`Atan bilsə, başını kəsər...` - Milli tərbiyənin yanlışları
Haqqında uzun-uzadı danışılası problemlərdən biri də valideyn və övlad münasibətləridir. Niyə başlıca problem? Çünki cəmiyyətdəki bütün problemlərin kökü, başlanğıc nöqtəsi ailə münasibətlərinə söykənir. Cəmiyyətin hər bir nümayəndəsi özü ayrıca bir fərd olduğu kimi, həm də bir ailənin təmsilçisidir. Ona görə deyirlər ki, uşaq ailənin güzgüsüdür.
Ailəsinin insanın psixologiyasına təsiri cəmiyyətin təsir gücündən daha böyükdür. Çünki təməl ailədən başlayır. İnsan hələ cəmiyyətlə tanış olmadığı vaxtlarda ailəsinin əhatəsində olur. Söhbət, təbii ki, uşaqlıq dövründən gedir. Cəmiyyət təfəkkürünü qavramadığı müddətdə uşağın şüurunun formalaşmasında əsas qüvvə ailəsidir. Buna görə də həyatımızda ailələrimizin rolu daha böyükdür. İstər şüurumuzun formalaşmasında, istər cəmiyyətə münasibətdə, istərsə də həyatdakı seçimlərimizdə (iş, ailə, təhsil və s.) aparıcı qüvvə olan ailə övladına nələri aşılamalıdır, onu hansı şüurda böyütməlidir? Şekspiri improvizasiya eləsək, “başlıca məsələ budur!”
Bir dəfə ailə-uşaq münasibətləri haqda yazmışdım ki, ailələr uşaqları `öhdəliklərlə` böyüdür. Yəni, “sənə mən həyat vermişəm”, mən böyütmüşəm, sahib olduğun hər şeyi mənim sayəmdə qazanmısan və sənin də borcundur ki, mənim seçimlərim üzərində həyatını qurasan”. Bu da özlüyündə sual doğurur: Uşaq niyə və nəyə görə valdeyn qarşısında borcludur? Məgər siz o uşağı onun arzu və istəyi ilə dünyaya gətirirsiniz ki, öz istəklərinizi ona bu və digər şəkildə “yeridirsiniz?” O olmasaydı, onsuz da gedib həkimlərə pul töküb, pirləri, ocaqları dizin-dizin gəzib, daş-dəmirdən uşaq istəyəcəkdiniz. İndi Allah o övladı sizə heç nəyin qarşılığında verib, niyə öz istəklərinizlə onun həyatını zorlayıb, cəhənnəmə döndərirsiniz?
Valdeyn olmazdan öncə onun mahiyyətinə varmaq, vəzifələrini bilmək lazımdır. İlk növbədə özündə valdeynlik şüuru formalaşdırılmalıd;r. Allah sənə övladı ona görə vermir ki, pul kimi dövriyyəyə buraxıb, sonra ikiqat gəlir əldə edəsən. Sən övladı elə böyüt, özü dərk etsin ki mənə həyat verən, illərdir əziyyətimi çəkən bu insanları atmamalı, onlara baxmalıyam. Yəni övlad sizə ancaq ahıl yaşınızda sahiblənib baxa bilər. Daha sizin seçimlərinizlə həyatını qurmalı deyil.
Bizim cəmiyyətdə əksər ailələr bu düşüncədədir: “Sən uşaqsan, bilməzsən”, “Sən uşaqsan, otur oturduğun yerdə”, “Böyüklərin işinə qarışma”, “O olmaz, bu olmaz”… Bir sözlə, uşağı zəncirləyib buraxırlar cəmiyyətə. Halbuki insan psixologiyasında bu var ki, insana nəyi daha çox qadağan edərsən, ona tərəf daha çox can atacaq. Uşaqlarınızı zəncirləmək əvəzinə ta uşaqlıqdan müstəqil bir fərd kimi böyüdün. Valideyn övlada yolgöstərən olar, ona pis və yaxşını tanıda bilər.
Bir kitabda giriş hissəsində qısa xülasə ilə kitab haqda ümumi məlumat verildiyi kimi, valideyn də usagı cəmiyyətin pis və yaxşı yönlərilə tanış edə bilər. Daha uşağı zəncirləyib, dartındığı tərəfə buraxmamaqla deyil. Zəncir dartıldıqca, əks tərəfə dirəniş daha çox olur. Sonda “qadağaya” sahiblənmək istəyi elə bir güc verir ki, bütün zəncirlər qırılıb, ayaq altına düşür.
Uşaqlarınıza fikir azadlığı verin.
Dinləməyi bacarın.
Müxtəlif mövzuda müzakirələr aparın.
Gələcəyin şəxsiyyətinin də fikirlərini öyrənməyə çalışın.
Və təbii ki, övladınızın seçim azadlığını tanıyın.
Misal üçün, adi bir mağazada oyuncaq alarkən onun seçimin nəzərə alın. Və buraxın, sadəcə izləyin görün o nələri sevir, nələrə maraq göstərir. Ən başlıcası, uşaqlarınızla dost olun. Özünüzü diktator kimi göstərib, onu qorxu içində böyütməyin.
Az da olsa, təcrübəmdən deyim ki, bizim ailələrin metodikasında bu var: `Atan bilsə, başını kəsər`, `səni öldürərəm` və s. sözlərlə uşağa özlərini cani kimi tanıdırlar. Uşaq da qorxusundan ən kiçik elementar səhvi belə valdeynindən gizlədir, bu da zamanla böyük səhvlərə yol açır.
Əsas məsələlərdən biri də uşaqları kitablarla tanış etməkdir. Uşağa telefon, planşet almağa can atmaqdansa, ona hansısa bir yazıçının kitabını hədiyyə almaq daha məqsədəuyğun olardı. Bu ay bunu oxuyaq, gələn ay başqa bir əsər. Belə-belə uşaqda kitablara qarşı sevgi, maraq yaratmış olacaqsınız. Çalışın, özünüz də onunla birlikdə kitab oxuyun. Zamanla kitab və içindəki mövzuların həcmini artırın. Müxtəlif məzmunlu kitabları oxuduqdan sonra onda hansı sahəyə daha çox maraq oyandığını müşahidə edəcəksiniz. Və bu yöndə ona edəcəyiniz ən böyük yaxşılıq yalnız dəstəyiniz ola bilər.
Gözəl səslənir, deyilmi? Amma əfsuslar olsun ki əməl etmirik. Bəli, bütün bu sadaladıqlarımı etdikdə biz həm cəmiyyət üçün faydalı bir şəxsiyyət yetişdirmiş oluruq, həm də gələcək sağlam bir ailənin təməlini qoymuş olarıq. Çünki insan ailəsindən öyrəndiklərini ailə sahibi olunca özü tətbiq edir.
Cəmiyyət üçün yararlı fərdlərin yetişməsi vətəndaş cəmiyyətinin formalaşması və inkişafı üçün başlıca və ən mühüm hadisədir. Bu, həm də cəmiyyətin dövlət siyasətinə təsir gücü deməkdir... Dövlət o vaxt güclü olur ki, fərd özünü Vətəndaş kimi hiss etsin. Vətəndaş kimi yetişmək Vətəndaş Cəmiyyətini, sağlam Vətəndaş Cəmiyyəti də dövləti güclü edir.
Teqlər: