`Bizə rəqib QHT yoxdur` - Səbuhi Abbasov

`Bizə rəqib QHT yoxdur` - Səbuhi Abbasov
  12 Dekabr 2014    Oxunub:3086
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası 2006-cı il fevralın 2-də Gənclər günündə təsis edilib, elə həmin il iyunun 30-da Ədliyyə nazirliyində dövlət qeydiyyatından keçib. Çox spesifik sahəni əhatə edir.

- Əslində, o zamanlar bu təşkilatın fəaliyyət sahəsi o qədər də perspektivli hesab edilmirdi. Hər kəs Amerika, Qərbi Avropa ölkələri ilə bağlı QHT-lərin yaradılmasında maraqlı idi. Şərqi Avropada yerləşən Slavyan ölkələri isə bir qədər maraq dairəsindən kənarda idi. Lakin sonrakı hadisələr onu göstərdi ki, əslində, biz, ilk növbədə, bizə yaxın qonşu dövlətlərlə əlaqələrimizi, xüsusən də, gənclər mübadiləsini intensivləşdirməliyik.- deyə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Aktual.az-a müsahibəsində bildirib.

- Təşkilatınız yarandığı gündən bu yana neçə layihə ilə çıxış edib və cəmiyyət buna necə reaksiya verdi?

- 2006-cı ildən bəri irili-xırdalı 100-ə yaxın layihəmiz olub. Sevindirici haldır ki, bu layihələrin 3-ü beynəlxalq layihə oldu. Bu, çox önəmlidir. Çünki demokratiyanın əsas ünsürlərindən olan QHT-lərin fəaliyyəti ölkə daxili ilə məhdudlaşmamalıdır. Bütün mümkün imkanlardan istifadə edib beynəlxalq arenaya çıxmaq vacibdir. Belə olan halda, biz öz strateji maraqlarımızı dünya səviyyəsində müdafiə etmək gücünə malik oluruq. Hər bir layihəmiz özünəməxsus reaksiya doğurub. Elə bilirəm ki, bu, layihələrin rəngarəngliyi ilə bağlıdır. Layihələrimiz arasında həm sosial, həm mədəni, həm də maarifləndirici layihələr olub.

- Hansı layihələriniz var?

- Bizim təşkilatın əsas üstün cəhətlərindən biri də Rusiya, Ukrayna və Polşada nümayəndəliklərinin açılması oldu. Bu, daha sistemli, təsirli fəaliyyət baxımından çox önəmlidir. Ötən ay Rusiyada Ulu Öndər Heydər Əliyevin irsinin araşdırılması ilə bağlı mühüm layihə reallaşdırdıq. Çox böyük rezonansa səbəb oldu. Çünki layihə Rusiyada yaşayan azərbaycanlı gənclərlə yanaşı, rusiyalı gənclər arasında yazı müsabiqəsinin keçirilməsini nəzərdə tuturdu. Lakin Rusiya ilə bağlı bir məqamı, xüsusilə, vurğulamalıyam.

10 il öncə Rusiyada yaşayan gənclər arasında çox böyük uçurum var idi, koordinasiya isə, demək olar ki, yox idi. Lakin Leyla Əliyevanın rəhbərliyi ilə Rusiyada Azərbaycanlı Gənclər Birliyinin yaradılması burada yaşayan gənclərimizin təşkilatlanması məramını öz üzərinə götürdü. Nəticə isə göz qabağındadır. İndi tam qətiyyətlə deyə bilərəm ki, Rusiyada ən güclü diaspora Azərbaycan diasporasıdır. Hal-hazırda isə digər bir layihəmiz Gənclər Fondu tərəfindən müsbət qarşılandı. Gənc jurnalistlər üçün İnternet Media Təhlükəsizliyi Forumu layihəsi, olduqca, vacib məqamları əhatə edir.

Son hərbi proseslər və bu proseslərin mətbuatda işıqlandırılması, dezinformasiyaların baş alıb getməsi və bütövlükdə, bunun cəmiyyətdə yaratdığı ajiotaj. Bütün bunlar Forumun əsas müzakirə obyekti olacaq. Bu mənada, mən Gənclər Fonduna, bizim təşəbbüsü dəstəklədiyi üçün, öz təşəkkürümü bildirirəm. Bütövlükdə, belə hesab edirəm ki, cənab Prezidentin bir sıra təşəbbüsləri cəmiyyətdə brend olaraq formalaşır. ASAN xidmət bunun ən bariz nümunəsidir. Düşünürəm ki, Gənclər siyasətinin reallaşdırılması istiqamətində Gənclər Fondunun yaradılması, bir model olaraq, dünya üçün nümunə rolunu oynamaqdadır.

- QHT-nizin BSU-ya aidiyyatı varmı?

