balla, 177 ölkə arasında 127-ci sırada göstərilib.

2014-ci il üçün KQİ-nin hazırlanmasında ümumilikdə 12 fərqli hesabatın göstəriciləri nəzərə alınmışdır. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.

Bu il Azərbaycan 2000-ci ildə Korrupsiya Qavrama İndeksi (KQİ) hesabatına ilk dəfə daxil edildikdən bəri bu hesabatda ən yaxşı nəticəsini göstərib. Azərbaycanın indeksdə yüksəlişi əsasən ölkənin iqtisadi göstəriciləri sayəsində mümkün olub. Belə ki, Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış 2013-2014-cü illər üzrə Qlobal Rəqabətlilik Hesabatında (QRH) ölkə kifayət qədər yaxşı bal toplayıb.

Azərbaycan 2012-2013-cü illərlə müqayisədə mövqeyini yaxşılaşdıraraq 144 ölkə arasında 46-cı yerdən bu il (2013-2014-cü illəri əhatə edir) 148 ölkə arasında 39-cu yerə yüksəlib. Bu il Azərbaycanın daha yaxşı nəticələr göstərdiyi sahələr sırasına innovasiya potensialı, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət xidmətlərinin göstərilməsi sahəsində islahatlar və makroiqtisadi sabitlik daxildir. Bütün bu dəyişikliklər dolayısıyla ölkənin KQİ nəticəsinin artmasına gətirib çıxarıb. Digər tərəfdən, KQİ-nin istinad etdiyi başqa hesabatda - Freedom House tərəfindən hazırlanmış 2014-cü il üzrə Nations in Transit (Keçid dövrü Ölkələri) hesabatında Azərbaycanın mövqeyi geriləyib.

KQİ Transparency International təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir. Nəzərə almaq lazımdır ki, KQİ dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərə əsasən hazırlanır və bu İndeks heç bir halda ölkədə korrupsiyanın tam səviyyəsini müəyyən etmir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində son vaxtlar bir neçə vacib tədbirlər görülüb. Belə tədbirlər sırasına elektron hökumət sisteminin hüquqi bazasının və infrastrukturunun təkmilləşdirilməsi, xidmətlərin çevik və şəffaf göstərilməsi məqsədilə bir pəncərə sistemini tətbiq edən ASAN Xidmət mərkəzlərinin səlahiyyətlərinin miqyasının genişləndirilməsi daxildir. Dövlət qulluqçuları və hüquq-mühafizə orqanları əməkdaşlarına korrupsiyaya qarşı mübarizə sahəsində keçirilən məlumatlandırma və təlim proqramlarının sayı artmaqdadır. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları qəbul olunmuşdur və Təhsil Nazirliyi tərəfindən müəllimlərin pilot qiymətləndirmə sisteminin tətbiqinə başlanılıb. Nəhayət, əmək müqavilələrinin elektron qaydada qeydiyyatı həyata keçirilməkdədir.

Korrupsiya hələ də cəmiyyət üçün ciddi problemlərdən biri hesab edilir. Hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilmiş qanunların icrasını yaxşılaşdırmaq istiqamətində əməli addımlar atmalı, qanunların işlək vəziyyətdə olmasını təmin etməlidir. Korrupsiya faktı ilə bağlı məlumat vermək istəyən şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atılmalıdır. Bütün bunlarla yanaşı, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın və hesabatlılığın təmin edilməsinin; ASAN xidmət mərkəzlərinin səlahiyyətlərinin genişləndirilərək lisenziyaların və icazələrin verilməsini, o cümlədən gömrük icazələri prosedurlarını də əhatə etməsinin; həmçinin, vətəndaş cəmiyyəti mühitin yaxşılaşdırılması; və hüquqi islahatların həyata keçirilməsi üçün davam etdirilməsi vacibdir. Sadalananlara əlavə olaraq, elektron sosial xidmətlərin təkmilləşdirilərək biznes sektoru üçün nəzərdə tutulan elektron xidmətlərlə eyni səviyyəyə qaldırılmasına xüsusi diqqət ayrılmalıdır.

Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı mübarizədə ortaya qoyulan siyasi iradə, gələcəklə bağlı optimist düşünməyə imkan verir. Bu olduqca zəruri şərtdir. Korrupsiyaya qarşı mübarizənin digər mühüm elemetlərindən biri bütün tərəflərin bu mübarizəni qarşılıqlı şəkildə birgə aparmasıdır. İnanırıq ki, hökumət, vətəndaş cəmiyyəti, işgüzar dairələr və vətəndaşlar tərəfindən ortaya qoyulan birgə səylər bu mübarizədə gələcəkdə uğurlu nəticələr əldə etməyə kömək edəcək.

Mahiyyət etibarilə, KQİ ictimai rəydə ölkədəki korrupsiyanın səviyyəsi ilə bağlı dəyişiklikləri əks etdirir. Təəccüblü deyil ki, institusional səviyyədə əldə edilən irəliləyişlər zamanın sınağından keçməlidir ki, ictimai rəydə öz əksini tapa bilsin. Lakin bu o demək deyil ki, ictimai rəy özü-özlüyündə vacib göstərici deyildir. Hökumət ciddi səy göstərməlidir ki, vətəndaşlar korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin təsirini gündəlik həyatlarında hiss etsinlər və bu barədə məlumatlı olsunlar.


Teqlər:  





Xəbər lenti