- Bu suala belə cavab verərdim: texniki olaraq, xeyr, mənəvi olaraq, hardasa var. Çünki təşkilat olaraq, formalaşanda mən BSU-da çalışırdım. Lakin indi orada çalışmasam da, BSU-nun tələbə kontingetindən istifadə qaçılmazdır. Ümumiyyətlə, BSU-nun tələbələri çox fəal, çox istedadlıdırlar. Bu baxımdan, onların mümkün potensialından istifadə bir çox layihələrin reallaşmasında mühüm rol oynayır.

- İncəsənətlə bağlı layihələriniz varmı?

- Bəli, bu sahədə çox maraqlı, lakin böyük məbləğdə xərc tələb edən layihəmiz var. Bu, Azərbaycan və Slavyan ölkələrinin gənc rəssamlarının Bakıda sərgisini təşkil etməkdən ibarətdir. Düşünürəm ki, bu, mədəni əlaqələrin inkişafı, ölkəmizin dünyada təbliği istiqamətində çox mühüm əhəmiyyətə malikdir.

- Niyə ancaq sərgi? Kitab, musiqi və.s bunlar ola bilməzmi?

- Əlbəttə, ola bilər və nəzərdə tutulub da. Lakin bütün bunlar maddiyyat tələb edən məsələlərdir. İncəsənət adamları ilə bağlı layihə bütün xərclərin təşkilat tərəfindən ödənilməsini tələb edir. Bu baxımdan, elə bilirəm ki, ardıcıllıqla mədəni və sosial sahələrin bütün istiqamətləri üzrə layihələr reallaşdırmaq zəruridir.

- QHT-lər arasında sizə rəqib varmı?

- Hər zaman cəmiyyətdə sağlam rəqabətin tərəfdarı olmuşam. Bu, birbaşa inkişafı stimullaşdırır. Lakin bizdə bu sahədə vəziyyət bir az başqadır. Yəni hər bir QHT-nin özünün potensial fəaliyyət istiqamətləri var. Bu, ilk növbədə, təşkilatın strateji fəaliyyət kursu ilə bağlıdır. Bizim sahədə, yəni Slavyan ölkələri ilə ixtisaslaşmış şəkildə işləyən QHT isə yoxdur. Bundan başqa, mətbuatla sağlam əlaqə, 3 xarici ölkədə nümayəndəliyin açılışı və fəaliyyəti, ən son innovasiyalardan istifadə, dinamik fəaliyyət göstərən www.AzSlav.org saytı və digər üstünlüklərimiz rəqabətdə daim irəlidə olmağımızı şərtləndirən amillərdəndirlər.

- Kimsəsiz uşaqlarla bağlı layihələr düşünürsünüzmü? Məsələn, sərgilərini təşkil etmək, yaxud şeirlərini kitab halına salmaq və s.

- Kimsəsiz uşaqlar üçün xeyriyyə layihələrimiz çox olub. Təxminən, 15 layihə. Lakin biz bu istiqamətdə fəaliyyəti bir az da irəli aparmaq niyyətindəyik. Ötən ay Rusiyada Avropa Şurasının bir tədbirinə qatıldım. Yekun olaraq, Avropa Şurasının Gənclər departamenti ilə memorandum imzaladıq. Bu memorandumda xüsusi bir müddəa da var ki, kimsəsiz uşaqların cəmiyyətə inteqrasiya olunmasına yardımçı olmaq. Bu mənada, 2015-ci ildə kimsəsiz uşaqlara psixoloji dəstək göstərilməsini, onlar arasında istedadların müəyyən edilməsi üçün müxtəlif rəsm, musiqi yarışlarının keçirilməsini nəzərdə tutmuşuq.

- Bu təşkilati işlərdə sizə yardımçı olan kimlərdir? Məsələn, ailəniz sizə dəstək olurmu?

- Açığı, ən böyük dəstək olan dövlətimdi, cənab Prezidentdir. Bilirsiniz, bu mövqe bir az qəribə görünə bilər, amma çalışacağam fikirlərimi, hardasa, təhlil formasında diqqətinizə çatdırım. Mən QHT rəhbəriyəm, eyni zamanda, internet-media üzrə ekspertəm. Adından da göründüyü kimi, mən vətəndaş cəmiyyətinin üzvü olaraq, ictimai sahədə aktiv fəaliyyət götərirəm. Cənab Prezidentin şəxsi təşəbbüsü ilə vətəndaş cəmiyyətinin hərtərəfli inkişafı, daxil olan təkliflərin vaxtında və düzgün qiymətləndirilməsi üçün 6 istiqamətdə müxtəlif fondlar yaradılıb. Bu, dünya praktikasında bir ilkdir. Təbii ki, bu sahədə də, müəyyən problemlər var. Bu da təbiidir.

- Bəs ailəniniz dəstək olurmu sizə?

- Əlbəttə, birmənalı şəkildə. Ümumiyyətlə, hansı sahə olursa-olsun, ailədən dəstək gəlməzsə, uğur qazanmaq çətindir.



Teqlər:





Xəbər lenti